Məhkəmə qərarları › İş №2(033)-121/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-121/2022

05.05.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-121/2022 05.05.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçi və maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı oğlu-X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 12 iyul 1992-ci il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində doğulmuş və orada yaşayan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 12 iyul 1992-ci il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində doğulmuş X5 onun doğma oğludur. O, anadangəlmə “uşaq serebral iflici” diaqnozu ilə xəstədir, birinci qrup əlildir. Xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətləri üzərində rəhbərlik edə bilmir, iş qabiliyyəti yoxdur. Buna görə də qərara gəlmişdir ki, onun üzərində qəyyum təyin etdirsin. Bunun üçün əvvəlcə şəxs məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməlidir. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, bununla bağlı ekspertiza da təyin olunmuşdur və ekspert rəyi ilə də qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi müəyyən edilmişdir. Hesab edir ki, oğlunun kənar şəxsin köməyinə ehtiyacı vardır. Hesab edir ki, onun üzərində qəyyum təyin olunmalıdır. İddiası əsaslıdır. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X6 izahat verərək göstərdi ki, iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə Şəhər psixonevroloji Dispanseri tərəfindən keçirilmiş psixiatrik ekspertizasının rəyi ilə tanış olmuşdur və 12 iyul 1992-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmir. İşin halları Zaqatala rayon İcra hakimiyyəti Başçısının Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 25 oktyabr 2021-ci il tarixdə verilmiş 1383 nömrəli arayışdan görünür ki, X5 anası Ərizəçi himayəsindədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF X9 16 saylı Regional Ərazi filialının 26 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatda olan X5 İ (birinci) qrup əlil kimi 150 manat sosial müavinət və 130 manat Prezident təqaüdü alır. Daimi. Zaqatala MRX PHŞ Konsultativ Poliklinika tərəfindən verilmiş 14 oktyabr 2021-ci il tarixli, 444 nömrəli arayışdan görünür ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yaşayan 1992-ci il təvəllüdlü X5 həqiqətən xəstədir. Zaqatala MRX PHŞ Konsultativ Poliklinika şöbəsinin nevroloji kabinetində dispanser qeydiyyatındadır. Birinci qrup əlildir. Kənar şəxsin qulluğuna ehtiyacı vardır. Diaqnoz: uşaq serebral iflici, Tetra parez, Qıcolma tutmaları, psixi inkişafdan geri qalma. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanserinin 01 mart 2022-ci il tarixli, 121 nömrəli rəyində göstərilmişdir ki, Gəncə şəhər Psixonevroloji Dispanserində hal-hazırki ekspertiza zamanı aşağıdakılar aşkar olunur. Xəstə avtomobildə uzanmış vəziyyətdə müayinə olundu. FİZİKİ VƏZİYYƏTİ: Qısa boylu, displastik bədən quruluşludur. Dəri və görünən selikli qişaları quru və təmizdir. Daxili orqanlarında kobud patologiya aşkar olunmur. NEVROLOJİ VƏZİYYƏTİ: Mərkəzi sinir sistemində üzvi mikroorqanik patologiya aşkar olunur. Göz bəbəkləri bərabərdir, fotoreaksiyası zəifdir. Əzələ-vətər refleksləri qeyri-bərabərdir, yoxlanılan şəxsdə tetraparez aşkar olunur. PSİXİ VƏZİYYƏTİ: Xarici görünüşü səliqəsizdir. Bələdliyi kobud pozulub, yoxlanılan şəxs verilən suallara heç bir reaksiya vermir, avtomobildə uzanmış vəziyyətdədir. Anamnestik məlumatlar anası Ərizəçi toplanmışdır. Müayinə zamanı özünü bir qədər narahat aparır. Neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilmir. Əhvalı davamsızdır. Yaddaşı kobud pozulub. Təfəkkürü parçalanmışdır. Oxumaq və yazmaq vərdişləri yoxdur, adi hesablama əməliyyatlarını belə apara bilmir. Hal-hazırki müayinə zamanı onda qavrama pozğunluğu, kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar etmək mümkün olmur. Maraq dairəsi çox daralmışdır, fizioloji tələblərlə motivləşir. Abstrakt və məntiqi təfəkkürə malik deyil. Emosiyaları və affektiv reaksiyaları davamsızdır. Düşdüyü vəziyyətə tənqidi yoxdur. İntellekti inkişafdan geri qalıb, şəxsiyyəti qüsurludur, İQ=32 %. Yuxarıda göstərilənləri nəzərə alaraq komissiya bu nəticəyə gəlir ki, X5 xroniki xəstəlik olan AĞİR DƏRƏCƏLİ KƏMAĞİLLİQ, UŞAQ SEREBRAL İFLİCİ, TETRAPAREZ VƏ QİCOLMA TUTMALARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.0 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülkü işin materialları, tibbi sənədlər (DSMF-nm 16 saylı regional ərazi filialından verilmiş 26.10.2021-ci il tarixli **********0 saylı arayış, Zaqatala RMX PHŞ-mn Yuxarı Tala kənd həkim məntəqəsindən verilmiş 19.10.2021-ci il tarixli 3021 saylı arayış, Konsultativ poliklinikadan verilmiş 14.10.2021-ci il tarixli 444 saylı arayış), anamnestik məlumatlar və hazırki ekspertiza (ekpsertiza zamanı yoxlanılan şəxsdə bələdliyin pozulması, verilən suallara heç bir reaksiya verməməsi, müayinə zamanı özünü bir qədər narahat aparması, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilməməsi, əhvalının davamsız olması, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin kəskin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, düşdüyü vəziyyətə tənqidinin olmaması, intellekti inkişafdan kəskin geri qalması İQ=32 %. və s.) imkan verir. X5 uşaqlıqdan AĞİR DƏRƏCƏLİ KƏMAĞİLLİQ, UŞAQ SEREBRAL İFLİCİ, TETRAPAREZ VƏ QİCOLMA TUTMALARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.0 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X5 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X3 uşaqlıqdan xəstə olmaqla ona əvvəllər müavinət verilməsi, sonralar isə İ qrup müddətsiz əlillik təyin edilməsi, daim valideynlərinin himayəsi və nəzarəti altında yaşaması və ətrafdakıların köməyinə ehtiyacı olması, orta ümumtəhsil və yardımçı məktəblərdə oxumaması, oxumaq və yazmaq vərdişləri əldə etməməsi, hazırki ekspertiza zamanı onda kobud davranış, yaddaş, emosiya, təfəkkür və intellekt pozğunluqlarının (ekpsertiza zamanı yoxlanılan şəxsdə bələdliyin pozulması, verilən suallara heç bir reaksiya verməməsi, müayinə zamanı özünü bir qədər narahat aparması, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilməməsi, əhvalının davamsız olması, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin kəskin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, düşdüyü vəziyyətə tənqidinin olmaması, intellekti inkişafdan kəskin geri qalması İQ=32 %. və s.) aşkar edilməsi və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, 12 iyul 1992-ci il tarixdə anadan olmuş X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərinə rəhbərlik edə bilmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X4 anası olan iş üzrə Ərizəçi himayədarlıq edir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini tələb edir. Göründüyü kimi, X5 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X3 fəaliyyət qabiliyyəti olmayan hesab olunması ilə bağlı ekspert komissiyasının da müvafiq rəyi vardır. X3 anası olan hazırki iş üzrə ərizəçi onun psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 12 iyul 1992-ci il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində doğulmuş və orada yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizəçi ərizəsi ilə əlaqədar dövlətə ödədiyi dövlət rüsumunu tələb etmədiyindən həmin rüsum xərci özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, ərizə təmin edilməli, 12 iyul 1992-ci il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində doğulmuş və orada yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizəçi ərizəsi təmin edilsin. 12 iyul 1992-ci il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində doğulmuş və orada yaşayan xəstə-X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar