Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-281/2023 11.04.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verməklə xitam verilməsi və fərdi yaşayış evindən çıxarma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzilə istifadə hüququna bazar qiymətinə uyğun olaraq 4000 (dörd min) manat kompensasiya ödənilməklə xitam verilməsi və Cavabdeh həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xüsusi mülkiyyətində Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında 5 nömrəli mənzili vardır. İddiaçının həmin mənzil üzərində hüquqları 22 iyul 2005-ci il tarixdə qeydiyyata alınaraq, “Qeydiyyat vəsiqəsi” ilə rəsmiləşdirilmişdir. İddiaçının hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi iş üzrə Cavabdeh Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzilə istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verməklə xitam verilməsini və sonuncunun mənzildən çıxarılmasını istəməsidir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzil oxşar yaşayış sahələrinin aylıq kirayə haqqı 80-100 manat təşkil edir. Hesab edir ki, iddiaçının mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzildən iş üzrə Cavabdeh istifadə hüququna bazar qiymətinə uyğun 4000 (dörd min) manat kompensasiya məbləği ödənilməklə xitam verilməsi ədalətli və qanuni olar. İddiaçı ərizə ilə müraciət edərək 5000 (beş min) manat kompensasiya verilməklə mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən mənzilə Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahat verərək göstərdi ki, İddiaçı xüsusi mülkiyyətində Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında 5 nömrəli mənzili vardır. Onun həmin mənzil üzərində hüquqları 22 iyul 2005-ci il tarixdə qeydiyyata alınaraq, “Qeydiyyat vəsiqəsi” ilə rəsmiləşdirilmişdir. Onun hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi iş üzrə Cavabdeh Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzilə istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verməklə xitam verilməsini və sonuncunun mənzildən çıxarılmasını istəməsidir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, onun xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzil oxşar yaşayış sahələrinin aylıq kirayə haqqı 80-100 manat təşkil edir. Onun 1 otaqlı mənzilinin hazırki bazar qiyməti 19.000-21.000 manat arasındadır. Hesab edir ki, onun mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzildən iş üzrə Cavabdeh istifadə hüququna bazar qiymətinə uyğun 5000 (beş min) manat kompensasiya məbləği ödənilməklə xitam verilməsi ədalətli və qanuni olar. Belə ki, bu kompensasiya məbləği onun mənzilinin real dəyərinin dörddə bir hissəsi deməkdir. O, yalnız pensiyası ilə dolanır, başqa gəlir mənbəyi yoxdur. Tək adamdır. Cavabdehlə münasibətləri yoxdur. Ona hazırda yad bir adam olan cavabdehin cəmi 1 otaqdan ibarət mənzildə onunla birlikdə yaşaması qeyri-mümkündür və ona qarşı ədalətsizlikdir. Onun başqa evi, mənzili və yaşayış sahəsi yoxdur. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 iddianı qəbul etməyərək çıxışında göstərdi ki, Cavabdeh hazırda həmin evdə yaşamır. İddiaçı tərəfindən təklif edilən 5000 manat məbləğində kompensasiya cavabdehin Zaqatala şəhərində eyni şəraitdə yaşaması üçün kifayət etmir. Cavabdeh 7000 manat kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsinə razıdır. Hazırki kompensasiya məbləği ilə razı olmadığından iddianı qəbul etmir və əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşin halları Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 22 iyul 2005-ci il tarixli 339 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Zaqatala şəhəri Azərbaycan prospekti küçəsində yerləşən 1925-ci ildə tikilmiş, 2 (iki) otaq, ümumi sahəsi-35.0 kvm olan mənzildən ibarət olan ev 93, mənzil 5 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Zaqatala rayon DTİ, MHQ və ŞKİ-nin xx.xx.2005-ci il tarixli 09 №li sərəncamına əsasən İddiaçı adına qeydə alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2 (033)-691/2020 nömrəli qətnaməsindən görünür ki, qarşılıqlı iddia təmin edilərək, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması, fərdi yaşayış evindən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehin çıxarılması tələbinə dair iddia ərizəsinin rədd edilməsi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 (on) manat və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 20 (iyirmi) manatın onların özlərinə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)- 1795/2021 saylı qətnaməsindən görünür ki, ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(033)- 691/2021 nömrəli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-753/2022 nömrəli qərarından görünür ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(107)- 1795/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sahibkar-biznesmen X3 verdiyi 18 avqust 2022-ci il tarixli, 197 №-li Daşınmaz əmlakın real bazar qiyməti ilə bağlı arayışdan görünür ki, X1 mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında 5 nömrəli mənzilin (ümumi sahəsi - 34 m2) real bazar qiyməti təqribi 19.000 (on doqquz min) - 21.000 (iyirmi bir min) manat arasındadır. Analoji şəraitə malik Zaqatala şəhərində yerləşən mənzilin aylıq kirayə haqqı 70 (yetmiş) - 80 (səksən) manat aralığındadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ- əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 228.2-ci maddəinə əsasən Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyi qeyd edilmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsinə) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı şəkildə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı şəkildə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Həmin qərarda bildirilir ki, iddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyriyaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. Həmin qərarda həm də bildirilir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 22 iyul 2005-ci il tarixli 339 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Zaqatala şəhəri Azərbaycan prospekti küçəsində yerləşən 1925-ci ildə tikilmiş, 2 (iki) otaq, ümumi sahəsi-95.0 kv.m olan mənzildən ibarət olan ev 93, mənzil 5 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Zaqatala rayon DTİ, MHQ və ŞKİ-nin xx.xx.2005-ci il tarixli 09 nömrəli sərəncamına əsasən İddiaçı adına qeydə alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2 (033)-691/2021 nömrəli qətnaməsi ilə qarşılıqlı iddia təmin edilərək, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması, fərdi yaşayış evindən istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehin çıxarılması tələbinə dair ilk iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 5000 manat kompensasiya verilməklə cavabdehin onun xüsusi mülkiyyətində olan evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili cavabdehin iddia tələbini qəbul etmədiyini, 7000 manat kompensasiya verildiyi halda yaşadığı mənzildən istifadə hüququna xitam verilməsinə cavabdehin razı olduğunu bildirmişdir. Yuxarıda qeyd edilən hüquq normalarının mənasından da göründüyü kimi yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun, iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış sahəsindən istifadə hüququna mütənasib olsun, iddia ərizəsində istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən müəyyən edilmiş olsun, təklif olunan kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəmə qeyd edir ki, kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi barədə iddianın təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı olan ilk hal, iddiaçının həmin tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olubolmamasının müəyyənləşdirilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyündən bəhs edir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə İddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Belə olan halda, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin ağlabatan həcmdə olmasının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə daha sonra təklif olunan kompensasiyanın cavabdehin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun xitamı üçün bazar qiymətlərinə uyğun, yetərli olub-olmamasını müzakirə edərək, hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh ünvan 2 ünvanında yerləşən mübahisəli evdəki istifadə hüquqlarına xitam verilməsi üçün təklif edilən 5000 manat məbləğdə kompensasiya ağlabatan olmaqla, cavabdehin mənafeyinə uyğundur. Belə ki, iş materiallarından, o cümlədən yuxarıda istinad olunan daşınmaz əmlakın real bazar qiyməti ilə bağlı 18 avqust 2022-ci il tarixli 197 nömrəli arayışdan görünür ki, Zaqatala şəhərində mübahisə predmeti olan yaşayış evinə oxşar evdə bir nəfər üçün kirayə haqqı aylıq 70-80 manatdır, 1 otaqlı evin real bazar qiyməti isə təqribən 19000-20000 manat arasındadır. Belə olan halda iddiaçı tərəfindən təklif olunan 5000 manat kompensasiya elə bir əvəzləşdirmədir ki, cavabdehin davamlı surətdə başqa yerdə (Zaqatala şəhərində) əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamasına imkan verir. Bu xüsusda təklif olunan kompensasiya bazar qiymətlərinə uyğun, ünvan 2 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan mənzildən cavabdehin istifadə hüququnun itirilməsi üçün yetərlidir. Hazırki iş üzrə yuxarıda qeyd olunan hallar təklif edilən 5000 manat kompensasiya məbləğinin yetərli olması qənaətinə gəlməyə əsas verir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh 5000 (beş min) manat kompensasiya verilməklə İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzilə Cavabdeh istifadə hüququna xitam verilməsi və cavabdehin həmin evdən çıxarılması barədə iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, əks hal iddiaçının öz mülkiyyətində olan mənzildən maneəsiz istifadə hüququna maneə yaratmaqla iddiaçını həddən artıq məhdudiyyət yükünə məruz qoyardı və vətəndaşların mənzillə təmin olunmasında ifadə olunan ictimai maraqla fərdi şəxsin mənzilə mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlıq prinsipini iddiaçının ziyanına pozmuş olardı. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzil 1 otaqdan ibarətdir və məhkəmə qətnaməsi ilə Cavabdeh həmin mənzilə istifadə hüquqları müddətsiz olaraq olaraq müəyyən olunmuş, yəni bu xüsusda İddiaçı həmin mənzilə mülkiyyət hüquqları müddətsiz olaraq məhdudlaşdırılmışdır. Faktiki olaraq iddiaçının öz mənzili üzərində mülkiyyət hüquqlarının bərpası müddəti qeyrimüəyyəndir. Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında mülkiyyətçiyə mənzildən istifadəçiyə kompensasiya verilməsi ilə mülkiyyətdən müddətsiz istifadədə ifadə olunan bu maneənin aradan qaldırılmasına və öz mülkiyyət hüquqlarının tam bərpa edilməsinə şərait yaradılmışdır. İddiaçı da mənzilə mülkiyyət hüquqlarının bərpa edilməsi üçün cavabdehə mübahisəli mənzilin bazar dəyərinin 1/4 hissəsi miqdarında-5000 manat kompensasiya ödəyir ki, bu məbləğlə də eyni şərtlər daxilində oxşar mənzildə 5 ildən artıq müddətdə yaşamaq mümkündür. Bu həm də iddiaçının pensiyaçı olması, pensiyasından başqa digər qazancının (gəlirinin) olmaması, cavabdehə 5000 manatdan artıq kompensasiya ödənilməsi üçün lazımi maddi imkana malik olmaması və başqa yaşayış sahəsinə malik olmaması, iddiaçının qadın olması, cavabdehin isə kişi olması və onların hazırda bir-birinə yad insanlar olması konteksində cəmi 1 otaqlı mənzildə birlikdə yaşamasının qeyri mümkün və qeyri-etik olması konteksində ədalətlidir. Məhkəmə bir daha qeyd edir ki, Avropa Konvsensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz; yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Məhkəmə hesab edir ki, əslində mülkiyyət hüquqları qeyri-müəyyən müddətə məhdudlaşdırılan və bununla da bu hüquqların bərpa olunması qeyri-müəyyən müddətlə əlaqələndirilən iddiaçının cavabdehə 5 ildən artıq müddətə eyni şərtlər daxilində eyni mənzildə yaşamaq imkanı verəcək mənzilin real bazar dəyərinin 1/4 hissəsi miqdarında- 5000 manat kompensasiya ödəməklə cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi iddiaçının mənzilə mülkiyyət hüquqlarının tam bərpa olunması üçün qanuni və ədalətli əsasdır. İddiaçının sözügedən mənzilə mülkiyyət hüquqlarının bu faktoloji və hüquqi əsaslarla bərpa olunmasından imtina edilməsi onun mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olardı ki, bu da yolverilməzdir. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh 5000 (beş min) manat kompensasiya ödənilməklə Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzildən istifadə hüququna xitam verilməli və Cavabdeh İddiaçı məxsus Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzildən çıxarılmalıdır. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227.1 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 5000 (beş min) manat kompensasiya ödənilməklə Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzildən istifadə hüququna xitam verilsin. Cavabdeh İddiaçı məxsus Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzildən çıxarılsın. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manat məbləğində pul vəsaiti özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №2(033)-281/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-281/2023
11.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver