Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-448/2021 30.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X10 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə, İddiaçı, cavabdehlər Cavabdeh1, Zaqatala Rayon 2 saylı Notariat Ofisinə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmləşdirilməsinə dair çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, iş üzrə cavabdeh Zaqatala Rayon 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 21 oktyabr 2013-cü il tarixli, 2V-441 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamənin etibarsız hesab edilməsi, iş üzrə üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən iş üzrə Cavabdeh1 adına Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 699,55 m2 həyətyanı torpaq sahəsinə dair 29 oktyabr 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 43 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq mülki iş üzrə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyat Nazilriyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmişlər. İdarənin rəisi məhkəməyə məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən İddiaçı X1nın mülkiyyətinə Zaqatala rayonu, Kebeloba kəndində 699,55 m2 həyətayanı, 0,2127 ha isə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və sonuncunun həmin əmlaklar üzərində hüquqları müvafiq olaraq A seriyalı 059888 və 481945 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri ilə rəsmiləşdirilmişdir. İddiaçı X1 07 aprel 2008-ci il tarixdə ölmüşdür. X11 ölümündən əvvəl, yəni, 2005-ci ildə qızı - hazırki iş üzrə İddiaçı özünə məxsus torpaq sahəsinin 0,10 ha hissəsin qeyri-rəsmi olaraq vermiş və sonuncu həmin torpaq sahəsində 2005-ci ildə fərdi yaşayış evi inşa etmişdir. Hal-hazıradək də qeyd olunan 0,10 ha torpaq sahəsindən iddiaçı istifadə edir. İddiaçı anasından miras qalmış qeyd olunan torpaq sahəsi üzərində qanun üzrə vərəsəlik hüququnu rəsmiləşdirmək məqsədi ilə mərhumun mülkiyyət hüququnun qeydiyyatı məqsədi ilə 2021-ci ilin yanvar ayında iş üzrə üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur ki, iddiaçının qardaşı, hazırki iş üzrə Cavabdeh1 analarından miras qalmış 699,55 m2 həyətyanı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmiş və həmin şəhadətnaməyə əsasən də həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıraraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişdir. Bundan sonra müəyyən olunmuşdur ki, həqiqətən də iddiaçının qardaşı-Cavabdeh1 mərhum anaları X2 miras qalmış 699,55 m2 həyətyanı torpaq sahəsinə 21 oktyabr 2013-cü il tarixdə, mirası qəbul etmiş yeganə vərəsə kimi qanunsuz olaraq “Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə əldə etmiş, 29 oktyabr 2013-cü il tarixdə isə həmin əmlak üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıraraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"larla rəsmiləşdirilmişdir. İddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsinin səbəbi, iş üzrə cavabdehlər Cavabdeh1 və Zaqatala Rayon 2 saylı Notariat Ofisinin qanuna zidd hərəkətləri nəticəsində pozulmuş mülkiyyət hüququnun bərpası ilə bağlıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən də göründüyü kimi, X3 Cavabdeh1 ilə yanaşı, 7 (yeddi) vərəsəsi olmuş və həmin vərəsələrdən iş üzrə Cavabdeh1 və İddiaçı həmin miras əmlakları faktiki olaraq qəbul etmişdir. İddiaçı anasından miras qalmış torpaq sahəsində fərdi yaşayış evi var və sonuncu bu günədək də anasından miras qalmış 0,10 ha torpaq sahəsindən və həmin evdən istifadə edir ki, bu da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən iddiaçının mirası qəbul edən şəxs olmasını təsdiq edir. Lakin, Zaqatala Rayon 2 saylı Notariat Ofisi digər vərəsələrin mirası qəbul edib-etməməsini araşdırmadan və heç bir əsas olmadan X2 miras qalmış 699,55 m2 həyətyanı torpaq sahəsinin yeganə qanun üzrə vərəsəsi kimi Cavabdeh1 tanımaqla, 21 oktyabr 2013-cü il tarixdə həmin əmlakdan yeganə irs alan vərəsə kimi sonuncuya "2V- 441 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə vermişdir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək göstərdi ki, X1nın mülkiyyətində Zaqatala rayonu, Kebeloba kəndində 699,55 m2 həyətyanı, 0,2127 ha isə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. 2005-ci ildə anası vəsiyyətnamə tərtib edərək həmin əmlakları ona vəsiyyət etmişdir. O 2000-ci ildən 2004-cü ilədək Rusiya Federasiyasında yaşamış və o, Azərbaycana qayıtdıqda həmin torpaq sahələrindən bacılarının istifadə etdiyini görmüşdür. X1 07 aprel 2008-ci il tarixdə ölmüşdür. Anası vəfat etdikdən 5 il sonra ondan irs qalmış əmlakın qəbul edilməsi üçün Zaqatala Rayon 2 saylı Notariat Ofisinə müraciət etmişdir və 21 oktyabr 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona 699,55 kv.m həyətyanı torpaq sahəsindən tam pay irs almışdır. Həmin şəhadətnamə əsasında isə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. İddia tələbini qəbul etmir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1bub nümayəndəsi və vəkili X16 cavabdehin izahatına uyğun izahat verərək onun göstərdi xüsusatları təsdiq etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh qanuna müvafiq qaydada 21 oktyabr 2013-cü il tarixli, 2V- 441 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə almış, həmin şəhadətnamə əsasında isə qanuni qaydada öz adına Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 699,55 m2 həyətyanı torpaq sahəsinə dair 29 oktyabr 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. Hesab edir ki, iddia əsassızdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Zaqatala Rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu Gözəl İsgəndərova izahat verərək göstərdi ki, 2013-cü ildə notariat sistemi elektronlaşdırılmamışdır və vəsiyyətnamənin olub-olması Elektron Notariat sisteminə daxil edilməmişdir. İddiaçının faktiki mirası qəbul etməsi barədə məlumat onda olmamış və yalnız icra nümayəndəsi tərəfindən verilmiş arayış əsasında cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib etmişdir. Düzdür həmin arayışda mərhum X3 7 vərəsəsinin olması göstərilsə də, digərlərinin qeydiyyatdan çıxdığı göstərilmiş, ancaq Cavabdeh1 qarşısında olan qrafa boş olmuşdur. Digər vərəsələrin mirası qəbul edib-etməmələri barədə onda heç bir məlumat olmamışdır. Eyni zamanda digər vərəsələrin mirasın qəbulu müddətini ötürdüklərini düşünüb onları Notariat Ofisinə dəvət etməmişdir. Cavabdeh1 müraciət etdiyindən ancaq onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 05.12.2012-ci il tarixli **********86 nömrəli arayışdan görünür ki, Cavabdeh1 A № 059888 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə və AR DTXK-nin Zaqatala rayon şöbəsinin 21.11.2012-ci il tarixli, 135 saylı arayışına əsasən mərhum X3 mülkiyyətinə verilmiş Zaqatala rayonu, Kebeloba kəndi ünvanında yerləşən 699.55 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət və digər əşya hüquqlarının mülkiyyət hüququ üzrə qanunvericiliyə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. İşdə olan Zaqatala RİHB-nın Kebeloba Ərazi Nümayəndəliyi tərəfindən 17.04.2008ci il tarixdə verilmiş arayışdan görünür ki, X11 07.04.2008-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 17.04.2008-ci il tarixdə 01 nömrəli qeyd edilmişdir. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 9.12.2012-ci il tarixdə verilmiş 496 nömrəli arayışdan görünür ki, X14 ilə X11 nikahı barədə akt qeydi Zaqatala Rayon Qeydiyyat Şöbəsinin arxivində tapılmamışdır. Yoxlama 1949-2007-ci illər üzrə aparılmışdır. İşdə olan AZ-İİ seriyalı 917732 nömrəli 03.08.2012-ci il tarixdə Zaqatala rayonu Car kənd nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, 15.08.1956-cı il tarixdə doğulmuş Cavabdeh1 atası X28, X1dır. İşdə olan Zaqatala RİHB-nın Kebeloba kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 04.10.2013-cü il tarixdə verilmiş 562 nömrəli arayışdan görünür ki, X11 2007-ci ilədək Zaqatala rayonu Kebeloba kəndində qeydiyyatda olduğu evdə yaşamış onun vəfatından sonra X15, X23, X24, X6, Cavabdeh1, X17, X12 adında vərəsələri qalmışdır. İşdə olan 21 oktyabr 2013-cü il tarixli Cavabdeh1 tərəfindən Zaqatala Rayon Dövlət Notariat Kontoruna ünvanlanmış ərizədən görünür ki, o, 7 aprel 2008-ci il tarixdə vəfat etmiş X1ndan Zaqatala rayonu Kebeloba kəndində yerləşən 699,55 kv.m həyətyanı torpaq sahəindən ibarət miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. Ərizədə özündən başqa X15, X23, X24, X6, X18, X12 adında vərəsələrin olduğu qeyd edilmişdir. Surəti işdə olan DTXK-nin Zaqatala rayon Şöbəsi tərəfindən 21.12.2012-ci il tarixdə verilmiş 135 nömrəli arayışdan görünür ki, Zaqatala rayon Kebeloba kənd sakini mərhum X3 A seriyalı 059888 saylı Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan 0,0699 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi Zaqatala RİHB-nın Kebeloba İnzibati ərazi nümayəndəliyinin 20.11.2012-ci il tarixli 1346 saylı arayışına əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində verilmişdir. İşdə olan A seriyalı 059888 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-ci il tarixli 110 nömrəli qərarına əsasən X7 verilmiş Zaqatala rayonu Kebeloba kəndində yerləşən 699,55 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İşdə olan reyestrdə 2V-441 nömrə ilə qeyd edilmiş Zaqatala rayonu 2 saylı dövlət notariusu X8 tərəfindən tərtib edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 07.04.2008-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi Rusiya vətəndaşı Zaqatala rayonu Kebeloba kəndində yaşayan oğlu Cavabdeh1 miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən **********86, 05.12.2012-ci il tarixdə verilmiş (əlavə nömrə 37) arayışa əsasən torpaq sahəsi mərhum X7 məxsusdur. Zaqatala rayonu Kebeloba kəndi 699,55 kv.m həyətyanı torpaq sahəsindən ibarətdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 29.10.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonu Kebeloba kəndində yerləşən reyestr nömrəsi **********20 olan 0,0699 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən Vəkil ünvanlanmış məktubdan görünür ki, Zaqatala rayonu, Kebeloba kəndi ünvanında yerləşən mərhum X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0,0699 ha həyətyanı torpaq sahəsi Zaqatala rayonu, 2 saylı dövlət notariat kontorunun 21.10.2013-cü il tarixli, 2V-441 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” sənədinə əsasən ********** qeydiyyat nömrəsi ilə 29.10.2013-cü il tarixində 43 saylı reyestr kitabının 28-ci səhifəsində oğlu Cavabdeh1 adına tam mülkiyyət üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Zaqatala rayon şöbəsi tərəfindən idarəmizə təqdim edilmiş arxiv fondu məlumatlarında sorğuda qeyd olunan X3 mülkiyyətində Zaqatala rayonu, Kebeloba kəndi ünvanında, A 072267 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2114,98 kv.m və ünvan 3i ünvanında, A 481945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2127,6 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin olması qeyd edilmişdir. İşdə olan Zaqatala Rayon Car Bələdiyyəsi tərəfindən 10 iyun 2021-ci il tarixdə verilmiş 100 nömrəli arayışdan görünür ki, İddiaçıt İbrahim qızı 2008-ci il aprel ayından X1ndan miras qalmış əmlakı qəbul edib, idarə edir. İşdə olan Zaqatala RİHB-nın Kebeloba kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 28 yanvar 2021-ci il tarixdə verilmiş 36 nömrəli arayışdan görünür ki, 07.04.2008-ci ildə vəfat etmiş X9 məxsus torpaq sahəsində 2005-ci ildə inşa edilmiş fərdi yaşayış evi var. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Zaqatala rayonu Kebeloba kəndində yerləşən 699,55 kv.m yaşayış məntəqələrinin torpaqları təyinatlı (həyətyanı) torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarına əsasən X3 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi X3 adına daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. X11 07 aprel 2008-ci il tarixdə ölmüş və ölümündən sonra onun X15, X23, X24, X6, Cavabdeh1, X17, X12 adlı vərəsələri qalmışdır. X3 vərəsəsi olan iddiaçı X19 ondan irs qalmış əmlakı 2008-ci ilin aprel ayından qəbul edib idarə etmişdir. X3 vərəsələrindən olan Cavabdeh1 21 oktyabr 2013-cü il tarixdə, 7 aprel 2008-ci il tarixdə vəfat etmiş X1ndan Zaqatala rayonu Kebeloba kəndində yerləşən 699,55 kv.m həyətyanı torpaq sahəindən ibarət miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontoruna müraciət etmişdir. Müraciət ərizəsində o özündən başqa X15, X23, X24, X6, X18, X12 adında vərəsələrin olduğunu da qeyd etmişdir. 21 oktyabr 2013-cü il tarixdə cavabdehə 2V-441 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən o, 07.04.2008-ci il tarixdə vəfat etmiş X4 irs qalmış 699,55 kv.m həyətyanı torpaq sahəsindən vərəsə kimi pay almışdır. Cavabdeh1 Zaqatala rayonu Kebeloba kəndində yerləşən 0,0699 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququ 29.10.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində 43 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmış və həmin qeydiyyat RX seriyalı ******* nömrəli çıxarışla rəsmləşdirilmişdir. İddiaçı X19 2V-441 reyestr nömrəli 21 oktyabr 2013cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində 43 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində Zaqatala rayonu Kebeloba kəndində yerləşən 699,55 kv.m həyətyanı torpaq sahəsinin X13 adına qeydiyyata alınmasına dair aparılmış qeydin və həmin qeydiyyatın rəsmləşdirilməsinə dair çıxarışın ləğv edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir mərhum X1nın özünə məxsus olan əmlakı ona vəsiyyət etdiyini bildirir. Məhkəmə ilk öncə iddia tələbinin “Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 21 oktyabr 2013-cü il tarixli, 2V-441 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Belə ki, Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. 2000-ci ilin sentyаbr аyının 1-dən qüvvəyə minmiş Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1133-cü mаddəsində göstərilir ki, ölmüş şəxsin (mirаs qоyаnın əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) о zаmаn qüvvədə оlur ki, mirаs qоyаn vəsiyyətnаmə qоymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır. Həmin Məcəllənin 1134.1-cü mаddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1.1, 1159.1.2 və 1159.1.3-cü maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı mаddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç оlmаzsа, birinin mövcudluğu sоnrаkı növbənin vərəsəliyini istisnа edir. Həmin Məcəllənin 1145 və 1146-cı mаddələrinə əsаsən mirаs fiziki şəxsin ölümü və yа məhkəmə tərəfindən ölmüş elаn edilməsi ilə аçılır. Mirаs qоyаnın öldüyü gün və yа fiziki şəxsin ölmüş elаn edilməsi bаrədə məhkəmə qаrаrının qüvvəyə mindiyi gün mirаsın аçıldığı vаxt sаyılır. Həmin Məcəllənin 1243.1-ci mаddəsinə əsаsən mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Müki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Məcəllənin 1273-1-ci maddəsinə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” 18.07.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Notariat işinin surətindən görünür ki, hazırki iş üzrə miras mərhum X3 07 aprel 2008ci ildə vəfat etməsi ilə açılmışdır. Vərəsə olan Cavabdeh1 mərhum X3 ölümündən- 07.04.2008-ci ildən, yəni miras açıldığı gündən 5 ilə yaxın müddət keçdikdən sonra 21.10.2013-cü il tarixdə mirasa dair şəhadətnamənin verilməsi ilə bağlı notariat orqanına müraciət etmiş və notariat orqanı da onun müraciətini nəzərə alıb 2013-cü ildə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Yuxarıda sadalanan qanun normalarının tələblərinə görə miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasa dair şəhadətnamənin verilməsi ilə bağlı müraciət olunduqda notarius birbaşa mirasın qəbuluna dair şəhadətnamə verə bilməz, bu halda mirasın qəbul edilməsi müddətinin ötürülüb-ötürülməməsi məsələsinin müzakirəsi məhkəmə qaydasında aparılmalıdır. Yalnız məhkəmə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti üzrlü səbəb olduğu halda uzada bilər. Müddətlə bağlı məhkəmə qaydasında yeganə istisna hal isə müddət bitdikdən sonra bütün vərəsələrin mirasın qəbul edilməsinə razı olmalarıdır. “Notariat haqqında” qanunun 57-ci maddəsinə görə mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Həmin Qanunun 59-cu maddəsinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Sorğu edilməklə əldə edilmiş notariat işinə əlavə edilmiş sənədlərdən görünür ki, mirasın açıldığı vaxtdan 5 il sonra müraciət etmiş vərəsələrə yəni mirasın qəbul edilmə müddətini nəzərə almadan vərəsəlik şəhadətnaməsi vermiş, üstəlik, Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Kebeloba kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 04.10.2013-cü il tarixdə verilmiş 562 nömrəli arayışda cavabdeh də daxil olmaqla əlavə 6 vərəsənin (X15, X23, X24, X6, X18, X12) adı qeyd edilsə də, həmin vərəsələrin X25 qızından irs qalmış mirasın qəbul edilməsi müddəti ilə bağlı razılıqlarının olub-olmaması və onların mirası idarə etməklə qəbul edib-etməmələri araşdırılmamışdır. Göründüyü kimi, Cavabdeh1 mirasın qəbulu müddətini ötürmüş, buna baxmayaraq Notariat Ofisi tərəfindən digər vərəsələrin mirası qəbul edib-etməməsi araşdırılmamış, əgər digər vərəsələr mirası qəbul etmişlərsə onların yazılı razılığı alınmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Məhkəmə onu da nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, miras əmlak vərəsələrdən İddiaçı tərəfindən daha öncə sadalanan hərəkətləri həyata keçirməklə faktiki qəbul olunmuşdur. Bu hal Zaqatala Rayon Car Bələdiyyəsi və Zaqatala RİHB-nın Kebeloba kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş arayışlarla, məhkəmə iclasında tərəflərin verdikləri izahatları ilə bir daha təsdiq olunur. Həmçinin cavabdehdən sonra, iddiaçı da miras qalmış torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Zaqatala rayon 2 saylı Notariat Ofisinə müraciət etmişdir. Lakin ona müəyyən olmuşdur ki, onun qardaşı-Cavabdeh1 mərhum anaları X2 miras qalmış 699,55 m2 həyətyanı torpaq sahəsinə 21 oktyabr 2013-cü il tarixdə, mirası qəbul etmiş yeganə vərəsə kimi qanunsuz olaraq “Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə əldə etmişdir. Bu faktlar da işdə olan sənədlərlə öz təsdiqini tapır və mübahisə doğurmur. Məhkəmə işin qeyd edilən hallarını nəzərə alaraq hesab edir ki, qanunun yuxarıda qeyd edilən normalarının pozulması ilə aparılmış notariat hərəkətləri nəticəsində Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi və həmin şəhadətnamənin hüquqi nəticələri etibarlı sayıla bilməz və bu hissədə iddia tələbi əsaslıdır. Məhkəmə iddia tələbinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən iş üzrə Cavabdeh1 adına Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0,0699 ha həyətyanı torpaq sahəsinə dair 29 oktyabr 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 43 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi ”hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı əsas hesab olunur. Zaqatala Rayon Məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 21.06.2021-ci il müşayiət məktubu ilə daxil olmuş sənədlərdən müəyyən edilir ki, Zaqatala rayonu Kebeloba kəndində olan 0,0699 ha həyətyanı torpaq sahəsinin tam mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyyata alınmasına əsas Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 21.10.2013-cü il tarixli 2V-441 nömrəsi ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə olmuşdur. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarına, eləcə də məhkəmə iclasında tədqiq edilən sübutlara əsasən belə qənaətə gəlir ki, Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 21.10.2013-cü il tarixli 2V-441 reystr nömrəsi ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edildiyindən onun yaratdığı hüquqi nəticələr, yəni qanun üzrə vərəsəlik hüququ haqqında həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində aparılmış qeyd və həmin qeydin rəsmləşdirilməinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X22 ləğv edilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı tələb etmədiyindən onun tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənələrə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 214, 216-220, 227, 233 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Zaqatala rayonu Kebeloba kəndində yerləşən 699,55 kv.m həyətyanı torpaq sahəsinə dair Cavabdeh1 adına Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 21 oktyabr 2013-cü il tarixli, 2V-441 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə etibarsız hesab edilsin. Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən tərtib edilmiş 21 oktyabr 2013-cü il tarixli, 2V-441 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0,0699 ha həyətyanı torpaq sahəsinə dair 43 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində 29 oktyabr 2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış" ləğv edilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manat özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-448/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-448/2021
30.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver