Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-197/2025 11.03.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətli nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: Ərizənin dəlilləri Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırımışdır ki, o, ailə üzvləri ilə birlikdə Zaqatala rayonu, Muğanlı kəndində yaşayır. xx.xx.2006-cı il tarixdə X5 adlı övladı anadan olmuşdur. Övladı anadangəlmə qüsurludur. Əqli cəhətdən geri qalmışdır. Övladına “Ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən ciddi davranış pozuntusu diaqnozu” qoyulmuşdur. Halhazırda övladının 18 yaşı tamam olmuşdur. Övladı yetkinlik yaşına çatana qədər qanuni nümayəndəsi olaraq bütün hüquq və vəzifələri onun tərəfindən həyata keçirilmişdir. Yetkinlik yaşına çatdığı üçün hüquq və vəzifələrinin həyata keçirilməsində iştirak edə bilmir. Övladına xx.xx.2024-cü il tarixdən birinci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Həmin tarixdən pensiya hesablanmış, pensiya kartına mədaxil edilmişdir. Lakin bank tərəfindən övladının üzərində qəyyum təyin edilmədiyindən pensiya kartı ona verilmir. Övladı fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və onun üzərində qəyyum təyin olunmalıdır. Bunun üçün övladının fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair ərizə ilə məhkəməyə müraciət edir. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin dəlillərinə uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətli nümayəndəsi X6 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Yazılı sübutlar İş materiallarında olan Zaqatala RİHB-nın Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006-cı il tarixdə doğulmuş X1 atası X4, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilriyinin TSEK-in sonuncu müayinəyə dair məlumatdan görünür ki, X5 ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, uşaq autizmi, kanner sindromu diaqnozu ilə xəstədir. İş materiallarında olan Şəki rayon Psixiatriya Xəstəxanasının 12 oktyabr 2023-cü il tarixli 1331 saylı məktubundan görünür ki, X5 12 oktyabr 2023-cü il tarixdə Şəki RPX-da HPK tərəfindən müayinə olunmuşdur. Diaqnozu - ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, özünə qulluq qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyac var. Yanaşı uşaq autizmi, kanner sindromu F-84.0, resseptiv nitq pozuntusu F-80.2-dir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 X9 Şöbəsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 23 yanvar 2025-ci il tarixli 45 saylı rəyindən görünür ki, X5 AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir. X5 AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərini dərk etmək və ya onları idarə etmək iqtidarında olmadığından onu FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN şəxs hesab etməyə əsas verir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən ərizənin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikası Mülki Məcəlləsi 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında ərizəçinin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, 29 avqust 2006-cı il tarixdə Zaqatala rayonunda doğulmuş X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərinə rəhbərlik edə bilmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X3 anası iş üzrə ərizəçi olan Ərizəçi himayədarlıq edir. X1 fəaliyyət qabiliyyəti olmayan hesab olunması ilə bağlı ekspert komissiyasının da müvafiq rəyi vardır. Ərizəçi qızının psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 29 avqust 2006-cı il tarixdə Zaqatala rayonunda doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizəçi ərizəsi təmin edilsin. 29 avqust 2006-cı il tarixdə Zaqatala rayonunda doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №2(033)-197/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-197/2025
11.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver