Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-469/2021 30.06.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili X3 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən qabaq Zaqatala rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 09 iyul 2017-ci il tarixli 0.2531 ha torpaq sahəsinin 0.03 ha hissəsinin satılmasına dair AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın təmini tədbiri olaraq Zaqatala rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli 2(033)649/2020 saylı qərardadına əsasən 0.03 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Daha sonra Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Cavabdeh ilə arasında olan razılaşmaya əsasən cavabdeh ona bildirmişdir ki, 2019-cu ilin axırına kimi torpaq sahəsinə olan borc məbləğini, 5000 (beş min) manatı ödəyəcək. Cavabdeh ilə aralarındakı şifahi razılaşmaya əsasən üzərinə götürdüyü öhdəliyə əməl etmədiyi üçün yenidən Zaqatala rayon Məhkəməsinə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair müraciət etmişdir. Zaqatala rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli 2(033)713/2019 saylı qətnaməsinə əsasən iddiası təmin edilməmişdir. Zaqatala rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 27.11.2019-cu il tarixli 2(107)2890/2019 saylı qərarına əsasən apellyasiya şikayəti təmin olunmamış, Zaqatala rayon Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra cavabdeh Zaqatala rayon Məhkəməsinə müraciət edərək iddianm təmin olunmadığı üçün torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair müraciət etmişdir. Zaqatala rayon Məhkəmsinin 16 mart 2020-ci il tarixli 2(033)-649/2020 saylı qərardadına əsasən Cavabdeh məxsus Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Cavabdehin həmin torpaq sahəsi ilə bağlı ona 5000 (beş min) manat borcu qalmışdır. Məhkəmə iclaslarında cavabdehin alqı-satqı müqaviləsi bağlanan zaman pulun ödənmədiyini bildirmişdir. Keçmiş məhkəmə iclaslarında (alqı-satqı müqaviləsinin etibarsızlığına dair) iş yoldaşı X4 İrzaya borcu olduğu üçün yaxşılıq etmək məqsədi ilə o, öz adında olan torpağı girov kimi Cavabdeh adına keçirmişdir. O, nə Cavabdeh, nədəki Ələkbərov Fəxridən alqı-satqı müqaviləsində göstərilən məbləği almamışdır. Bunun üçün hesab edir ki, iddiası əsaslıdır, cavabdehdən torpaq sahəsinə dair ödənilməmiş 5000 manat məbləğ alınaraq ona ödənilməlidir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunaraq cavabdehdən 5000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontorunda 09.07.2017-ci il tarixdə reyestrdə 4Ə-229 nömrə ilə qeyd edilmiş AN-1 seriyalı ******* nömrəli 09 iyul 2017ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı X1 rayonu Aşağı Tala kəndində yerləşən 0,2531 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsini 5000 manata ona satmışdır. O, həmin torpaq sahəsini qanuni əsaslarla almışdır. Həmin müqavilə bağlanan zaman 5000 manat məbləğində pulu iddiaçıya vermişdir. Onun hazırda iddiaçıya hər hansı məbləğdə borcu yoxdur. Alqı-satqı müqaviləsində göstərilən pul məbləği iddiaçıya tam şəkildə ödənildiyindən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-713/2019 nömrəli 02 avqust 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı aralarında 09 iyul 2017-ci il tarixdə bağlanmış 0,03 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 2890/2019 nömrəli 27 noyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 2(033)-713/2019 nömrəli 02 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclası zamanı tərəflərin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 20 iyun 2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,2531 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində 20.06.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı X1 rayonu Aşağı Tala kəndində yerləşən 0,2531 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsini 5000 manata Cavabdeh satmışdır. Həmin müqavilə onlar tərəfindən imzalanmışdır. İddiaçı alqı-satqı müqaviləsindən kənar şifahi razılaşmaları əsasında cavabdehin ona ödənilməmiş 5000 manat verəcəyini də bildirərək həmin pulun alınıb ona verilməsini xahiş edir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş tələbin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsasında yaranmış olmasına, əsassız varlanma nəticəsində və ya zərər vurmadan yaranan öhdəlik nəticəsində ona zərərin cavabdeh tərəfindən vurulmasını sübut etməlidir. İddiaçı tərəfindən isə tələbi təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız iddiaçı tərəfin özünün izahatı olmuşdur. İddiaçı tərəfin özünün izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü ki, iddiaçı iddia edir ki, onunla cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanan zaman aralarında şifahi razılaşma olmuşdur ki, cavabdeh ona 5000 pul ödəyəcəkdir. Lakin, iddiaçı onların arasında razılaşma olması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Qanunvericiliyin tələbindən də görünür ki, əşyanın nisyə satılması haqqında alqısatqı müqaviləsinin mühüm şərti kimi ödənişlərin müddəti və qaydası müqavilədə göstərilməlidir. Halbuki, İddiaçı ilə Cavabdeh arasında 09 iyul 2017-ci il tarixdə bağlanmış Zaqatala Rayon 2 saylı Notariat Ofisində həmin tarixdə reyestrdə qeyd edilmiş Daşınmaz əmlakın alqı-satqı müqaviləsində belə bir şərt öz əksini tapmamış, eyni zamanda tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə bağlanmamışdır. Bundan başqa, iddiaçı onu da qeyd edir ki, “cavabdehin həmin torpaq sahəsi ilə bağlı ona 5000 (beş min) manat borcu qalmışdır. Məhkəmə iclaslarında cavabdehin alqı-satqı müqaviləsi bağlanan zaman pulu ödəmədiyini bildirmişdir.” Məhkəmə bununla bağlı qeyd edir ki, əvvəlki məhkəmə iclaslarında da iddiaçı torpaq alqı-satqısı zamanı pul almadığını bildirsə də, qeyd edilən dəlillərlə bağlı hər hansı sübut təqdim etməmişdir. İddiaçı tələbinin qanuni əsası müəyyən edilərkən aydın oldu ki, İddiaçı ilə Cavabdeh arasında öhdəlik-hüquq münasibətlərinin mövcud olduğunu göstərən sübut məhkəməyə təqdim olunmamışdır və həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərin dispozitiv şərtləri ilə uzlaşmır. Eyni zamanda İddiaçı 5000 manat ödənilməsi ilə bağlı tələbi əsassız varlanmadan da irəli gələ bilməzdi, çünki iddiaçı 5000 manatdan məhrum olduğunu qeyd etsə də, cavabdehin həmin pulun hesabına hər hansı əmlak əldə etməsini göstərən sübut təqdim etməmişdir. Bundan başqa, qanunvericilikdə mülki hüquq pozuntusu (delikt) üçün dispozitiv şərtləri də müəyyən edilmişdir. Zərər vurmadan əmələ gələn öhdəliyin yaranması üçün həmin şərtlərin hamısının, həm də eyni vaxtda olması tələb olunur. Hazırkı halda mülki iş materiallarına cavabdehin əməlində qanunda nəzərdə tutulmuş həmin dispozitiv şərtlərin mövcud olmasını göstərən sübut əlavə edilməmişdir. Bütövlükdə qeyd olunanlar cavabdeh tərəfin əsassız varlanması kimi və ya iddiaçı tərəfə hər hansı maddi zərər dəyməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsində göstərilən dəlillər iddia tələbinin təmin olunması üçün əsas vermir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla İddiaçı iddia etdiyi cavabdehin ona 5000 manat vəsaiti ödəməli olması öz təsdiqini tapmadığından İddiaçı qeyd edilən məbləği Cavabdeh tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə: 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir: 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1090.1.-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Həmin Məcəllənin 1090.2.-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 30 (otuz) manat iddia ərizəsi rədd edildiyinə görə onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsində müəyyən edilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-469/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-469/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver