Məhkəmə qərarları › İş №2(033)-308/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-308/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-308/2021 30.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X4 iştirakı ilə Kreditor İddiaçı X2na qarşı məhkəmə əmrinin çıxarılmasına dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı (bundan sonra-İddiaçı MMC) məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 1831 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1851 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nın hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə borclu Cavabdeh kredit müqaviləsinə əsasən “xxxx” MMC-dən dəyəri 2212 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 1831 manat borcu qalıb. Odur ki, borcludan 1831 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1851 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılması zərurəti yaranmışdır. Zaqatala Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli 2(033)-954/2020 nömrəli məhkəmə əmri ilə kreditorun ərizəsi təmin edilmiş və X2ndan kreditor Soliton MMCnin xeyrinə 1831 manat borc məbləğinin və 20 manat dövlət rüsumunun əvəzinin tutulması əmr edilmişdir. Borclu X1 Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli 2(033)-954/2020 nömrəli məhkəmə əmrinə etirazla müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsinin 01.02.2021-ci il tarixli 2(033)-308/2021 nömrəli qərardadı ilə etiraz təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli 2(033)-954/2020 nömrəli məhkəmə əmri ləğv edilmiş, kreditorun məhkəmə əmrinin verilməsinə dair ərizəsi üzrə materialların iddia icraatına keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. İddiaçı nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə X7 arasında bağlanmış ******* nömrəli 24 iyul 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, X7 İddiaçı MMC-dən kredit yolu ilə 2212 (iki min iki yüz on iki) manat məbləğində məişət avadanlığı əldə etmiş və ilkin ödəniş etdikdən sonra qalıq qalan 1962 (bir min doqquz yüz altmış iki) manat məbləği 18 ay müddətinə aylıq 109 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 1842 nömrəli 15 iyul 2020-ci il tarixli maliyyə arayışından görünür ki, X7 ilə 24 iyul 2018-ci il tarixində bağlanmış XRK4562711 saylı müqavilə üzrə ödənilməmiş 1831,00 manat əsas qalıq borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Göründüyü kimi İddiaçı tərəfindən cavabdeh X5 dəyərini hissə-hissə ödəmək şərti ilə məişət avadanlığı verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində ******* saylı 24 iyul 2018-ci il tarixli borc müqaviləsinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də, İddiaçı qalıq qalmış borcun ödənilməsini cavabdeh X3 tələb etməkdə haqlıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X3 1831 manat məbləğində əsas borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edildiyindən cavabdeh X3 20 manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilməlidir. Cavabdeh X3 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X3 1831 (bir min səkkiz yüz otuz bir) manat məbləğində əsas borc alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh X3 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Cavabdeh X3 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar