Məhkəmə qərarları › İş №2(033)-31/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-31/2023

15.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-31/2023 15.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sərhəddə tikilmiş qanunsuz tikilinin sökülməsi və pəncərələrin bağlanması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1i ərazisində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala ərazi idarəsinin verdiyi xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışda göstərilən 0,1032 ha torpaq sahəsinin qonşuluğunda sərhəddə cavabdeh tərəfindən tikilmiş qanunsuz tikinti olan divarın sökülməsinə, onun həyətinə açılan pəncərələrin bağlanmasına və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində ünvan 1ində yerləşən 0,1032 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 97,0 kv.m. olan fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsi və ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 18 avqust 2021 tarixli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarış da verilmişdir. Həmin torpaq sahəsi Cavabdeh torpaq sahəsi ilə qonşudur. Cavabdeh həmin torpaq sahəsinin sərhədində ondan xəbərsiz və icazəsiz olaraq, ara məsafəsi saxlamadan qanunsuz tikinti aparmışdır və tikdiyi evin pəncərələri onun həyətinə açılır. Tikintinin aparılması üçün müvafiq icazələr alınmamış, Şəhərsalma Məcəlləsinin tələblərinə əməl olunmamışdır. Cavabdeh tərəfindən qonşuluqda aparılmış tikintinin Şəhərsalma Məcəlləsinin 80-cı maddəsinə uyğun aparılıb-aparılmamasını yoxlamaq məqsədi ilə Zaqatala rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İcra Hakimiyyətinin Memarlıq Şöbəsi tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, cavabdehin apardığı tikinti tamamilə qanunsuzdur. O, bu tikintinin aparılmasına dair heç bir məlumatlandırma icraatına əməl etməmişdir. Cavabdehə şifahi olaraq dəfələrlə tikintini sərhəd hasardan bir metr kənarda aparılması tələb olunsa da o, buna məhəl qoymadan ona məxsus sərhəddə qanunsuz tikinti aparmışdır. Qonşunun inşa etdiyi hər hansı bir tikinti hündürlüyün 0.3 hissəsi qədər ara məsafəsi saxlamalı idi. Lakin qonşunun inşa etdiyi qanunsuz tikintinin hündürlüyü 3 metrdən çox olmaqla, ən azı 1 metr ara məsafəsi saxlamalı olduğu halda saxlamamış və ən əsası da odur ki, həmin tikintini ona məxsus hasar üzərində icazəsiz olaraq aparmışdır. Qeyd olunan mübahisə ondan ibarətdir ki, cavabdeh ona məxsus onun mülkiyyətində olan torpaq sahəsinin sərhədini qanunsuz olaraq tutmaqla onu mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum etmişdir. Cavabdehin ona məxsus torpaq sahəsinin sərhəddində mülkiyyət hüququ ilə ona mənsub olan torpaq sahəsinə mülkiyyət hüququnun "şərti və qeyri-sabit" xarakterli etmiş olur. Qeyd olunanlara əsasən o qərara gəlmişdir ki, onun icazəsi olmadan cavabdeh tərəfindən sərhəddə inşa edilmiş qanunsuz tikintinin sökülməsinə və onun həyətinə açılan pəncərələrin bağlanmasına dair məhkəməyə müraciət etsin və Şəhərsalma və Tikinti Məcəlləsində göstərilən tələblərə uyğun ara məsafəsi saxlamaqla həmin məsafədə tikintinin aparılmasına qadağa qoyulmasına dair məhkəməyə müraciət etsin. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Mülki iş üzrə İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, iddia ərizəsində divar dedikdə sərhəddə cavabdeh tərəfindən tikilmiş qanunsuz tikiliyə məxsus onlar arasında olan ortaq divarın və ümumilikdə həmin qanunsuz tikilinin sökülməsini nəzərdə tutduğunu bildirir. O eyni zamanda özü və cavabdehin mülkiyyətində olan torpaq sahələrini biri-birindən ayıran sərhəd divarının sökülməsini tələb etmədiyini qeyd etdi. Sərhəd divarının artıq tikildiyini, sərhəd divarının ona o qədər də maneçilik etmədiyini qeyd edərək sərhəd divarının sökülməsinə dair iddia tələbinin təmin edilməməsini xahiş edir. Bundan başqa, sərhəddə tikilən tikilidən başqa, cavabdehin tikdiyi fərdi yaşayış evinin ona tərəf açılan 3 pəncərəsinin bağlanmasını xahiş edir. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmış reyestr nömrəsi **********19-10301 olan ünvan 1i ünvanında yerləşən 0,1032 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 97,00 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Həmin çıxarışa əsasən inventar nömrəsi 2619 olan texniki pasport hazırlanaraq çıxarışa əlavə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmış reyestr nömrəsi **********25 olan ünvan 1i ünvanında yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. Həmin çıxarışa əsasən AA007384 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanaraq çıxarışa əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2022-ci il tarixli 10/1904 nömrəli ekspert rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə iş üzrə cavabdeh şəxsə məxsus olan və qonşu (iddiaçı şəxs) sahə ilə sərhəd hasarının üzərində tikilmiş tikilinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69 və 72-ci maddələrinin tələblərinin pozulduğu müəyyən olunur. Qərardadın ikinci sualı üzrə: tədqiq olunan ünvanda baxış keçirilən zaman iş üzrə cavabdeh tərəfin baxışda iştirak etməməsi və həmin tikilinin texniki pasportunun təqdim edilməməsi səbəbindən qərardadın 2-ci sualının cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2022-ci il tarixli 10/1904 nömrəli bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Zaqatala rayon İcra Hakimiyyətinin 08 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh 2014-cü ildə Rayon İcra Hakimiyyətinə Zaqatala rayonunun Çökəkoba kəndində mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisi ilə əlaqədar məlumatlandırma icraatının tətbiq edilməsi ilə bağlı rəsmi müraciət etmişdir. Müraciətlə bağlı müvafiq qaydada məlumatlandırma icraatı həyata keçirilmiş və Cavabdeh tərəfindən təqdim olunmuş inşası nəzərdə tutulan fərdi yaşayış evinin eskiz-layihəsi xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. (fərdi yaşayış evinin eskiz-layihəsinin surəti əlavə edilmişdir). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2022-ci il tarixli 10/6956 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli, 10/6956 saylı ekspert vəsatətində qeyd olunan əlavə materiallar (cavabdehə məxsus tikilinin texniki pasportu) Mərkəzə təqdim edilmədiyindən qərardadda ekspert qarşısında qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2022-ci il tarixli 10/6956 nömrəli bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Zaqatala Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli yerində baxış keçirilməsi haqqında protokoldan görünür ki, cavabdehə məxsus torpaq sahəsinin üzərində yerləşən tikililərin fotoşəkilləri çəkilmişdir. Həmin fotoşəkillər mülki iş materiallarına əlavə edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 172.2-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. 180.1-ci maddəsində müəyyən edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinin tələbinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsində müəyyən edilmişdir ki, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 240.1-ci maddəsinə əsasən mülkiyyətçi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə öz torpaq sahəsində binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər. Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma Məcəlləsi 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. 69.4-cü maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5-ci maddəsinə əsasən ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1-ci maddəsinə əsasən divar hündürlüyünün 0.6 hissəsi; 69.5.2-ci maddəsinə əsasən xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0.4 hissəsi; 69.5.3-cü maddəsinə əsasən yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0.25 hissəsi. 69.6-cı maddəsinə əsasən divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil. 69.7-ci maddəsinə əsasən, tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: 69.7.1-ci maddəsinə əsasən mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması; 71.1-ci maddəsinə əsasən ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. 72.2-ci maddəsinə əsasən divarın mövcud qonşu divara paralel tikildiyi və yanaşı divarlar arasında boşluq qaldığı (divarlar arasındakı məsafə onların istismarına mane olduğu) hallarda, həmin boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə müəyyən tədbirlər görülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, reyestr nömrəsi **********19-10301 olan Zaqatala şəhəri rayonu Çökəkoba kəndində yerləşən 0,1032 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Cavabdeh mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində xx.xx.2013-cü il tarixli ********** nömrə ilə qeydiyyata alınmış reyestr nömrəsi **********25 olan ünvan 1ində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsi ilə həmsərhəddir. İddiaçı iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan torpaq sahəsinin sərhədində cavabdeh tərəfindən tikilmiş qanunsuz tikinti olan divarın tikili ilə birlikdə sökülməsini, onun həyətinə açılan pəncərələrin bağlanmasını tələb edir. Cavabdeh isə məhkəməyə gəlməyərək iddia tələbinə qarşı münasibətini bildirməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2022-ci il tarixli 10/1904 nömrəli ekspert rəyinə əsasən cavabdeh şəxsə məxsus olan və qonşu (iddiaçı şəxs) sahə ilə sərhəd hasarının üzərində tikilmiş tikilinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69 və 72-ci maddələrinin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının torpaq sahəsinin sərhədində cavabdeh tərəfindən tikilmiş qanunsuz tikinti olan divarın sökülməsi tələbinin maddi-hüquqi əsasını Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsi və 72-ci maddəsi təşkil edir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh mülkiyyətində olan torpaq sahəsində memarlıq şəhərsalma və tikinti normalarını və qaydalarını pozaraq, buna lazımi icazələr almadan qanunsuz olaraq, iddiaçıya məxsus torpaq sahəsi ilə cavabdehə məxsus torpaq sahəsini ayıran sərhəd hasarına bitişik tikinti apararaq natamam tikili inşa etmişdir. Bu həm məhkəmə tərəfindən yerində müayinə zamanı, həm də çəkilmiş fotoşəkillərlə və ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Qanunvericiliklə müəyyən edilir ki, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Ara məsafəsinin müəyyən edilməsi qaydası Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4 və 69.5-ci maddələrində təsbit olunmuşdur. Həmin normalara əsasən, yerüstü qonşu tikinti obyektləri arasında zəruri məsafə ara məsafəsi müəyyən olunur. Bu məsafənin ölçüləri divarın hündürlüyündən asılıdır və qonşu tikilinin Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5-ci maddələrində nəzərdə tutulan meyarlar nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə tərəfindən iddiaçı və cavabdehin mülkiyyətində olan torpaq sahəsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən inşa edilmiş tikili ara məsafə saxlanmadan İddiaçı ilə cavabdehin mülkiyyətinə olan torpaq sahələrini ayıran sərhəd hasarına bitişik inşa edilmişdir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2022-ci il tarixli 10/1904 nömrəli ekspert rəyi ilə də müəyyən edilmişdir. Məhkəmə tərəfindən Cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsini ayıran sərhəd divarına bitişik Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulan meyarların nəzərə alınmadan inşa edilməsinə icazə verən həmin Məcəllənin 72-ci maddəsində nəzərdə tutulan iddiaçının notariat qaydasında təsdiq olunmuş razılığının olması da müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala ərazi idarəsinin verdiyi xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışda göstərilən 0,1032 ha torpaq sahəsinin qonşuluğunda sərhəddə Cavabdeh tərəfindən öz mülkiyyətində olan 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş tikili qanunsuz hesab edilməklə iki torpaq sahəsini ayıran sərhəd divarı saxlamaqla sökülməlidir. Ona görə ki, iddiaçı tərəf özü sərhəd divarının artıq tikildiyini, sərhəd divarının ona o qədər də maneçilik etmədiyini qeyd edərək sərhəd divarının sökülməsinə dair iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin iddiaçının həyətinə açılan pəncərələrin bağlanması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Məlum olduğu kimi, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə ilə müəyyən edilmişdir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Lakin elə həmin normanın davamı olaraq göstərilmişdir ki, mülkiyyətçinin qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmadan yaxud hüquqdan sui-istifadə etmədən qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilməsi, ondan istifadə edə bilməsi və ona dair sərəncam verə bilməsi, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilməsi və sairə qeyd edilmişdir. Göründüyü kimi, mülkiyyət hüququ qanunla qorunsa da, əhatə etdiyi səlahiyyətləri həyata keçirmək baxımından mütləq deyil. Bu hüquq qanunda nəzərdə tutulan hallarda, o cümlədən başqa şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə məhdudlaşdırıla bilər. Məhdudlaşdırma üçün əsaslardan biri də qonşuluq hüququ çərçivəsində başqa şəxslərə (o cümlədən onların mülkiyyətinə) maneçilik və qeyri-hüquqi hərəkətlərlə təhlükənin yaradılmasıdır. Başqa sözlə, bu hallarda mülkiyyətçinin hüququ məhdudlaşdırıla, ona müvafiq hərəkətlərin edilməsi qadağan oluna bilər. Mülki Məcəllənin 170 və 171-ci maddələrinin məzmunundan göründüyü kimi qonşuluq münasibətlərində olan mülkiyyətçilər bir-birinə cürbəcür hədsiz təsirlərdən çəkinməli, eyni zamanda hüquqi əhəmiyyətsiz dərəcədə pozulursa bununla bağlı qonşu təsirinə dözməlidirlər. İş materiallarından müəyyən olunur ki, Cavabdeh məxsus ünvan 1ində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən iddiaçının mülkiyyətində olan və həmin fərdi yaşayış evinin qonşuluğunda yerləşən 0,1032 ha torpaq sahəsinə doğru açılmış pəncərələr İddiaçı hüquqlarını əhəmiyyətli dərəcədə pozur və bu hal məhkəmə tərəfindən qonşunun mülkiyyətinə əhəmiyyətli dərəcədə hədsiz təsir kimi qiymətləndirilə bilər. Məhkəmə daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməli olduğunu, öz mülkiyyət hüququnu həyata keçirən hər kəsin qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməli olduğunu qeyd edərək hesab edir ki, Cavabdeh mülkiyyətində olan ünvan 1ində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən İddiaçı mülkiyyətində olan və həmin fərdi yaşayış evinin qonşuluğunda yerləşən 0,1032 ha torpaq sahəsinə doğru açılmış 3 ədəd pəncərələr bağlanmalıdır. İddia qismən təmin edildiyindən və İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb edildiyindən məhkəmə hesab edir ki, həmin dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala ərazi idarəsinin verdiyi xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışda göstərilən 0,1032 ha torpaq sahəsinin qonşuluğunda sərhəddə Cavabdeh tərəfindən öz mülkiyyətində olan 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş tikili (iddiaçıya məxsus torpaq sahəsinə daxil olduqda sol tərəfdə divara bitişik tikili) iki torpaq sahəsini ayıran sərhəd divarı saxlanılmaqla sökülsün. Cavabdeh mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala ərazi idarəsinin verdiyi xx.xx.2013-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışda göstərilən ünvan 1ində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən İddiaçı mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala ərazi idarəsinin verdiyi xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışda göstərilən ünvan 1ində yerləşən 0,1032 ha torpaq sahəsinə doğru açılmış 3 ədəd pəncərələr bağlansın. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar