Məhkəmə qərarları › İş №2(032)-949/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-949/2023

06.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-949/2023 06.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər X3, Cavabdeh2 qızının və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər X6, Cavabdeh2 qızına, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kompensasiyanın verilməsi ilə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X6, Cavabdeh2 qızına, X4, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən cavabdehlər X6 və himayəsində olan, həyat yoldaşı Cavabdeh2 qızı, 2012-ci il təvəllüdlü qızı Cavabdeh3, 2014-ci il təvəllüdlü qızı Cavabdeh4 və 2015-ci il təvəllüdlü Cavabdeh5, cəmi 5000 manat kompensasiya məbləğinin ödənilməsi ilə ünvan 1 ünvanından cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 50 m2 fərdi yaşayış evində adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş tam mülkiyyətçi qismində qeydə alınmış qeydiyyat vəsiqəsi əsasında mülkiyyətçidir. Həmin ünvanda, onunla birlikdə, cavabdehlər qeydiyyatda olaraq yaşayırlar və son zaman onunla dözülməz kəskin münasibətlərə səbəb olmuşlar. İddiaçı mülkiyyətində olduğu evdən və yaşayış qeydiyyatından çıxmaq üçün qanunla nəzərdə tutulmuş 5000 manat kompensasiya məbləğini cavabdehlərə verilməsini təklif etmişdir, lakin həmin təklifə cavabdehlər tərəfindən cavab verilməmişdir. İddiaçının təklif etdiyi kompensasiya məbləği cavabdehlər X6 və himayəsində olan həyat yoldaşı Cavabdeh2 qızı, 2012-ci il təvəllüdlü qızı Cavabdeh3, 2014-ci il təvəllüdlü qızı Cavabdeh4 və 2015-ci il təvəllüdlü oğlu Cavabdeh5 Şirvan şəhəri Ərəblinski küçəsi ərazisində iddiaçının mülkiyyətində olan 2 otaqlı, yaşayış sahəsi 50 m2 mənzilə uyğun şəraitli evlərdə ən azı 2-3 il yaşamaq imkanı verəcəyindən (həmin ərazidə sahəsi 50 m2 qədər 2 otağlı mənzillərdə, riyeltor arayışına görə aylıq kirayə haqqlarının 130-150 manat civarında olması müəyyən edilmişdir) bu hal 3 il müddətində 5000 manatadək kompensasiya məbləği ilə cavabdehlərin mənzilə istifadə hüquqlarının əvəzləşdirilməsini mümkün edir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X3, həmçinin onun həyat yoldaşı Cavabdeh2 qızının, cavabdehin uşaqları 2012-ci il təvəllüdlü qızı Cavabdeh3, 2014-ci il təvəllüdlü qızı Cavabdeh4 və 2015-ci il təvəllüdlü oğlu Cavabdeh5 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış sahəsindən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbində göstərilən 5000 manat kompensasiya məbləğinin ünvan 1 ünvanında qeydiyyatda olan yalnız cavabdeh X6 verilməsi və onun istifadə hüququna xitam verilməsi, cavabdeh X8 və digər cavabdehlər Cavabdeh2 qızı, 2012-ci il təvəllüdlü qızı Cavabdeh3, 2014-cü il təvəllüdlü qızı Cavabdeh4 və 2015-ci il təvəllüdlü oğlu Cavabdeh5 ünvan 2 ünvanında məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdeh X8 və Cavabdeh2 qızı hər biri ayrı-ayrılıqda iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdeh X3 vəkili Vəkil2 iddianı qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Şirvan şəhər sakini İddiaçı daşınmaz əmlakın Rieltor mərkəzinə yazılı verdiyi sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şirvan şəhərində 2 otaqlı mənzillərin kirayə aylıq qiyməti yüz otuz, yüz əlli manat civarında tənzimlənir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli İddiaçı verilmiş arayışdan görünür ki, Məhərrəmov Röyal, Məhərrəmova Şəhla, Cavabdeh3, Cavabdeh5, X8, Cavabdeh4 və X1 şəhər H.Ərəblinski küçəsin ev 21 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyistrindən verilmiş çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Ərəblinski küçəsi ev 21 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil1 tərəfindən İddiaçı tapşırığına əsasən X8 və onun ailə üzvlərinə ünvanlanmış olan xx.xx.2023-cü il tarixli 561 nömrəli məktubda X8 və ailə üzvləri Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 5000 manat kompensasiya məbləğinin ödənilməsi ilə həmin ünvanın qeydiyyatından başqa yerə yaşamaqları üçün çıxmaları təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, cavabdehə təklif olunan kompensasiyanın məbləği müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Məhkəmə hesab edir ki, cavabdehə yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən 5000 manat kompensasiya, iddiaçıya və onun ailə üzvlərinə (həyat yoldaşı və üç uşağı) davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ deyildir. İddiaçı məhkəməyə sübut qismində həmin ərazidə kirayə haqqının 130-150 manat təşkil etdiyinə dair sübut təqdim etsə də, məhkəmə həmin sübutu mötəbər hesab etmir. Belə ki, iddiaçının məhkəməyə təqdim etmiş olduğu arayışda Şirvan şəhərində 2 otaqlı mənzillərin orta aylıq kirayə haqqının 130-150 manat təşkil etiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsini ehtiva edir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən daşınmaz əmlakın ümumi sahəsi 94,60 m2 olduğu qeyd edilmişdir. İddiaçının təqdim etmiş olduğu arayışda isə Şirvan şəhərində 2 otaqlı mənzilin orta aylıq kirayə haqqı müəyyən edilmişdir. Qanunverici isə mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanın verilməsini şərtləndirilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır. Məsələn evin kimin mülkiyyətində olması və evə mülkiyyət hüququnun tək bir nəfərə və ya paylı mülkiyyətçilərə mənsub olması; evdən istifadə etmək hüququ olan şəxslərin sayı, onların mülkiyyətçi və kompensasiya ödənilən şəxslə münasibətləri; kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması (məsələn, azyaşlı uşaqları ilə); istifadə hüququnun yaranma müddəti, kompensasiya ödənilən şəxsin həmin hüquqdan hansı müddət ərzində istifadə etməsi; yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği nəzərə alınmalıdır. Göründüyü kimi kompensasiya məbləği müəyyən edilərəkən kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması (məsələn, azyaşlı uşaqları ilə) nəzərə alınacaq meyarlardandır. İşin faktiki hallarından da göründüyü kimi cavabdeh X8 2003-cü ildən mübahisəli mənzildə qeydiyyatdadır və yaşayır. Həmçinin ailəlidir və onun himayəsində üç azyalı uşaqları vardır. Qeyd edilən kompensasiya məbləği ilə cavabdehə, yəni X6 (arvadı və himayəsində olan üç azyaşlı uşağı birgə) əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməməkdədir. Beləliklə məhkəmə təklif olunan kompensasiyya məbləğini işin faktiki halları ilə müqayisə edərək, yəni cavabdehin 20 ildən artıq müddətddə mübahisəli evdə yaşamasını, bundan başqa X8 ailəli və üç uşağının olması faktını, habelə mübahisəli fərdi yaşayış evindən köçürüləcəyi təqdirdə X3 digər Cavabdeh2 qızının azyaşlı uşaqları ilə birlikdə təklif olan məbləğ müqabilində əvvəlki mənzildə ona xas olmuş şəraitə uyğun yaşamalarının mümkünsüz olacağını nəzərə alaraq hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası olmadığından rədd edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı cavabdeh X6 qarşı 5000 manat kompensasiya məbləği ünvan 2 ünvanında qeydiyyatda olan yalnız cavabdeh X6 verilməsi və onun istifadə hüququna xitam verilməsi, cavabdeh X8 və digər cavabdehlər Cavabdeh2 qızı, 2012-ci il təvəllüdlü qızı Cavabdeh3, 2014-cü il təvəllüdlü qızı Cavabdeh4 və 2015-ci il təvəllüdlü oğlu Cavabdeh5 ünvan 2 ünvanında məcburi çıxarılması tələbi barədə iddiası təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar