Məhkəmə qərarları › İş №2(033)-124/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-124/2022

16.02.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-124/2022 16.02.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, Ərizəçi nümayəndəsi X6 və maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X7 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 21 yanvar 1994-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi nümayəndəsi X10 ərizəni müdafiə edərək izahatında göstərdi ki, bacısı oğlu 21 yanvar 1994-cü il təvəllüdlü X9 əlil olmaqla. "Doğuş travmasının qalıq əlamətləri psixi nitq inkişafının geri qalma bəd xassəli epilepsiya" xəstəliyindən əziyyət çəkir. O, doğulduğu gündən bu günədək bacısının himayəsində olmuşdur. Xəstəliklə bağlı qeyd etmək istəyir ki, korreksion pedaqogikanın aktual problemlərindən biri psixi inkişafın ləngiməsi problemidir. Bu problem həm uşaqların səhhəti, həm də eyni zamanda məktəb təlimi, məktəb müvəffəqiyyətsizliyi ilə sıx bağlıdır. Psixi inkişafın ləngiməsi (PİL) altında psixi funksiyaların yetişməsinin ləngiməsi və bu səbəbdən yaş normalarından geri qalması başa düşülür. PİL erkən yaş dövründə inkişaf etməyə başlayır, stabil gedişlə və uşaq böyüdükcə təzahürlərinin azalması ilə xarakterizə olunur. PİL haqqında yalnız kiçik məktəbəqədər yaş dövründə danışmaq olar. Əgər PİLnin təzahürləri böyük məktəbəqədər və yeniyetmə yaş dövründə özünü biruzə verirsə, bu oliqofreniyanın mövcudluğunu göstərə bilər. Çox vaxt psixi inkişafın ləngiməsi bir sıra xəstəlikləri müşayiət edə bilər. Bu zaman ikincili PİL-dən danışmaq mümkündür. Psixi inkişafın ləngiməsinin təzahürləri, əsasən məktəbdə özünü biruzə verir: belə uşaqlar fiziki və psixoloji cəhətdən məktəbə hazır olmurlar, onlarda bəzi psixi proseslərin və funksiyaların ləng inkişafı müşahidə edilir. Onlar emosional - iradi sahənin və dərketmə fəaliyyətinin yetkinlik dərəcəsinə görə daha erkən yaş səviyyəsindədirlər. Belə ki, onlarda ümumi biliklərin çatışmazlığı, dar dünya görüşü, ətraf aləm haqda təsəvvürlərin qeyri dəqiqliyi, psixi proseslərin lazımınca formalaşmaması, məktəbəqədər motiv və maraqların üstün olması müşahidə olunur. Psixi inkişafın ləngiməsi zamanı uşaq bir yaş dövründən o birisinə keçərək, əvvəlki yaş dövrünə xas olan xüsusiyyətlərin təkcə bəzilərini mənimsəmiş olur. Tibbi göstərişlərdən məlum olur ki - oliqofrenlərdə nitq ləng inkişaf edir. Nitq prosesi ləng başlamaqla paralel, onlarda passiv və aktiv lüğətin zəifliyi müşahidə olunur. Sözlər mövcud olsa da, onlardan istifadə çox zəifdir. Onların nitqi qrammatik cəhətdən düzgün olmur, belə ki, əvəzliklərdən düzgün istifadə edilmir, mürəkkəb və uzun cümlələr qura bilmir, fikirlərini izah etməyə cümlə seçimi zəif olur və s. Bununla yanaşı, ümumiləşdirmə, qruplaşdırma, fərqləndirmə, uyğunlaşdırma və s. təfəkkür prosesləri hesab olunur. Ona görə oliqofren hesab olunan fərdlərlə təfəkkürün inkişafı üçün əsasən bu tip tapşırıqlarla işlənilir. Bu proseslərdən birinin pozulması təfəkkürün pozulması hesab oluna bilər. Eyni zamanda, oliqofren fərdlə təfəkkürün inkişafı üçün, sözlü ünsiyyətin inkişafına xüsusilə diqqət yetirmək lazımdır. Tibbi müşahidələr göstərir ki, oliqofren fərdlər hər bir yeniliyi çətinliklə mənimsəyir, verilən materialı tez-tez yaddan çıxarırlar. Buna səbəb isə, oliqofren fərdin sinir proseslərinin xüsusiyyətlərindəndir. Əsasən isə bu "yaddaşsızlıq" təfəkkürün inkişafı ilə bağlı olur. Eyni zamanda, bu diaqnozlu fərdin məqsədli öyrənmə və yadasalması mümkün olmur. Bu isə onun narahatlığı ilə birbaşa bağlıdır. Oliqofren fərdlərin hər birinə rast gəlinən əsas narahatlıq diqqətin qeyri-sabit, dağınıq, davamlılığının az olmasıdır. Bu bir qayda olaraq, bütün oliqofren fərdlərdə rast gəlinir. Hazırki ərizə ilə məhkəməyə müraciət etmələrinin səbəbi, bacısı oğlu 21 yanvar 1994-cü il təvəllüdlü X3 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunma zərurəti ilə bağlıdır. Hesab edir ki, onun üzərində qəyyum təyin olunmalıdır. Bununla bağlı ekspertiza da təyin olunmuşdur və ekspert rəyi ilə də onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi müəyyən edilmişdir. Hesab edir ki, iddiası əsaslıdır. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə baxış iclasında iştirak edən maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X11 izahat verərək göstərdi ki, iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə Şəhər psixonevroloji Dispanseri tərəfindən keçirilmiş psixiatrik ekspertizasının rəyi ilə tanış olmuşdur və 21 yanvar 1994-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan AA0534530 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X9 21.01.1994-cü il tarixdə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Zaqatala RİHB-nın Göyəm Ərazisi üzrə nümayəndəliyi tərəfindən 22 fevral 1994-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, 21.01.1994-cü il tarixdə anadan olmuş X3 anası Ərizəçi, atası isə X4r. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Zaqatala MRX tərəfindən tərtib edilmiş 21.01.2012-ci il tarixli HƏEK-ə göndərişdən görünür ki, 21.01.1994-cü il təvəllüdlü X3 xəstəliyi- doğuş travmasının qalıq əlamətləri psixo motor, nitq inkişafının geriliyi, bədxassəli epilepsiya cərrahi əməliyyatdan sonrakı vəziyyət. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanserinin 23 dekabr 2021-ci il tarixli, 791 nömrəli rəyində göstərilmişdir ki, X1 halhazırki ekspertiza zamanı aşağıdakılar aşkar olunur. FİZİKİ VƏZİYYƏTİ: Orta boylu, displastik bədən quruluşludur, avtomobildə müayinə olundu. Dəri və görünən selikli qişaları quru və təmizdir. Daxili orqanlarında kobud patologiya aşkar olunmur. NEVROLOJİ VƏZİYYƏTİ: Mərkəzi sinir sistemində üzvi mikroorqanik patologiya aşkar olunur. Göz bəbəkləri bərabərdir, fotoreaksiyası zəifdir. Əzələ-vətər refleksləri qeyribərabərdir, yoxlanılan şəxsdə sol tərəfli hemiparez aşkar olunur. PSİXİ VƏZİYYƏTİ: Xarici görünüşü səliqəsizdir. Bələdliyi kobud pozulub, yoxlanılan şəxs verilən suallara heç bir reaksiya vermir, avtomobildə uzanmış vəziyyətdədir. Anamnestik məlumatlar dayısı X5 toplanmışdır. Müayinə zamanı özünü bir qədər narahat aparır. Neçə yaşı olduğunu, halhazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilmir. Əhvalı davamsızdır. Yaddaşı kobud pozulub. Təfəkkürü parçalanmışdır. Oxumaq və yazmaq vərdişləri yoxdur, adi hesablama əməliyyatlarını belə apara bilmir. Hal-hazırki müayinə zamanı onda qavrama pozğunluğu, kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar etmək mümkün olmur. Maraq dairəsi çox daralmışdır, fizioloji tələblərlə motivləşir. Abstrakt və məntiqi təfəkkürə malik deyil. Emosiyaları və affektiv reaksiyaları davamsızdır. Düşdüyü vəziyyətə tənqidi yoxdur. İntellekti inkişafdan geri qalıb, şəxsiyyəti qüsurludur, İQ=32 %. Yuxarıda göstərilənləri nəzərə alaraq komissiya bu nəticəyə gəlir ki, X9 xroniki xəstəlik olan AĞİR DƏRƏCƏLİ KƏMAĞİLLİQ. QİCOLMA TUTMALARİ VƏ DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülki işin materialları, tibbi sənədlər (19 saylı zona TSEK-dən verilmiş 23.04.2010-cu il tarixli 048411 saylı şəhadətləndirilmə aktı, Zaqatala MRX-dan verilmiş 21.01.2012-ci il tarixli TSEK-ə göndəriş), anamnestik məlumatlar və hazırki ekspertiza (ekpsertiza zamanı yoxlanılan şəxsdə bələdliyin pozulması, verilən suallara heç bir reaksiya verməməsi, müayinə zamanı özünü bir qədər narahat aparması, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilməməsi, əhvalının davamsız olması, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin kəskin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, düşdüyü vəziyyətə tənqidinin olmaması, intellekti inkişafdan kəskin geri qalması İQ=32 %. və s.) imkan verir. X9 uşaqlıqdan AĞİR DƏRƏCƏLİ KƏMAĞİLLİQ, QİCOLMA TUTMALARİ VƏ DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X9 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X3 uşaqlıqdan xəstə olmaqla ona əvvəllər müavinət verilməsi, sonralar isə İ qrup müddətsiz əlillik təyin edilməsi, Sankt-Peterburq şəhərində 1997-ci ildə Neyrocərrahiyyə institutunda cərrahi əməliyyat keçirməsi, daim valideynlərinin himayəsi və nəzarəti altında yaşaması və ətrafdakıların köməyinə ehtiyacı olması, orta ümumtəhsil və yardımçı məktəblərdə oxumaması, oxumaq və yazmaq vərdişləri əldə etməməsi, hazırki ekspertiza zamanı onda kobud davranış, yaddaş, emosiya, təfəkkür və intellekt pozğunluqlarının (ekpsertiza zamanı yoxlanılan şəxsdə bələdliyin pozulması, verilən suallara heç bir reaksiya verməməsi, müayinə zamanı özünü bir qədər narahat aparması, neçə yaşı olduğunu, halhazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilməməsi, əhvalının davamsız olması, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin kəskin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, düşdüyü vəziyyətə tənqidinin olmaması, intellekti inkişafdan kəskin geri qalması İQ=32 %. və s.) aşkar edilməsi və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, 21 yanvar 1994-cü il tarixdə anadan olmuş X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərinə rəhbərlik edə bilmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X8 anası olan iş üzrə Ərizəçi himayədarlıq edir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göründüyü kimi X9 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X3 fəaliyyət qabiliyyəti olmayan hesab olunması ilə bağlı ekspert komissiyasının da müvafiq rəyi vardır. X3 anası olan hazırki iş üzrə ərizəçi onun psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 21 yanvar 1994-cü il tarixdə anadan olmuş Zaqatala rayonu Aşağı Tala kəndində yaşayan xəstə X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizəçi ərizəsi ilə əlaqədar dövlətə ödədiyi dövlət rüsumunu tələb etmədiyindən həmin rüsum xərci özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 21 yanvar 1994-cü il tarixdə anadan olmuş Zaqatala rayonu Aşağı Tala kəndində yaşayan xəstə X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar