Məhkəmə qərarları › İş №2(032)-917/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-917/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-917/2025 26.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünə məxsus olan yataq dəstinin (paltar dolabı, taxt, güzgülü trümo, 2 ədəd tumba, kamot) alınması, onların olmadığı təqdirdə 1600 manat dəyərinin və ödənilmiş 36 manat dövlət rüsumunun alınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh usta kimi tanımışdır. Aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə özünə məxsus 1600 manat dəyərləndirməklə, 1 dəst olan yataq dəstini (paltar dolabı, taxt, güzgülü trümo, 2 ədəd tumba, kamot) cavabdehə nisyə alğı-satqı müqaviləsinə əsasən satmışdır. Əmlakının dəyəri artıq olmasına baxmayaraq cavabdehin onunla razılaşmasını və ona inamından irəli gələrək yataq dəstini 1600 manata razılaşmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən götürdüyü əmlakın dəyərini hissəli şəkildə ödəməyi öhdəsinə götürərək yataq dəstini aparmış, lakin sonradan ödəniş etməmişdir. Dəfələrlə cavabdehlə apardığı yataq dəstinin dəyərini ödəməsini tələb etsə də, cavabdeh hazırda işləmədiyini, daha sonra ailə münasibətlərinin pozulmasını və aldığı əmlakı arvadı tərəfindən aparmasını bəhanə gətirərək əmlakın dəyərini ödəməkdən yayınmışdır. Öz növbəsində əmlakın dəyərini ödəməsində çətinlikləri olduğundan yataq dəstinin qaytarılmasını tələb etmişdir. Cavabdehə dəfələrlə ödəniş etməsinə vaxt verməyinə baxmayaraq, bu günədək ödəniş etməkdən yayınmışdır. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək iddianı etiraf etdiyini, lakin ailə münasibətləri ilə əlaqədar olaraq ödənişləri edə bilmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında 01 saylı, xx.xx.2024-cü il tarixli Nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, müqavilədə qeyd olunan əşya iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdehin borcunun müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini cavabdeh imzalamışdır. Həmin ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 100 manat ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə Mülki Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqaviləyə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin malın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissəhissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. Hazırda cavabdeh alqı-satqı müqaviləsi üzrə alınmış avadanlıq üçün müəyyən olunmuş ödəniş cədvəlinə uyğun ödəməli olduğu borc və müqaviləyə əsasən ona hesablanmış cərimə borcunu iddiaçıya ödəməkdən yayınmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan əmlak tələbi barədə tələbi əsaslıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh özünə məxsus olan yataq dəsti (paltar dolabı, taxt, güzgülü trümo, 2 ədəd tumba, kamot) əşyaların özlərinin, olmadığı təqdirdə isə 1600 manat dəyəri alınaraq İddiaçı verilməlidir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün ödədiyi 36 (otuz altı) manat məbləğində dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 36 (otuz altı) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçıya məxsus olan yataq dəsti (paltar dolabı, taxt, güzgülü trümo, 2 ədəd tumba, kamot) əşyaların özlərinin, olmadığı təqdirdə isə 1600 manat dəyəri və ödənilmiş 36 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar