Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-1004/2021 27.10.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi Ərizəçi maraqlı şəxs Yevlax Rayon 1 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 sentyabr 1996-cı il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 1-də yerləşən əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün qanunla müəyyən edilmiş müddətin gecikdirmə səbəbinin üzürlü hesab edilməsi və həmin müddətin bərpa edilərək, uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək 1996-cı ildə vəfat etmiş X3 miras qalmış Yevlax şəhəri, C.Cabbarlı küçəsi ev 3, mənzil 8-də yerləşən əmlaka dair mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İdddiaçı Ərizəçi iddia tələbinin dəyişdirilməsinə dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Mülki iş üzrə tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin Ərizəçi teleqram göndərərk xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək prosesin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi iddia tələbini müdafiə edərək göstərmişdir ki, bacısı X8 09 sentyabr 1996-cı il tarixdə vəfat etmişdir. Bacısının vəfatından sonra adına ünvan 1 miras qalmışdır. O mirası faktiki qəbul etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Yevlax rayon 1 saylı Notariat Ofisi müraciət etmişdir. Qanunla müəyyən edilmiş müddəti ötürdüyü üçün maraqlı şəxs qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Maraqlı şəxs ona mirasın qəbulu edilməsi müddətinin uzadılması üçün məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. O, bacısından miras qalmış mənzildə qeydiyyatda olmasa da, həmin mənzili faktiki olaraq qəbul edib, idarə edir. O, məcburi köçkündür. Bacısının ondan başqa qanun üzrə vərəsəsi yoxdur. Hesab edir ki, onun tərəfindən bacısından miras qalmış miras əmlakın qəbul edilməsi faktı müəyyən edilməldir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28,80 kv.m olan, daşınmaz əmlakın reyestr nömrəsi **********47-05101-093013 olan mənzilə mülkiyyət hüququ (tam pay) 16.02.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. İşdə olan Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən 03.11.2016-cı il tarixdə verilmiş 1868/1 nömrəli arayışdan görünür ki, X8 09 sentyabr 1996-cı ildə ölmüşdür və bu barədə 31 dekabr 1996-cı il tarixli 288 nömrəli akt qeydi tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yevlax Rayon 1 saylı Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış 06 may 2021-ci il tarixli 372 nömrəli məktubdan görünür ki, mərhum anası X3 miras qalmış əmlaka dair təqdim edilən sənədlər araşdırılarkən məlum olmuşdur ki, miras əmlakın qəbuluna dair qanunla müəyyən edilmiş müddəti ötürüldüyü üçün ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilmir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən 06.05.2021-ci il tarixdə verilmiş 906 nömrəli arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 30.12.1927-ci il tarixdə Azərbaycan Republikası Ağdam rayon Şıxbabalı kəndində anadan olmuş və Yevlax şəhər C.Cabbarlı küçəsi, ev.8də qeydiyyatda olmuş mərhum X8 və ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 06.05.2021-ci ilədək aparılmış və ailə tərkibi barədə heç bir məlumat aşkar edilməmişdir. “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə Azərbaycan Respublikasının qeydiyyat orqanları tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarına dair məlumatlar daxildir İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən 06.05.2021-ci il tarixdə verilmiş 906 nömrəli arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 30.12.1927-ci il tarixdə Ağdam rayon Şıxbabalı kəndində anadan olmuş X4 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə 30.12.1945-ci ildən 09.09.1996-cı ilədək “Vətəndaşlıq vəziyyəti aktlar avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Ağdam Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli 2(013)-1128/2020 nömrəli qətnaməsindən görünür ki, 09.09.1996-cı ildə Yevlax rayonunda vəfat etmiş X4 Ərizəçi bacısı olması faktı müəyyən edilmişdir. İşdə olan AA seriyalı 037113 nömrəli 12.03.2001-ci il tarixdə verilmiş məcburi köçkün vəsiqəsindən görünür ki, 1944-cü ildə Ağdam rayonunda anadan olmuş Ərizəçi məcburi köçkündür. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Şəki-Zaqatala-Balakən rayonları Mənzil-Kommunal İstismar Sahəsinin 02 iyun 2021-ci il tarixli 142 nömrəli arayışından görünür ki, Ağdam rayonundan olan məcburi köçkün Tağıyeva X11 rayonu Aşağı Tala kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə bina 1, mənzil 6 ünvanında yaşayır. Sorğu edilməklə əldə edilmiş Yevlax Rayon 1 saylı Notariat ofisində X4 adına açılmış vərəsəlik işində olan Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismr Sahəsi tərəfindən verilmiş 06.05.2021-ci il tarixli 310 nömrəli arayışdan görünür ki, X8 09.09.1996-cı il tarixdə ölmüşdür və öldüyü günə qədər C.Cabbarlı 3/8 mənzildə qeydiyyatda olub və yaşamışdır. Ölümündən sonra onun Ərizəçi adında ailə üzvü qalmışdır. Sorğu edilməklə əldə edilmiş Yevlax Rayon 1 saylı Notariat ofisində X4 adına açılmış vərəsəlik işində olan 12 may 2020-ci il tarixdə Ağdam rayon Şıxbabalı Ərazi Nümayəndəliyi tərəfindən verilmiş AZ-T seriyalı 130532 nömrəli Doğum haqqında Şəhadətnamədən görünür ki, X9 13.02.1994-cü ildə Ağdam rayonu Şıxbabalı kəndində anadan olmuşdur. İşdə olan Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən 03.11.2016-cı il tarixli 1868 nömrəli arayışdan görünür ki, X6 03 aprel 1997-ci ildə ölmüşdür və bu barədə 04 aprel 1997-ci il tarixli 101 nömrəli ölüm haqqında akt qeydi tərtib edilmişdir. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 07.06.2012-ci il tarixli AZ-İ seriyalı 532127 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X10 10.01.2007-ci ildə ölmüşdür. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Yevlax şəhəri C.Cabbarlı küçəsində 3 nömrəli evdə yerləşən 8 nömrəli mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində X4 adına qeydiyyata alınmışdır. X8 09 sentyabr 1996-cı il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra bacısı iş üzrə Ərizəçi, 03 aprel 1997-ci il tarixdə ölmüş bacısı X6, 10.01.2007-ci il tarixdə vəfat etmiş qardaşı X10 adlı vərəsələri qalmışdır. Ərizəçinin bacısı olan X4 vəfatından sonra tam mülkiyyət hüququ əsasında ona məxsus olmuş mənzildən onun vərəsəsi olan Ərizəçi istifadə edir. Mülki iş üzrə ərizəçi miras qalmış əmlakı faktiki olaraq miras kimi qəbul edib bu günədək idarə edir. Eyni zamanda mirasın qəbul edilməsi barədə notariat ofisinə də müraciət etmişdir. Ərizəçi bacısının vəfatından sonra həmin mənzili idarə etməklə, mirası qəbul etmişdir. Ərizəçi miras qalmış mənzilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Yevlax rayon 1 saylı Notariat Ofisinə müraciət etmiş, Yevlax rayon 1 saylı Notariat Ofisi tərəfindən isə miras əmlakın qəbuluna dair qanunla müəyyən edilmiş müddət ötürüldüyü əsası ilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. X1 10 yanvar 2007-ci il tarixdə X6 isə 04 aprel 1997ci il tarixdə vəfat etmiş və onlar X3 miras qalmış əmlaka dair vərəsəlik hüququnun verilməsi üçün notariat orqanına müraciət etməmişlər və mirası faktiki olaraq qəbul etməmişlər. Ona görə də, ərizəçi, Yevlax şəhəri C.Cabbarlı küçəsi 3 nömrəli evin 8 nömrəli mənzildən mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə mülki iş materiallarını araşdırıb, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmələr mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Miras qoyan X8 09 sentyabr 1996-cı il tarixdə öldüyünə görə məhkəmə hesab edir ki, hazırkı münasibətlərə həmin vaxt qüvvədə olmuş 11.09.1964-cü il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə qəbul edilmiş və 28 dekabr 1999-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsində müəyyən edilmişdir ki, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 530-cu maddəsinə əsasən qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Həmin Məcəllənin 532-ci maddəsinə görə birinci növbə vərəsələr Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 533-cü maddəsinə əsasən birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən, vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Məhkəmə onu da nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Azərbaycan SSR Ali Məhkəməsinin Plenumu özünün 28 sentyabr 1979-cu il tarixli «Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələri haqqında» 5 №-li Qərarında göstərmişdir ki, vərəsə mirasa sahiblik, onlan istifadə və ona sərəncam verməsi sahəsində müvafiq işlər görmüşsə binanın təmiri, həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq və s. yaxud sığorta tədiyəsini və ev üçün vergini ödəmişsə, kirayəşinlərdən mənzil pulunu yığmışsa və b. hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasına və ya mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Şəxs, miras qoyanın dəfn etmə xərclərini ödəmişsə, mirası qəbul etmiş vərəsələrdən çəkmiş olduğu xərcini ancaq pul şəklində tələb edə bilər, xərcinə görə miras əmlakın ona verilməsini tələb etmək hüququ yoxdur. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, 09.09.1996-cı il tarixdə vəfat etmiş X4 birinci növbədən olan vərəsələri yoxdur və Ərizəçi 09.09.1996-cı il tarixdə vəfat etmiş bacısı X4 qanun üzrə vərəsəsi olmaqla, miras əmlak onun tərəfindən daha öncə sadalanan hərəkətləri həyata keçirməklə faktiki qəbul olunmuşdur. Eyni növbədən olan digər vərəsələr tərəfindən miras faktiki qəbul olunmamış, onlar mirasın qəbul edilməsi ilə bağlı Notariat Ofisinə də müraciət etməmişlər. Həmçinin Ərizəçi miras qalmış mənzilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Yevlax rayon 1 saylı Notariat Ofisinə müraciət etmişdir. Bu faktlar işdə olan sənədlərlə öz təsdiqini tapır və mübahisə doğurmur. Məhkəmə yuxarıda qeyd edilənlərə istinad edərək hesab edir ki, Ərizəçi mirasqoyan mərhum bacısı X4 əmlakını vərəsə olaraq mirası idarə etməklə miras əmlakı qəbul etmiş və bugün də mirasdan istifadə etməklə idarə edir. İşin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək X3 miras qalmış Yevlax şəhəri C.Cabbarlı küçəsində 3 nömrəli evdə yerləşən ümumi sahəsi 28,80 kv.m olan 8 nömrəli mənzilə mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq ərizəçinin tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, maraqlı şəxs də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Ərizəçi məcburi köçkün olmaqla dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə 10 manat dövlət rüsumu dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdı̇ : Ərizə təmin edilsin. X3 miras qalmış Yevlax şəhəri C.Cabbarlı küçəsində 3 nömrəli evdə yerləşən ümumi sahəsi 28,80 kv.m olan 8 nömrəli mənzilə mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. 10 (on) manat dövlət rüsumu dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-1004/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-1004/2021
27.10.2021 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver