Məhkəmə qərarları › İş №2(033)-182/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-182/2025

05.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-182/2025 05.03.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətli nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 24 iyun 1962-ci il tarixdə Zaqatala rayonu, Uzuntala kəndində doğulmuş və yaşayan X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırımışdır ki, 24 iyun 1962-cı il tarixdə Zaqatala rayonu Uzuntala kəndində doğulmuş X5 onun doğma bacısıdır. O, xəstədir, ikinci qrup əlildir. O xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətləri üzərində rəhbərlik edə bilmir, iş qabiliyyəti yoxdur. O, kənar şəxsin baxım və köməyinə ehtiyac tələb edən “Paranoid Şizofreniya, F20.0” diaqnozu ilə İİ dərəcə əlilliyi olan şəxsdir. Bacısına o baxır, onun himayəsindədir, onun hər bir qayğısını o çəkir. Normal davranışı yoxdur. Buna görə də qərara gəlmişdir ki, onun üzərində qəyyum təyin etdirsin. Bunun üçün əvvəlcə şəxs məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməlidir. Ərizəyə əlavə etdiyi sənədlərdən görünür ki, xəstə X5 ikinci qrup əlildir, onun himayəsində yaşayır və baxıma ehtiyacı vardır. Məhkəmə işə baxarkən xəstənin fəaliyyət qabiliyyətli olubolmaması barədə ekspertiza təyin etməlidir. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin dəlillərinə uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdir ki, bacısına ana-atası baxmışdır, lakin onlar vəfat etdikdən sonra bacısı onun himayəsində olmuşdur. Bu halda bacısı üçün pensiya alınmasında, bacısına məxsus sənədlərin əldə edilməsində çətinliklər yaşayır. Qeyd edilənlərə əsasən tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətli nümayəndəsi X8 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Yazılı sübutlar İş materiallarında olan 156100 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1956-ci il tarixdə doğulmuş Ərizəçi anası X2r. İş materiallarında olan 193325 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1962-ci il tarixdə doğulmuş X1 atası X6, anası X2r. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 16 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 296013 saylı arayışdan görünür ki, X7 barəsində ümumi xəstəlik səbəbindən müddətsiz ikinci qrup əlillik müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi“ X17 “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X16 tərəfindən verilmiş 18-1-78/3- 3233/2024 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X7 həqiqətən Zaqatala RMX PHŞ-nın Psixiatrik kabinetində xx.xx.2003-cü ildən “paranoid şizofreniya. F20” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə edilmiş pensiya haqqında məlumatdan görünür ki, X7 xx.xx.2003-cü il tarixdən əlilliyə görə 363.86 manat pensiya alır. İş materiallarında olan Azərbaycan Respublikası Zaqatala RİH-nin Uzuntala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Uzuntala kənd sakini X7 qardaşı Ərizəçih oğlunun himayəsində yaşayır və ona qardaşı Ərizəçih oğlu özü baxır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 X13 Şöbəsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 21 yanvar 2025-ci il tarixli 37 saylı rəyindən görünür ki, X7 ŞİZOFRENİYA, PARANOİD FORMA. QÜSUR VƏZİYYƏTİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı - 10-cu baxışj F20.0 xəstəliyi keçirir. X7 ŞİZOFRENİYA, PARANOİD FORMA, QÜSUR VƏZİYYƏTİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı - 10-cu baxış) F20.0 keçirməsi səbəbindən o, öz hərəkətlərini dərk etmək və idarə etmək iqtidarında deyildir. X7 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN şəxs sayıla bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən ərizənin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikası Mülki Məcəlləsi 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında ərizəçinin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, 24 iyun 1962-ci il tarixdə Zaqatala rayonu, Uzuntala kəndində doğulmuş X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərinə rəhbərlik edə bilmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X4 qardaşı iş üzrə ərizəçi olan Ərizəçi himayədarlıq edir. X1 fəaliyyət qabiliyyəti olmayan hesab olunması ilə bağlı ekspert komissiyasının da müvafiq rəyi vardır. Ərizəçi bacısının psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 24 iyun 1962-ci il tarixdə Zaqatala rayonu, Uzuntala kəndində doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. 24 iyun 1962-ci il tarixdə Zaqatala rayonu, Uzuntala kəndində doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar