Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-39/2022 17.02.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Məmmədvəli oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaşadıqları mənzilə artırılmış qanunsuz tikilinin cavabdehlərin öz hesabına sökülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan yaşayış evinin pəncərəsinin qarşısında olan altıaçığın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməsinə və həmin pəncərənin qarşısına açılan cavabdehlərə məxsus qapının cavabdehlərin hesabına yerinin dəyişdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə ona məxsusdur. Mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrəsi ilə 21.04.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Qeyd edir ki, cavabdehlər onun qonşusudur. X9 tərəfindən yaşadığı mənzilə tikili artırılmış və bağlı eyvan tikilmişdir. Tikilmiş artırılma onun pəncərəsinin qarşısına düşür. Pəncərəsindən istifadə edə bilmir. Cavabdehlər tərəfindən pəncərənin qarşısına çöp qutusu (zibil qutusu) qoyularaq çöp yığılır. Bunun üçün yay aylarında qoxudan pəncərəni aça bilmir. Dəfələrlə bu barədə cavabdehlərə və müvafiq qurumlara müraciət etsə də, heç bir nəticə əldə olunmamışdır. Zaqatala rayon İcra Hakimiyyətinə ünvanlanmış vəkil sorğusuna verilmiş cavab məktubunda Cavabdeh1 yaşadığı mənzilə artırılmış tikililərə Rayon İcra Hakimiyyəti tərəfindən heç bir razılıq verilmədiyi bildirilmişdir. Artırılmış tikililərə müvafiq qurum tərəfindən razılıq verilməməsi, yaşayış evinə artırılmış tikilinin qanunsuz olması deməkdir. Bunun üçün məcburiyyət qarşısında qalaraq hazırki iddia tələbi ilə müraciət etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi X8 izahat verərək göstərdi ki, ünvan 3 ünvanda yerləşən və keçmiş 9 saylı tikinti trestinin balansında olan çoxmənzilli yaşayış binasında X6 yaşadığı mənzilə artırılmış tikililərə Rayon İcra Hakimiyyəti tərəfindən heç bir razılıq verilməmişdir. İddia ərizəsinin təmin edilməsinə etiraz etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, 21.04.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyetsr kitabının 54 nömrəli vərəqində qeydiyyata alınmış reyestr nömrəsi **********32-05101-093003 olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 28,70 kv.m olan 1 nömrəli mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Həmin çıxarışa əsasən inventar nömrəsi 1460 olan texniki pasport hazırlanaraq çıxarışa əlavə edilmişdir. İşdə olan reyestr nömrəsi **********81-05101-093012 olan Zaqatala şəhəri Faiq Əmirov küçəsi bina 42/3 yerləşən 2 nömrəli mənzilə dair 03 mart 2015-ci il tarixdə tərtib edilmiş inventar nömrəsi 1470 olan texniki pasportun surətindən görünür ki, həmin mənzil hüquq subyekti Cavabdeh1dir və həmin mənzil ümumi sahəsi 25 kv.m olmaqla 2 otaqdan ibarətdir. Daşınmaz əmlak üzərində hüquq 03.03.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyetrində 6 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Zaqatala Rayon İcra Hakimiyyətinin 9/559 nömrəli 24 aprel 2021-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən və keçmiş 9 saylı tikinti trestinin balansında olan çoxmənzilli yaşayış binasında X6 yaşadığı mənzilə artırılmış tikililərə Rayon İcra Hakimiyyəti tərəfindən heç bir razılıq verilməmişdir. İşdə olan Rayon İcra Hakimiyyəti Başçısının Zaqatala şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 16.05.2021-ci il tarixdə verilmiş 690 nömrəli arayışdan görünür ki, X7 ünvan 5 ünvanında yaşayır və ailə tərkibi X2 ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 noyabr 2021-ci il tarixli 10/4895 nömrəli ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyətinin 24.04.2021-ci il tarixli, 9/559 №-li məlumatında qeyd olunanları nəzər alaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələbinin pozulduğu müəyyən edilir. Qərardadın 2-ci sualı tikinti ekspertinin səlahiyyətləri xaricində olduğundan həmin sual üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Mülki iş üzrə həqiqətin müəyyən edilməsinin təmin edilməsindən ötrü tərəflərin iştirakı ilə, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin nümayəndəsi cəlb edilməklə, Zaqatala şəhəri F.Əmirov küçəsi 42/3 ünvanında yerləşən 1 və 2 nömrəli mənzillərə, o cümlədən mübahisələndirilən altıaçığa və cavabdehlər tərəfindən yerləşdirilmiş qapıya baxılması məqsədi ilə yerində müayinə keçirilmişdir. Fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Zaqatala şəhəri, F.Əmirov küçəsi 42/3 nömrəli evdə yerləşən 1 nömrəli ümumi sahəsi 28,70 olan mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Həmin mənzilin qonşuluğunda yerləşən Zaqatala şəhəri Faiq Əmirov küçəsi bina 42/3 yerləşən 2 nömrəli mənzilə dair 03 mart 2015-ci il tarixdə tərtib edilmiş inventar nömrəsi 1470 olan texniki pasportun surətindən müəyyən edilir ki, hüquq subyekti X4. Cavabdeh1 ailəsi özündən və digər Cavabdeh2 ibarətdir. Cavabdeh1 özünə məxsus mənzilin önündə qanunsuz olaraq tikinti işləri aparmış və bağlı eyvan inşa etmişdir və həmin tikiliyə daxil olmaq üçün qapı qoymuşdur. Cavabdehlər tərəfindən aparılmış əlavə tikinti nəticəsində tikilmiş otaq, ona daxil olmaq üçün qoyulmuş qapı və həmin qapının qarşısında-iddiaçının pəncərəsinin üstündə tikilmiş altıaçıq iddiaçıya məxsus mənzilin pəncərəsi önündə inşa edildiyindən o həmin pəncərədən təyinatı üzrə istifadə edə bilmir. İddiaçı cavabdehlər tərəfindən onun mülkiyyət hüquqları pozulduğundan onların bərpası üçün iddia ərizəsi ilə müraciət etmişdir və təmin edilməsini xahiş edir. Cavabdehlər məhkəmə iclaslarında iştirak etmədiyindən onların iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2021-ci il tarixli 10/4895 nömrəli ekspert rəyinə əsasən Cavabdehlər tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələbinin pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından mülkiyyət müstəqil məna daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı 22 iyun 2004cü il tarixli qərarında göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli normadan ibarətdir, birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, razılığa gələn Dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən mülkiyyətçi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə öz torpaq sahəsində binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə əsasən, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. Özbaşına tikinti və onun hüquqi nəticələri qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsində müəyyən edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hüquq normalarının məzmunundan görünür ki, tikintiyə lazımi icazələr almadan tikilmiş tikililər özbaşına tikili hesab edilir və belə tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göründüyü kimi, iddiaçı Əhmədov X1 şəhəri F.Əmirov küçəsi 42/3 ünvanında yerləşən 1 nömrəli mənzilin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Zaqatala şəhəri, F.Əmirov küçəsi 42/3 ünvanında yerləşən 2 nömrəli mənzilin mülkiyyətçisi Cavabdeh1 həmin mənzilin önündə tikinti üçün lazımi icazələr almadan qapalı eyvan tipli tikili (altıaçıq) inşa etmişdir. Cavabdeh tərəfindən tikilmiş özbaşına tikili iddiaçıya məxsus mənzilin pəncərəsi önündə aparılmış və iddiaçının həmin pəncərədən təyinatı üzrə istifadəsinə maneə törətdiyindən onun haqlı narazılığına səbəb olmuşdur. Məhkəmə tərəfindən cavabdehin inşa etdiyi mübahisələndirilən həmin eyvana yerində baxış keçirilmiş, eyvanın qapısı açıldıqda cavabdehə məxsus həmin qapalı eyvanın qapısı iddiaçının mənzili ilə perpendikulyar yerləşdiyi, həmin qapıdan istifadə edildiyi halda iddiaçının mənzilinə açılan pəncərənin təyinatı üzrə istifadəsinin qeyri mümkün olması müəyyən edilmişdir. Həmçinin həmin qapının üstündə tikilmiş altıaçığın günəş işığının da iddiaçının pəncərəsinə düşməsinə maneçilik törətməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ünvan 6 ünvanında yerləşən 2 nömrəli mənzildə müvafiq icazə alınmadan inşa edilmiş iddiaçının mülkiyyətində olan yaşayış evinin pəncərəsinin qarşısında olan altıaçıq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməli və İddiaçı mülkiyyətində olan mənzilin pəncərəsinin qarşısına açılan qapının yeri cavabdehlərin hesabına dəyişdirilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyinə görə 50 (əlli) manat ekspertiza xərci cavabdehlərdən tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 mülkiyyətində olan Zaqatala şəhəri, F.Əmirov küçəsi 42/3 ünvanında yerləşən 2 nömrəli mənzildə müvafiq icazə alınmadan inşa edilmiş iddiaçının mülkiyyətində olan yaşayış evinin pəncərəsinin qarşısında olan altıaçıq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülsün. İddiaçı mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 1 nömrəli mənzilin pəncərəsinin qarşısına açılan cavabdehlərə məxsus qapının yeri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına dəyişdirilsin. İddiaçı ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Cavabdehlər Cavabdeh1ndan və Cavabdeh2 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X5 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-39/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-39/2022
17.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver