Məhkəmə qərarları › İş №2(033)-117/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-117/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-117/2021 29.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı, onun vəkili X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1630 manat məbləğində pulun, 5 ton 400 kq. arpanın və ya onun dəyərinin, iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını və Zaqatala RİHB-nın Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini X3 barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehdən 1630 manat məbləğində pulun, 5 ton 400 kq. arpanın və ya dəyəri olan 1890 manat pulun və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci il tarixdə özünü fermer kimi tanıdan Zaqatala rayonu Axaxdərə kənd sakini Cavabdeh 1630 manat məbləğində pul və 5 ton 400 kq arpa vermişdir. O, səbəbdən ki aralarında razılıq olmuşdur ki, Cavabdeh 06 iyul 2018, 17 iyul 2018, 14 dekabr 2018 və 15 aprel 2019-cu il tarixli müqavilələrə əsasən ona icarəyə torpaq vermişdir. Həmin müqavilələr Danaçı kənd icra nümayəndəliyində bağlanmışdır. 1 il müddətində o, torpaqların müəyyən hissəsindən istifadə etmişdir. İndi ona məlum olmuşdur ki, həmin torpaqları başqasına icarəyə vermişdir. O, hüquqi savadı olmayan sadə kənd adamı olduğundan Cavabdeh inanmışdır. İndi ona məlum olmuşdur ki, Abdusalam onu aldatmış və ona maddi ziyan vurmuşdur. Dediklərini təsdiqləyəcək əsas sənəd Zaqatala rayon Məhkəməsinin 07.08.2020-ci il tarixli 2(033)-600/2020 saylı qətnaməsidir. Belə ki, həmin qətnamədə Cavabdeh ondan 1630 manat məbləğində pul və 5 ton 400 kq arpanı torpaq sahələrini onun icarəsinə vermək üçün ondan götürdüyü təsdiq olunur. Cavabdeh guya pulu və arpanı vətandaşlara verdiyini qeyd etsə də, bu hal məhkəmədə öz təsdiqini tapmamışdır. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı İddiaçı vəkili X4 çıxış edərək iddia əsaslı olduğundan iddianın təmin edilərək Cavabdeh 1630 manat məbləğində pulun, 5 ton 400 kq. arpanın və ya dəyəri olan 1890 manat pulun və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, uzun müddətdir ki, kənddə fermer təsərrüfatı ilə məşğul olur. O, əvvəllər Danaçı və Car kəndinin ərazisində olan torpaq sahələrini kənd camaatından icarəyə götürərək istifadə etmişdir. İddiaçı ilə aralarında olan razılaşmaya əsasən ondan 1630 manat məbləğində pul və 5 ton 400 kiloqram arpa almışdır ki, torpaq sahələrini onun icarəsinə versin. O, həmin pulları və 5 ton 400 kq. arpanı satıb əldə etdiyi pulu da torpaq sahələrinin sahiblərinə vermişdir. Kimə nə qədər verdiyini xatırlamır. Bundan sonra isə həmin torpaq sahələrinin sahibləri ilə İddiaçı arasında icarə müqaviləsi bağlanılmasını təşkil etmişdir. Belə ki, Car kənd icra nümayəndəliyinə bununla bağlı müraciət etmiş, həm torpaq sahələrinin sahibləri, həm də İddiaçı tərəfindən icarə müqaviləsi bağlanılmışdır. O, torpaq sahələrinin sahiblərinə müqaviləyə imza etdirdikdən sonra müqaviləni İddiaçı imzalatmış, sonra isə həmin müqavilələri nümayəndəlikdə təsdiq etdirmişdir. Sonradan məlumatı olmuşdur ki, torpaq sahələrinin sahibləri Əziz Yumuxov adlı şəxslə razılaşmışdır. Həmin torpaq sahələrindən Əziz Yumuxov istifadə edir. İddiaçının tələb etdiyi pullar iddiaçı tərəfindən ona verilsə də, o həmin pulları torpaq sahələrinin sahiblərinə vermişdir. O, həmin pulları özünə götürməmişdir. İddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-600/2020 nömrəli, 07 avqust 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı və Cavabdeh X5 qarşı torpaq sahəsindən çıxarılma və istifadə hüququnun təmin edilməsi tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manatın özünə aid edilməsi qət edilmişdir. İşdə olan Zaqatala-Bazar Açıq Səhmdar Cəmiyyətinin 11 nömrəli, 12 mart 20201-ci il tarixli məktubundan görünür ki, bazar ərazisində 1 kiloqram arpanın orta satış qiyməti 2017-ci il üçün 0,37 manat, 2018-ci il üçün 0,35 manat, 2021-ci ilin iki ayı üçün isə 0,45 manat təşkil etmişdir. Məhkəmə iclası zamanı tərəflərin izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, cavabdehin iddiaçıya əvəzində 1630 manat məbləğində pul və 5 ton 400 kq arpa alaraq icarəyə verdiyi torpaq sahələrinin mülkiyyətçisi cavabdeh deyildir. Cavabdehin həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədləri yoxdur. Qeyd olunan hal, yəni 1630 manat məbləğində pul və 5 ton 400 kq arpanı İddiaçı Cavabdeh verməsi həm iddiaçının, həm də cavabdehin izahatları öz təsdiqini tapmışdır. Hazırda iddiaçı torpaq sahələrindən istifadə edə bilmədiyindən cavabdehə verdiyi pulun ona qaytarılmasını xahiş edir. Cavabdeh isə iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəf əsassız varlanmış şəxs olduğundan iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Cavabdeh iddiaçıdan 1630 manat məbləğində pulu və 5 ton 400 kq arpanı alması və həmin pulu qaytarmaması öz təsdiqini tapdığından iddiaçı həmin pulun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh torpaq sahəsinin icarəsi ilə bağlı 2018-ci ildə iddiaçı tərəfindən ona verilmiş 1630 manat məbləğində pul, 5 ton 400 kq arpa və ya onun dəyəri olan 1890 manat pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən İddiaçı dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh torpaq sahəsinin icarəsi ilə bağlı 2018-ci ildə iddiaçı tərəfindən ona verilmiş 1630 (bir min altı yüz otuz) manat məbləğində pul, 5 (beş) ton 400 (dörd yüz) kq arpa və ya onun dəyəri olan 1890 (bir min səkkiz yüz doxsan) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. İddiaçı dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar