Məhkəmə qərarları › İş №2(033)-28/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-28/2021

28.07.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-28/2021 28.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, Ərizəçi və maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı oğlu Abdullayev Əli-Rusi Arifoviçin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 02 oktyabr 1997-ci il tarixdə Rusiya Federasiyası Krasnoyarsk şəhərində doğulmuş, Zaqatala rayonu Yuxarı Tala kəndində yaşayan Abdullayev Əli-Rusi Arifoviçin fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, 02 oktyabr 1997-ci il tarixdə anadan olmuş Abdullayev Əli-Rusi Arifoviç onun oğludur. O, anadangəlmə xəstədir, birinci qrup əlildir. Xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətləri üzərində rəhbərlik edə bilmir. Buna görə də, ərizəçi onun üzərində qəyyum təyin etdirmək qərarına gəlmişdir. Bunun üçün əvvəlcə şəxs məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Bununla bağlı ekspertiza da təyin olunmuşdur və ekspert rəyi ilə də onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi müəyyən edilmişdir. Hesab edir ki, iddiası əsaslıdır. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə baxış iclasında iştirak edən maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X4 izahat verərək göstərdi ki, iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə Şəhər psixonevroloji Dispanseri tərəfindən keçirilmiş psixiatrik ekspertizasının rəyi ilə tanış olmuşdur və 02 oktyabr 1997-ci il tarixdə doğulmuş Abdullayev Əli-Rusi Arifoviçin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Zaqatala RPŞ tərəfindən 05.08.2014-cü il tarixdə verilmiş AZE seriyalı 14973251 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xəstə Abdullayev Əli-Rusi Arifoviç 02 oktyabr 1997-ci il tarixdə Rusiya Federasiyası, Krasnoyarsk şəhərində doğulmuşdur və Zaqatala rayonu, Yuxarı Tala kəndində yaşayır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 19 noyabr 2019-cu il tarixdə verilmiş məlumatdan görünür ki, Abdullayev Əli- Rusi Arifoviçin diaqnozu uşaq serebral iflici. Tetraplegik forma. Əlillik dərəcəsi birinci qrup. əlillik səbəbi ümumi xəstəlik, müddətsiz. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanserinin 01 iyul 2021-ci il tarixli, 336 nömrəli rəyində göstərilmişdir ki, X1 hal-hazırki ekspertiza zamanı aşağıdakılar aşkar olunur. Abdullayev Əli-Rusi Arifoviç avtomobildə müayinə olundu. FİZİKİ VƏZİYYƏTİ: Orta boylu, displastik bədən quruluşludur. Dəri və görünən selikli qişaları quru və təmizdir. Daxili orqanlarında kobud patologiya aşkar olunmur. A/t 120/70 mm c.s.b. nəbzi dəqiqədə 78 vurğudur. NEVROLOJİ VƏZİYYƏTİ: Mərkəzi sinir sistemində üzvi mikroorqanik patologiya aşkar olunur. Göz bəbəkləri qeyribərabərdir, fotoreaksiyası zəifdir. Əzələ-vətər refleksləri qeyri-bərabərdir. Abdullayev Əli- Rusi Arifoviçdə tetraplegiya aşkar olunur. PSİXİ VƏZİYYƏTİ: Xarici görünüşü səliqəlidir. Bələdliyi pozulub, yoxlanılan şəxs verilən suallara heç bir reaksiya vermir, bütün müayinə boyu ətrafa boylanır və səfehcəsinə gülümsəyir. Neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilmir. Əhvalı davamsızdır, davranışı pozulmuşdur. Yaddaşı kobud pozulub. Təfəkkürü parçalanıb. Oxumaq, yazmaq vərdişləri yoxdur, adi hesablama əməliyyatlarını belə apara bilmir. Abstrakt və məntiqi təfəkkürü zəifdir, atalar sözlərinin mənasını başa düşmür. Hal-hazırki müayinə zamanı onda qavrama pozğunluğu, psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar etmək mümkün olmur. Maraq dairəsi daralmışdır, fizioloji tələblərlə motivləşir. Emosiyaları və affektiv reaksiyaları dayanıqsızdır. Düşdüyü vəziyyətə tənqidi yoxdur. İntellekti inkişafdan geri qalıb, şəxsiyyəti qüsurludur, İQ=42%. Yuxarıda göstərilənləri nəzərə alaraq komissiya bu nəticəyə gəlir ki, Abdullayev Əli-Rusi Arifoviç anadangəlmə xroniki xəstəlik olan ORTA DƏRƏCƏLİ KƏMAĞİLLİQ, DAVRANİŞ POZĞUNLUQLARİ İLƏ, UŞAQ SEREBRAL İFLİCİNİN DAVAMLİ QALİQ ƏLAMƏTLƏRİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülki işin materialları, tibbi sənədlər (Zaqatala MRX PHŞ-nm konsultativ poliklinikasından verilmiş tibbi rəy, ƏƏSMN-nin Zaqatala rayon şöbəsindən verilmiş 082036 saylı vəsiqə, TSEK-dən verilmiş 25.07.2016-cı il tarixli şəhadətləndirilmə aktı, 16 saylı Zaqatala TSEK-dən verilmiş 25.07.2016-cı il tarixli müayinə aktından çıxarış), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, nitq kontaktına girməməsi və ətrafa boylanaraq səfehcəsinə gülümsəməsi, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, atalar sözlərinin mənasını anlamaması, tənqidi funksiyalarının kobud pozulması, intellektinin inkişafdan geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=42% və s.) imkan verir. Abdullayev Əli-Rusi Arifoviç uşaqlıqdan ORTA DƏRƏCƏLİ KƏMAGİLLİQ, DAVRANİŞ POZĞUNLUQLARİ İLƏ, UŞAQ SEREBRAL İFLİCİNİN DAVAMLİ QALİQ ƏLAMƏTLƏRİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq Abdullayev Əli-Rusi Arifoviç FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə Abdullayev Əli-Rusi Arifoviçin uşaqlıqdan xəstə olmaqla ona əvvəllər müavinət, sonralar isə İ qrup müddətsiz əlillik təyin edilməsi, daim valideynlərinin himayəsi və nəzarəti altında yaşaması və ətrafdakıların köməyinə ehtiyacı olması, orta ümumtəhsil və yardımçı məktəblərdə oxumaması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, xəstəliyinə görə hərbi uçotdan silinməklə hərbi xidmətə yararsız hesab edilməsi, hazırki ekspertiza zamanı onda kobud təfəkkür, yaddaş, emosiya və intellekt pozğunluqlarının aşkar edilməsi (ekspertiza zamanı onda davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, nitq kontaktına girməməsi və ətrafa boylanaraq səfehcəsinə gülümsəməsi, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, atalar sözlərinin mənasını anlamaması, tənqidi funksiyalarının kobud pozulması, intellektinin inkişafdan geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=42% və s.) və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, 02 oktyabr 1997-ci il tarixdə Rusiya Federasiyası Krasnoyarsk şəhərində anadan olmuş Abdullayev Əli-Rusi Arifoviç öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərinə rəhbərlik edə bilmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Abdullayev Əli-Rusi Arifoviçə anası olan iş üzrə Ərizəçi himayədarlıq edir. Ərizəçi Abdullayev Əli-Rusi Arifoviçə qəyyum təyin edilməsi üçün ərizə ilə məhkəməyə müraciət edərək, Abdullayev Əli-Rusi Arifoviçin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göründüyü kimi Abdullayev Əli-Rusi Arifoviç psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. Abdullayev Əli- Rusi Arifoviçin fəaliyyət qabiliyyəti olmayan hesab olunması ilə bağlı ekspert komissiyasının da müvafiq rəyi vardır. Abdullayev Əli-Rusi Arifoviçin anası olan hazırki iş üzrə ərizəçi onun psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 02 oktyabr 1997-ci il tarixdə Rusiya Federasiyası Krasnoyarsk şəhərində anadan olmuş, Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatda olmaqla yaşayan Abdullayev Əli-Rusi Arifoviç fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizəçi ərizəsi ilə əlaqədar dövlətə ödədiyi dövlət rüsumunu tələb etmədiyindən həmin rüsum xərci özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 02 oktyabr 1997-ci il tarixdə Rusiya Federasiyası Krasnoyarsk şəhərində anadan olmuş, Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatda olmaqla yaşayan Abdullayev Əli-Rusi Arifoviç fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar