Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-418/2021 03.06.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X16 katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh1 vəkili Zaqatala rayon Vəkil Bürosunun vəkili X17 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvan qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında 25 fevral 2016-cı il tarixli şəhadətnamənin ləğv edilməsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş 5000 (beş min) manat məbləğində pul vəsaitinin geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək iddia tələbi dəyişdirilərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə və 5000 (beş min) manat pulun qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X18 vəsatətlə müraciət edərək İddiaçı ona və qeyrilərinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə iddia müddətinin tədbiq edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu Gözəl İsgəndərova məhkəmə baxışı iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, nümayəndəsi olduğu İddiaçı onun anasıdır. 2012-ci ildə Zaqatala rayonunda güclü zəlzələ hadisəsi baş vermişdir. Zəlzələ nəticəsində mərhum babası X21 məxsus 0.20 həyətyanı sahəsinin üstündə yerləşən daşınmaz əmlaka ziyan dəymişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin daşınmaz əmlaka komissiya baxış keçirmiş, müəyyən olunmuşdur ki, həmin evin bərpa gücləndirmə işinin aparılmasına ehtiyac var. 2016-ci ildə həmin bərpa gücləndirmə işin aparılması üçün Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfindən mərhum babası X19 adına 5000 (beş min) manat məbləğində pul vəsaiti X42 köçürülmüşdür. Zaqatala rayon Mazıx kənd sakini, onun dayısı-Cavabdeh1 və Zaqatala RİHB-nın keçmiş Mazıx kənd icra nümayəndəsi Cavabdeh2 əlbir olaraq qanunsuz varislik haqqında arayış verərək vərəsələrin hüquqlarını pozmuşdur. Mərhum babası X19 yaşadığı və 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş evin bərpa gücləndirilməsi işləri ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən ayrılmış 5000 (beş min) manat vəsaitin götürülməsi məqsədi ilə keçmiş Mazıx kənd icra nümayəndəsi Cavabdeh2 tərəfindən 18 fevral 2016-cı il tarixdə mərhum İsmayıl Abdullayevin digər varislərin razılığı olmadan mərhum İsmayıl Abdullayevin 7 varisi olmasına baxmayaraq mərhumun Cavabdeh1 və X9 ibarət iki varisinin olması barədə rəsmi məlumatları tam əks etdirməyən 93 nömrəli arayış tərtib edilməklə digər varislərin hüquqları pozulmuşdur. Belə ki, Zaqatala RİHB-nin Mazıx kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 26.12.2012-ci il tarixli, 867 nömrəli, 17.04.2020-ci il tarixli, 263 nömrəli və 23.02.2021-ci il tarixli 81 nömrəli arayışlardan görünür ki, mərhum babası X19 vəfatından sonra X27, X10, X11, X5, İddiaçı, Cavabdeh1 və X6 ibarət 7 varisi qalmış, varislərdən biri sayılan X27 2019-cu ildə vəfat etmişdir. Zaqatala RİHB-nin keçmiş Mazıx kənd İƏD üzrə nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş 18.02.2016-cı il tarixli 93 nömrəli arayışda yalnız ikisinin adı qeyd edilməklə digər varislərin hüquqları pozulmuş, keçmiş Mazıx kənd icra nümayəndəsi Cavabdeh2 hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmışdır. Bu hərəkətləri ilə Zaqatala RİHB-nin keçmiş Mazıx kənd icra nümayəndəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Nümayəndəsi olduğu iddiaçı şikayət ərizəsi ilə Respublika Baş Prokurorluğuna vərəsəlik hüquqlarının pozulmasına dair müraciət etmişdir. Həmin müraciətə Zaqatala rayon prokurorluğunda baxılmış və Zaqatala rayon məhkəməsində baxılması tövsiyyə olunmuşdur. Göstərdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı onun bacısıdır. Ataları dünyasını dəyişdikdən sonra bacısı İddiaçı ilə o və qardaşları Əli Abdullayev və Şaban Abdullayev arasında atasından miras qalmış 1960-cı ildə tikilmiş fərdi yaşayış evi və 20 hektar həyətyanı torpaq sahəsi ilə bağlı mübahisə yaranmış, 2012-ci ildə baş vermiş zəlzələ ilə bağlı həmin ev yararsız hala düşdüyündən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən evə baxış keçirilmiş, evin bərpa gücləndirilməsi üçün dövlət tərəfindən verilən 5000 manat pulu almaq üçün keçmiş Mazıx kənd icra nümayəndəsi Cavabdeh2 müraciət etmiş, Cavabdeh2 18 fevral 2016-cı ildə atasının varislərinin o və Əli Abdullayevdən ibarət olmasını təsdiq edən 93 nömrəli arayış vermişdir. Qeyd olunan arayışda onun həmin evdə qeydiyyatda olması göstərilmişdir. Mərhum atası yazılı formada olmasa da, ölüm ayağında olan zaman həmin evi kiçik qardaşları Şaban Abdullyevə vəziyyət etmiş, qardaşı Şaban Abdullayev FHN tərəfindən pul verilən zaman burada olmadığı üçün, evin təmiri üçün dövlət tərəfindən ayrılmış vəsaiti götürüb ona göndərməsini xahiş etmiş, qardaşı Şaban Abdullayev həmin pulun üzərini düzəldib evi təmir etdirmək istəsə də, bacısı İddiaçı buna imkan verməmişdir. Məhz bu səbəbdən icra nümayəndəsi evin bərpası üçün dövlət tərəfindən ayrılmış vəsaiti götürmək məqsədilə o və qardaşı Əlinin atasının varisləri olması haqqında arayış vermiş, həmin arayış əsasında o, Zaqatala notariat kontoruna müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Şəhadətnamə əsasında o, ayrılmış pul vəsaitini götürmüş və həmin pulu qardaşı Şabana göndərmişdir. Hansı səbəbdən İcra nümayəndəsi tərəfindən verilmiş arayışda digər vərəsələrin göstərilməməsindən məlumatı yoxdur. İddiaçı başqa, digər vərəsələr həmin evin Şabana verilməsinə razıdır. Qeyd olunanlara əsasən hesa etmişdir ki, iddia əsassızdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 izahat verərək göstərmişdir ki, 1993-2017-ci illərdə Zaqatala RİHB-nin Mazıx kənd icra nümayəndəsi vəzifəsində işləmişdir. 26.12.2012-ci il tarixli, 867 nömrəli varislik haqqında arayış onun tərəfindən verilmişdir. Həmin arayışda mərhum X19 7 övladı olmasına baxmayaraq varisləri siyahısında onun 6 övladı göstərilmiş, kiçik övladı X2 Federasiyasının vətəndaşı olduğu, habelə uzun müddət Rusiya Federasiyasında yaşadığı üçün adı digər qeydiyyat kitabında olduğundan həmin arayışda adı səhvən qeyd edilməmişdir. 2012-ci ildə baş verən zəlzələ nəticəsində digər kəndlərdə olduğu kimi Zaqatala rayonunun Mazıx kəndində yerləşən bir neçə yaşayış evi yararsız hala düşmüş, həmin yaşayış evlərindən biri də mərhum İsmayıl Abdullayevə məxsus kürsülü 1 mərtəbəli yaşayış evi olmuş, həmin evdə heç kim qeydiyyatda olmadığı üçün, yəni 2012-ci ildə tərəfindən verilmiş varislik haqqında arayışda adları qeyd edilən varislər həmin evdə qeydiyyatdan müxtəlif vaxtlarda çıxdıqlarına görə dövlət tərəfindən yararsız hala düşmüş evin bərpa gücləndirilməsi üçün verilən müəyyən miqdarda pulu almaqda problem yaranmış, bununla bağlı mərhum İsmayıl Abdullayevin böyük oğlu Əli Abdullayev və digər oğlu Cavabdeh1 ona müraciət edərək həmin pulu götürmək üçün varislik haqqında arayış istəmişlər. Məhz bu səbəbdən o, 18 fevral 2016-cı il tarixdə mərhum İsmayıl Abdullayevin varislərinin oğlanları Əli Abdullayev və Cavabdeh1 ibarət olduğunu və Cavabdeh1 mərhum atası X32 kəndində yerləşən evində qeydiyyatda olmasını təsdiq edən 93 nömrəli arayış vermişdir. Həmin arayışı verməkdə hər hansı məqsəd güdməmiş və maddi və sair nemətlər əldə etmədiyini bildirərək qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili X28 çıxış edərək iddia tələbinə etiraz etdiyini bildirdi, 18.02.2016-cı il tarixli 93 nömrəli arayışın verilməsindən 6 il keçməsini nəzərə alaraq iddia tələbi üzrə iddia müddətinin tədbiq edilməsini və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işdə oan 28 sentyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zaqatala rayonu, Mazıx kənd sakini X4 mərhum atası X12 miras qalmış əmlaka və torpaqlara keçmiş Mazıx kənd icra nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş vərəsəlik haqqında arayışa əsasən Zaqatala notariat kontorunda 7 nəfər vərəsə olmasına baxmayaraq 2 nəfərin adına vərəsəliyin açılması, mərhum atasının adına zəlzələdə zərər görmüş evin təmiri üçün ayrılmış 5000 manat pulun qardaşı Cavabdeh1 götürməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş 04 iyun 2020-ci il tarixli müraciəti əsasında toplanmış 124C- 20 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Sorğu edilməklə əldə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 05 mart 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı 286757 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X29 21 fevral 2008-ci il tarixdə ölmüş və bu barədə ölüm haqında akt qeydləri kitabında 01.03.2008-ci il tarixdə müvafiq qeyd edilmişdir. Sorğu edilməklə əldə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 05 mart 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı 286758 nömrəli və 02 fevral 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 797901 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X36 07 iyul 2001-ci il tarixdə ölmüş və bu barədə ölüm haqında akt qeydləri kitabında 09.07.2001ci il tarixdə müvafiq qeyd edilmişdir. Sorğu edilməklə əldə edilmiş Zaqatala Rayon ZAQS Bürosu tərəfindən 24 mart 1960-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 02.03.1960-cı il tarixdə anadan olmuş Cavabdeh1 atası X29, anası X26r. Sorğu edilməklə əldə edilmiş Zaqatala Rayon ZAQS Bürosu tərəfindən 30 avqust 1958-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1958-ci il tarixdə anadan olmuş İddiaçı atası X29 anası X26r. Sorğu edilməklə əldə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Mazıx kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 18.02.2016-cı il tarixdə verilmiş 93 nömrəli arayışdan görünür ki, mərhum X19 varisləri X27 və Cavabdeh1dur. Sorğu edilməklə əldə edilmiş 24 fevral 2016-cı il tarixli 08 nömrəli Azərpoçt MMC-nin X47 tərəfindən verilmiş arayışdan görünür ki, Zaqatala Rayonu Mazıx kənd sakini X19 adına FHN tərəfindən 5000 manat vəsait daxil olmuşdur. Sorğu edilməklə əldə edilmiş V-36(2016) nömrəli Zaqatala rayon 2 saylı notariat ofisində açılmış vərəsəlik işinə əlavə edilmiş Cavabdeh1 tərəfindən 25.02.2016-cı il tarixdə verilmiş ərizədən görünür ki, 21.02.2008-ci il tarixdə ölmüş X12 irs qalmış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Zaqatala rayonu Poçt filialına göndərilmiş 5000 (beş min) manat məbləğində pul vəsaitinin ona çatacaq hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Sorğu edilməklə əldə edilmiş Zaqatala rayonu 2 saylı dövlət notariat kontoru tərəfindən verilmiş reyestrdə 2V-61 nömrəsi ilə qeyd edilmiş 25.02.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 21.02.2008-ci il tarixdə ölmüş X21 çatacaq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Zaqatala rayonu Poçt filialına göndərilmiş 5000 (beş min) manat məbləğində pul vəsaitindən Cavabdeh1 1/1 hissədə pay almalıdır. İşdə olan 29 yanvar 2021-ci il tarixli 05 nömrəli Zaqatala Rayon İcra Hakimiyyəti Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışdan görünür ki, Mazıx kənd sakini Cavabdeh1 təsərrüfatının Mazıx kənd XDS icraiyyə Komitəsinin 1980-1982 illərin t/başına kitablarında mərhum atası X19 təsərrüfatından ayrılması barədə qeydiyyatı vardır.Əsas; 1980-1982 illərin t/başına kitabı № 4 ş/h - 302 Fond nömrə126, siy. 2, s/v -134 İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Mazıx kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 23.02.2021-ci il tarixdə verilmiş 81 nömrəli arayışdan görünür ki, 2008-ci ilədək Zaqatala rayonu Mazıx kəndində qeydiyyatda olmaqla yaşamış X19 varisləri X27, X10, X11, X5, İddiaçı, Cavabdeh1 və X13r. Sorğu edilməklə əldə edilmiş V-101(2021) nömrəli Zaqatala rayon 2 saylı notariat ofisində açılmış vərəsəlik işinə əlavə edilmiş İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən 01 mart 2021-ci il tarixdə verilmiş ərizədən görünür ki, 04 iyul 2001-ci il tarixdə ölmüş X20 irs qalmış Zaqatala rayonu Mazıx kəndində yerləşən torpaq sahəsindən İddiaçı çatası hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Sorğu edilməklə əldə edilmiş V-36(2016) nömrəli Zaqatala rayon 2 saylı notariat ofisində açılmış vərəsəlik işinə əlavə edilmiş İddiaçı tərəfindən 06 may 2020-ci il tarixdə verilmiş ərizədən görünür ki, 21 fevral 2008-ci il tarixdə ölmüş X12 irs qalmış Zaqatala rayonu Mazıx kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Sorğu edilməklə əldə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Mazıx kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 28.04.2008-cı il tarixdə verilmiş 298 nömrəli arayışdan görünür ki, 21.02.2008-ci il tarixdə vəfat etmiş X23 bir yerdə yaşadığı qızı İddiaçı dəfn etmişdir. Sorğu edilməklə əldə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Mazıx kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 08.09.2021-ci il tarixdə verilmiş 412 nömrəli arayışdan görünür ki, 2001-ci ilədək Zaqatala rayonu Mazıx kəndində qeydiyyatda olmaqla yaşamış X24 varisləri X29, X27, X10, X11, X5, İddiaçı, Cavabdeh1, X13r. Sorğu edilməklə əldə edilmiş Cavabdeh1 tərəfindən ünvan ünvanlandığı 06.05.2020-ci il tarixli ərizədən görünür ki, 21 fevral 2008-ci il tarixdə vəfat etmiş atası X12 miras qalmış ev və torpaq sahəsindən ona vərəsə kimi payın verilməsini xahiş etmişdir. İddiaçı ilə aralarında mübahisə olduğunu bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsi tərəfindən 03.05.2011-ci il tarixdə verilmiş 304 nömrəli arayışdan görünür ki, Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,2016 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi X19, Abdullayeva Havva Ş, X8 mülkiyyətinə verilmişdir. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,2016 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X19 mülkiyyəti kimi qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində X29 tərəfindən fərdi yaşayış evi tikilmiş, lakin həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. 2012-ci il tarixdə Zaqatala və ətraf rayonlar ərazisində baş vermiş zəlzələ nəticəsində İsmayıl Abdullayev tərəfindən tikilmiş fərdi yaşayış evinə zərər dəymiş və dəymiş zərərin aradan qaldırılması üçün Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfindən X21 5000 manat vəsait ayrılaraq Azərpoçt MMC-nin X42 göndərilmişdir. X29 21 fevral 2008-ci il tarixdə öldüyündən həmin vəsaitin alınması üçün onun oğlu olan Cavabdeh1 vərəsəliyin müəyyən edilərək X23 adına verilmiş miras əmlak hesab olunan 5000 manat vəsaitin alınması üçün qanun üzrə vərəsəlik şəhadətnaməsi alınması məqsədi ilə Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoruna 25 fevral 2016-cı il tarixdə müraciət etmişdir. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Mazıx kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Cavabdeh2 tərəfindən 18.02.2016-cı il tarixdə verilmiş 93 nömrəli arayışa əsasən 21 fevral 2008-ci il tarixdə ölmüş X19 varislərinin X1 və Cavabdeh1 olduğu müəyyən edilmiş və həmin arayış əsasında Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən X21 məxsus miras əmlaka (Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfindən X42 göndərilmiş 5000 (beş min) manat məbləğində pul vəsaitindən ibarət) dair Cavabdeh1 adına 25 fevral 2016-cı il tarixli 2V-61 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı mərhum atası X12 miras qalmış əmlaka və torpaqlara keçmiş Mazıx kənd icra nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş vərəsəlik haqqında arayışa əsasən Zaqatala notariat kontorunda 7 nəfər vərəsə olmasına baxmayaraq 2 nəfərin adına vərəsəliyin açılması, mərhum atasının adına zəlzələdə zərər görmüş evin təmiri üçün ayrılmış 5000 manat pulun qardaşı Cavabdeh1 götürməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət etmişdir. 28 sentyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla müraciəti əsasında toplanmış 124C- 20 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın məzmunundan görünür ki, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət təqibininin başlanması rədd edilmişdir. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Mazıx kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Cavabdeh2 tərəfindən 18.02.2016-cı il tarixdə verilmiş 93 nömrəli arayış qanunsuz verilmiş və Cavabdeh2 hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırmışdır. İddiaçı və onun nümayəndəsi Nümayəndə saxta arayış əsasında verilmiş X21 məxsus miras əmlaka (Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfindən X42 göndərilmiş 5000 (beş min) manat məbləğində pul vəsaitindən ibarət) dair Cavabdeh1 adına Zaqatala Dövlət Notariat Kontoru tərəfindən verilmiş 25 fevral 2016-cı il tarixli 2V-61 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və pulun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 və onun vəkili X28 iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 həmin arayışı verməkdə hər hansı məqsəd güdməmiş və maddi və sair nemətlər əldə etmədiyini bildirərək qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə ilk öncə Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə görə, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair tələblərə tətbiq edilən iddia müddətinin axımının başlanmasını subyektiv hüququn pozulması ilə əlaqələndirmişdir. Bu səbəbdən də iddia müddətinin axımının başlanması şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirilmişdir. Hazırki iş materiallarından və tərəflərin izahatından da görünür ki, iddiaçının mübahisələndirilən əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtı barədə cavabdeh hər hansı sübut təqdim edə bilməmiş, məhkəmə iclasında da həqiqətən iddiaçının iddia müddətinin axımının hansı tarixdən başlanmalı olması ilə bağlı hər hansı inandırıcı sübutlar təqdim edilməmişdir. Şərh edilənlərə əsasən də məhkəmə hesab edir ki iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Məhkəmə daha sonra iddia tələbinin “X21 məxsus miras əmlaka (Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfindən X42 göndərilmiş 5000 (beş min) manat məbləğində pul vəsaitindən ibarət) dair Cavabdeh1 adına Zaqatala Dövlət Notariat Kontoru tərəfindən verilmiş 25 fevral 2016-cı il tarixli 2V-61 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi” hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Belə ki, Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. 2000-ci ilin sentyаbr аyının 1-dən qüvvəyə minmiş Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1133-cü mаddəsində göstərilir ki, ölmüş şəxsin (mirаs qоyаnın əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) о zаmаn qüvvədə оlur ki, mirаs qоyаn vəsiyyətnаmə qоymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır. Həmin Məcəllənin 1134.1-cü mаddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1.1, 1159.1.2 və 1159.1.3-cü maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı mаddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç оlmаzsа, birinin mövcudluğu sоnrаkı növbənin vərəsəliyini istisnа edir. Həmin Məcəllənin 1145 və 1146-cı mаddələrinə əsаsən mirаs fiziki şəxsin ölümü və yа məhkəmə tərəfindən ölmüş elаn edilməsi ilə аçılır. Mirаs qоyаnın öldüyü gün və yа fiziki şəxsin ölmüş elаn edilməsi bаrədə məhkəmə qаrаrının qüvvəyə mindiyi gün mirаsın аçıldığı vаxt sаyılır. Həmin Məcəllənin 1243.1-ci mаddəsinə əsаsən mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Müki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Məcəllənin 1273-1-ci maddəsinə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” 18.07.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Notariat işinin surətindən görünür ki, hazırki iş üzrə miras mərhum X19 21 fevral 2008-ci ildə vəfat etməsi ilə açılmışdır. Vərəsə olan cavabdeh mərhum X19 ölümündən 21.02.2008-ci ildən, yəni miras açıldığı gündən 8 ilə yaxın müddət keçdikdən sonra 25.02.2016-ci il tarixdən başlayaraq mirasa dair şəhadətnamənin verilməsi ilə bağlı notariat orqanına müraciət etmiş və notariat orqanı da onun müraciətini nəzərə alıb 2016cı ildə ona vərəsəlik şəhadətnaməsi vermişdir. Yuxarıda sadalanan qanun normalarının tələblərinə görə miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasa dair şəhadətnamənin verilməsi ilə bağlı müraciət olunduqda notarius birbaşa mirasın qəbuluna dair şəhadətnamə verə bilməz, bu halda mirasın qəbul edilməsi müddətinin ötürülüb-ötürülməməsi məsələsinin müzakirəsi məhkəmə qaydasında aparılmalıdır. Yalnız məhkəmə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti üzrlü səbəb olduğu halda uzada bilər. Müddətlə bağlı məhkəmə qaydasından yeganə istisna hal isə müddət bitdikdən sonra bütün vərəsələrin mirasın qəbul edilməsinə razı olmalarıdır. “Notariat haqqında” qanunun 57-ci maddəsinə görə mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 59-cu maddəsinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Sorğu edilməklə əldə edilmiş notariat işinə əlavə edilmiş sənədlərdən görünür ki, mirasın açıldığı vaxtdan 8 il sonra müraciət etmiş vərəsələrə yəni mirasın qəbul edilmə müddətini nəzərə almadan vərəsəlik şəhadətnaməsi vermiş, üstəlik, Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Mazıx kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Cavabdeh2 tərəfindən 18.02.2016-cı il tarixdə verilmiş 93 nömrəli saxta arayışda adları qeyd edilmədiyindən 21.02.2008-ci il tarixdə vəfat etmiş X19 vərəsələri X10, X11, X5, X7 mirasın qəbul edilməsi müddəti ilə bağlı razılıqlarının olub-olmamasını araşdırmamışdır. Məhkəmə işin qeyd edilən hallarını nəzərə alaraq hesab edir ki, qanunun yuxarıda qeyd edilən normalarının pozulması ilə aparılmış notariat hərəkətləri nəticəsində Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi və həmin şəhadətnamələrin hüquqi nəticələri etibarlı sayıla bilməz və bu hissədə iddia tələbi əsaslıdır. Bundan başqa, işdən görünür ki, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət təqibininin başlanması rədd edilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, mərhum X19 yaşadığı və 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş evin bərpa gücləndirilməsi işləri ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən ayrılmış 5000 manat vəsaitin götürülməsi məqsədilə keçmiş Mazıx kənd icra nümayəndəsi Cavabdeh2 tərəfindən 18 fevral 2016-cı il tarixdə mərhum İsmayıl Abdullayevin digər vərəsələrinin razılığı olmadan mərhum İsmayıl Abdullayevin 7 varisi olmasına baxmayaraq mərhumun Cavabdeh1 və X9 ibarət iki varisinin olması barədə rəsmi məlumatları tam əks etdirməyən 93 nömrəli arayış tərtib edilməklə digər varislərin hüquqları pozulmuşdur. Zaqatala RİHB-nin Mazıx kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 26.12.2012-ci il tarixli, 867 nömrəli və 17.04.2020-ci il tarixli, 263 nömrəli arayışlardan görünür ki, mərhum X19 vəfatından sonra X27, X14, X15, X5, İddiaçı, Cavabdeh1 və X6 ibarət 7 varisi qalmış, varislərdən biri sayılan X27 2019-cu ildə vəfat etmişdir. Zaqatala RİHB-nin keçmiş Mazıx kənd İƏD üzrə nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş 18.02.2016-cı il tarixli 93 nömrəli arayışda mərhum X19 varislərindən yalnız ikisinin adı qeyd edilməklə, digər varislərin hüquqları pozulmuş, keçmiş Mazıx kənd icra nümayəndəsi Cavabdeh2 hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmışdır. Göründüyü kimi, X3 məxsus miras əmlaka (Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfindən X42 göndərilmiş 5000 (beş min) manat məbləğində pul vəsaitindən ibarət) dair Cavabdeh1 adına Zaqatala Dövlət Notariat Kontoru tərəfindən verilmiş 25 fevral 2016-cı il tarixli 2V-61 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Zaqatala RİHB-nin keçmiş Mazıx kənd İƏD üzrə nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş 18.02.2016-cı il tarixli 93 nömrəli arayış əsasında verilmişdir. Həmin arayış isə saxta sənəd hesab edilmişdir. Saxta arayış əsasında verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə isə etibarlı sənəd hesab oluna bilməz. Məhkəmə iddia tələbinin 5000 (beş min) manat pulun qaytarılması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1249-cu maddəsinə əsasən digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Həmin Məcəllənin 1292.1-ci maddəsinə əsasən hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir. Yuxarıda göstərilənlərdən görünür ki, mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinin xüsusi qaydalarını və şərtlərini müəyyən edib. Həmin qaydalara əsasən şəxs öldükdən sonra onun əmlakı birbaşa vərəsənin əmlakına daxil olmur. Miras əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunvericilik Mülki Məcəllənin 1243.1-ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Miras əmlakın vərəsənin mülkiyyətinə daxil olması üçün isə vərəsənin notariat kontoruna ərizə verməsi və ya məhkəməyə müraciət etməsi vacibdir və miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə düşən paya uyğun bölünür, hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki ümumiyyətlə sözügedən mübahisəli Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfindən X42 göndərilmiş 5000 (beş min) manat məbləğində pul vəsaitinin hazırda hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının hazırki məhkəmə baxışının predmeti olan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfindən X42 göndərilmiş 5000 (beş min) manat məbləğində pul vəsaitinin tələb edilməsi ilə bağlı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Məhkəmə araşdırmasında da müəyyən edildi ki, İddiaçı atası 21.02.2008-ci il tarixdə vəfat etmiş Cavabdeh1 irs qalmış mirası qəbul edərək əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Zaqatala rayon 2 saylı Notariat Kontoruna müraciət etsə də, onun 21.02.2008-ci il tarixdə vəfat etmiş Cavabdeh1 adına Azərpoçt MMC-nin X42 FHN tərəfindən göndərilmiş 5000 manat vəsaitdə vərəsə kimi payı müəyyən edilməmişdir. İddiaçı 21.02.2008-ci il tarixdə vəfat etmiş Cavabdeh1 adına Azərpoçt MMC-nin X42 FHN tərəfindən göndərilmiş 5000 manat vəsait üzərində tam pay sahibi kimi sərəncam vermək hüququ yoxdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X3 məxsus miras əmlaka (Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfindən X42 göndərilmiş 5000 (beş min) manat məbləğində pul vəsaitindən ibarət) dair Cavabdeh1 adına Zaqatala Dövlət Notariat Kontoru tərəfindən verilmiş 25 fevral 2016-cı il tarixli 2V-61 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin qismən təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddianın təmin olunan hissəsinə qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 20 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. X3 məxsus miras əmlaka (Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfindən X42 göndərilmiş 5000 (beş min) manat məbləğində pul vəsaitindən ibarət) dair Cavabdeh1 adına Zaqatala Dövlət Notariat Kontoru tərəfindən verilmiş 25 fevral 2016-cı il tarixli 2V-61 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 20 (iyirmi) manat özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-418/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-418/2021
03.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver