Məhkəmə qərarları › İş №2(033)-47/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-47/2023

01.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-47/2023 01.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndələri X7, X3, X8, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin Cavabdeh qarşı qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Aşağı Çardaxlar kənd ərazisində yerləşən DSX-nin N nömrəli hərbi hissəsinin 2-ci SK-nın 14-cü sərhəd zastavasının 35-ci sahəsində Cavabdeh tərəfindən sərhədboyu rejim ərazisində qanunsuz inşa edilmiş müvəqqəti tikililər - tövlə (8x9m), altıaçıq (6xl2m), altı açıq (8x14m) və əsaslı təsərrüfat tikilisinin (4x5.5m) cavabdehin öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, DSX-nin SQ-nın N nömrəli hərbi hissəsinin xidməti ərazisində keçirilmiş sərhəd rejim tədbirləri zamanı Zaqatala rayon Aşağı Çardaxlar kəndi sakini Cavabdeh ona kənd təsərrüfatı təyinatı üçün ayrılmış olan torpaq sahəsində qanunsuz olaraq təsərrüfat ferması (2-ci SK- nın 14-cü sərhəd zastavasının 35ci sahəsi) ilə məşğul olması müəyyən edilmişdir. Bu barədə müvafiq aidiyyatı orqanlara müraciət edilmiş, qanunvericiliyin tələbləri vətəndaşa dəfələrlə izah edilmiş, müvafiq izahatı alınmış, müəyyən inzibati tədbirlər görülmüşdür. Lakin vətəndaş Cavabdeh bütün bu göstərilənlərə məhəl qoymayaraq qanunsuz ferma fəaliyyətini davam etdirməkdədir. X13 əhatə etdiyi sərhədyanı kənddə, kənd təsərrüfatı təyinatı üçün ayrılmış olan torpaq sahəsində maldarlıq fəaliyyəti ilə məşğul olması və özbaşına müəyyən tikililər tikməsi sərhəd xəttində xidmətin aparılmasına ciddi maneələr və problemlər yaradır. Nazirlər Kabinetinin 560 saylı qərarı ilə təsdiq olunmuş 5 nömrəli əlavəyə əsasən sovxoz, kolxoz, fermer təsərrüfatları, idarə və təşkilatın işçilərinə yerlərdə işin görülüb qurtarması (yalnız gün işığında) vaxtın təyin olunması altı aydan çox olmamaq şərti ilə sərhəd dəstəsi rəisinin icazəsi ilə zastava rəisi tərəfindən verilmiş xüsusi buraxılışa əsasən həyata keçirilir. Qanunda qeyd olunan maddələr yalnız fəaliyyət növü üçün hüquqi əsasları olan şəxslərə şamil olunur. Cavabdeh sərhədboyu zolaqda həyata keçirdiyi fermer təsərrüfatı qanuna ziddir. Sərhəd zolağında qanunsuz olaraq tikilən ferma və digər tikililərin sökülməsi məqsədilə Cavabdehlə dəfələrlə söhbətlər aparılmış, lakin o, tikililəri sökməkdən imtina etmişdir. Bələ ki, sözügedən ərazi Aqrar islahat komissiyasının 2003-cü il tarixli, 110 saylı qərarı ilə Cavabdeh ümümbirgə mülkiyyətinə verilmiş 2.4581 hektar kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsidir. Mülkiyyətçi həmin ərazidən təyinatına uyğun əkin sahəsi kimi istifadə etsə də, ərazinin bir qismində müvəqqəti tikililər - tövlə (8x9m), altıaçıq (6x12m), altı açıq (8x14m) və əsaslı təsərrüfat tikilisi (4x5.5m) inşa edərək ferma kimi istifadə edir. Odur ki, Cavabdeh sərhədboyu rejim ərazisində qanunsuz inşa etdiyi müvəqqəti tikililər - tövlə (8/9m), altıaçıq (6x12m), altı açıq (8x14m) və əsaslı təsərrüfat tikilisi (4x5.5m) cavabdehin öz hesabına sökülməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Mülki iş üzrə iddiaçının nümayəndəsi X18 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərdi ki, Cavabdeh Dövlət Sərhəd Xidmətinin N №-li hərbi hissəsinin 2-ci Sərhəd Komendantlığının 14-cü Sərhəd Zastavasının 35-ci sahəsində kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsindən təyinatı üzrə istifadə etməyərək sərhəd boyu rejim ərazisində qanunsuz tikinti işləri aparmaqla həmin ərazidən fermer təsərrüfatı (mal-qara üçün) kimi istifadə etmişdir. Nəticədə Cavabdeh əkin torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyinə görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi şöbəsi tərəfindən 500 AZN məbləğində cərimə edilmişdir. Bununla da, həmin tikilinin qanunsuz olması öz təsdiqini tapmışdır. O mütəxəssis rəyinin verilməsi üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş smeta dəyəri barədə məlumatlı olduğunu, həmin smeta üzrə ödənişin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin Maliyyə Şöbəsinə müraciət olunduğunu, lakin Maliyyə şöbəsi tərəfindən ödənişin həyata keçirməsindən imtina edildiyini bildirdi. O mülki iş materiallarına əlavə edilmiş sənədlər əsasında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndələri X4 və X16 iddia tələbini müdafiə etdiklərini bildirdilər və iddiaçının nümayəndəsi X18 ilə oxşar məzmunda izahat verdilər. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X16 əlavə olaraq qeyd etdi ki, Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etmir. Belə ki, həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmasına baxmayaraq cavabdeh həmin torpaq sahəsində tikililər inşa edərək fermer təsərrüfatı üçün istifadə edir. Bu halla əlaqədar o Maraqlı şəxs yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən inzibati məsuliyyətə cəlb edilmiş və 500 manat cərimə edilmişdir. Mülki iş üzrə Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və iddia ərizəsinin rədd edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, Alazan çayının sahili boyu iddia ərizəsinin predmeti olan tikili tipli tikililər var və iddiaçı yalnız ona qarşı belə bir tələblə müraciət etmişdir. O, ancaq çıxarışla onun mülkiyyətində olan torpaq sahəsindən istifadə edir. Mülki iş üzrə Cavabdeh vəkili Vəkil çıxışında bildirdi ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən cavabdehə məxsus tikililərin iddiaçıya ciddi təsirinin olduğu ilə bağlı sübut təqdim edilməmişdir. Mövcud halda həmin tikililərin iddiaçının hansı hüquqlarına toxunması və hansı hüquqlarının məhdudlaşdırılması ilə bağlı bir sübut iddia ərizəsinə əlavə edilməmişdir. Hesab edir ki, iddianı sübutetmə yükü iddiaçı tərəfindən həyata keçirilməlidir. İddiaçı tərəfindən isə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Mübahisələndirilən tikililər cavabdehin çıxarışla mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşir. Bununla bağlı ekspertiza təyin edilsə də, iddiaçı tərəfindən smeta xərci ödənmədiyindən rəy verilməmişdir. Odur ki, hesab edir ki, iddia tələbi ümumilikdə əsassızdır və rədd edilməlidir. İşin halları Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş A456945 nömrəli Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Zaqatala rayonu Aşağı Çardaxlər kəndi ərazisində yerləşən 24581,15 kv.m torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarına əsasən Cavabdeh verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən nömrəli çıxarışdan görünür ki, xüsusi mülkiyyət kimi reyestr nömrəsi **********48 olan Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yerləşən 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə Cavabdeh, X6, X9 və X1 hüquqları rəsmiləşdirilmişdir. Kənd Təsərrüfat Nazirliyi tərəfindən verilmiş Üv seriyalı ********* nömrəli Ailə kəndli təsərrüfatı üzvünün vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən X5 küçə ailə kəndli təsərrüfatının üzvüdür. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 16/2374 nömrəli məktubundan görünür ki, Cavabdeh məxsus təsərrüfat ferması Zaqatala sərhəd dəstəsinin 2-ci sərhəd komendantlığının 14-cü sərhəd zastavasının 35-ci sahəsində sərhədboyu rejim zolağında dövlət sərhəd xəttindən 521 metr məsafədə yerləşir. Maraqlı şəxs yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi İdarəsinin 26 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Şəki ərazi şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 2619 saylı müraciəti Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin, Zaqatala RİH-nin Memarlıq və Tikinti şöbəsinin mütəxəssisləri tərəfindən vətəndaşın və Sərhəd Xidmətinin nümayəndələrinin iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən ərazi Aqrar islahat komissiyasının 2003-cü il tarixli, 110 saylı qərarı ilə Cavabdeh ümumbirgə mülkiyyətinə verilmiş 2.4581 hektar kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsidir. Bələdiyyə arayışına əsasən Cavabdeh 4 nəfər ailə üzvünə 2.92 hektar pay torpaq sahəsi verilmiş, lakin texniki səbəblərdən 0.47 hektar torpaq sahəsinin plan ölçü sənədi işlənməmişdir. Mülkiyyətçi həmin ərazidən təyinatına uyğun əkin sahəsi kimi istifadə etsə də, ərazinin bir qismində müvəqqəti tikililər - tövlə (8x9 m), altıaçıq (6x12m), altıaçıq (8x14m) və əsaslı təsərrüfat tikilisi (4x5.5m) inşa edərək ferma kimi istifadə edir. Beləliklə də vətəndaş ümumilikdə 3.95 hektar torpaq sahəsindən istifadə edir. Mülkiyyətçi ümumbirgə mülkiyyətinə verilmiş pay torpağının bir hissəsində ferma yaratmaqla və 22 kv.m əsaslı tikili inşa etməklə torpaq Qanunvericiliyinin tələblərini pozmuşdur. Cavabdeh torpaq qanunvericiliyin tələbləri izah edilmiş, bildiriş verilmiş, inzibati qaydada protokol tərtib edilmiş və qısa müddətdə qanun pozuntusunun aradan qaldırılması nəzərinə çatdırılmış, əks halda qanunvericilidə nəzərdə tutulmuş ciddi tədbirlərin görüləcəyi bildirilmişdir. Maraqlı şəxs yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X14 18 saylı Zaqatala Ərazi İdarəsinin 05 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Zaqatala Rayon Məhkəməsinin e2(033)-772/2022 nömrəli mülki iş üzrə tədqiqat obyektinə tərəflərin iştirakı ilə baxış keçirilmiş və mütəxəssis rəyi hazırlanmış, həmin mütəxəssis rəyinin verilməsinə dair hesablanmış xidmət haqqı barədə smetada nəzərdə tutulmuş xidmət haqqı iş üzrə iddiaçı tərəfindən ödənildiyi halda mütəxəssis rəyinin məhkəməyə təqdim ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən həmin xidmətin Maliyyə Plan İdarəsinə ünvanlanmış xidməti məktubdan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-772/2022 nömrəli 06 oktyabr 2022-ci il tarixli qərardadına əsasən, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Cavabdeh qarşı “qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri' X14 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisləri də cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyestri” X14 18 saylı Zaqatala Ərazi İdarəsi mütəxəssis rəyinin təqdim edilməsi barədə məktubla müraciət edərək mütəxəssis rəyinin hazırlandığını bildirmiş və təqdim edilən smetada nəzərdə tutulmuş xidmət haqqın ödəniləcəyi və ödənişin təsdiqi barədə sənədin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X14 18 saylı Zaqatala Ərazi İdarəsinə təqdim ediləcəyi təqdirdə tələb olunan mütəxəssis rəyinin məhkəməyə təqdim ediləcəyini bildirmişdir. Beləliklə, smeta və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 18 saylı Zaqatala Ərazi İdarəsinin bank hesabına dair məlumatlar iddiaçı DSX və Cavabdeh göndərilərək smetada qeyd edilən ümumi smeta dəyərini Xidmətin hesabına ödəyərək bu barədə ödəniş qəbzinin Zaqatala Rayon Məhkəməsinə təqdim edilməsi təklif olunmuşdur. Cavabdeh iddianın DSX tərəfindən qaldırılmasını bildirərək 109.60 manat məbləğində ümumi smeta dəyərini ödəməkdən imtina etmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 18 saylı Zaqatala Ərazi idarəsi ilə telefon vasitəsilə əlaqə saxlanılmış, mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi və məhkəmənin yekun qərarında smetanın məbləğinin iş üzrə hansı tərəf tərəfindən ödənilməsinə hüquqi qiymət veriləcəyi izah edilsə də, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 18 saylı Zaqatala Ərazi İdarəsi ödəniş edilməyəcəyi təqdirdə mütəxəssis rəyini məhkəməyə təqdim etməyəcəyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, mübahisə edilən inzibati işlə bağlı mütəxəssis rəyinin təqdim edilməsi ilə əlaqədar 109.60 manat məbləğində ümumi smeta dəyərinin DSX tərəfindən ödənilib-ödənilməməsinə (müsbət halda ödəniş təsdiq edən sənədin təsdiq edilmiş surəti) dair rəsmi münasibətin bildirilərək qısa müddət ərzində İstintaq və Təhqiqat İdarəsinə təqdim olunması barədə aidiyyəti üzrə göstəriş verməyinizi xahiş edirəm. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Maliyyə Plan İdarəsi tərəfindən həmin xidmətin İstintaq və Təhqiqat İdarəsinə ünvanlanmış xidməti məktubdan görünür ki, mütəxəssis rəyinin təqdim edilməsi ilə əlaqədar "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X14 18 saylı Zaqatala Ərazi idarəsinə ödənilməsi nəzərdə tutulan vəsaitlə bağlı müvafiq məhkəmə qərarı olmadığından Maliyyə-Plan İdarəsi tərəfindən hər hansı bir ödənişin aparılmasının imkan xaricində olduğu bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.1-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi; mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; mülkiyyətin toxunulmazlığı; müqavilələr azadlığı; şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsipləridir. 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 13-cü maddəsinin 2-ci hissəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20- 50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları;dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar;dövlət ehtiyat fondu torpaqları daxildir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi 17.4-cü maddəsinə əsasən yerin təkindən və torpaqdan qənaətlə və səmərəli istifadə olunmalıdır. Kənd təsərrüfatı, meşə və yaşayış məqsədləri üçün istifadə edilən ərazilər başqa məqsədlər üçün yalnız əsaslandırılmış zəruri ölçüdə nəzərdə tutulmalı və istifadə edilməlidir. 79.1 və 79.1.1-ci maddələrinə əsasən maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanunu 18-ci maddəsinə əsasən sərhəd çaylarının, çöllərinin və digər sututarlarının Azərbaycan Respublikasına məxsus hissəsində gəmiçilik, sudan istifadənin başqa növləri, müxtəlif hidroqurğular tikilməsi, digər işlərin görülməsi, Azərbaycan Respublikasının dövlət sərhədində torpaqlardan, meşələrdən, heyvanlar aləmindən istifadə edilməsi, filiz-çıxarma, geoloji axtarışlar və dikər təsərrüfat fəaliyyəti Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq müqavilələrə uyğun olmalı və Azərbaycan Respublikasının dövlət sərhədində lazımi qayda təmin olunması şərtilə həyata keçirilməlidir. Azərbaycan Respublikasının dövlət sərhədində hər növ təsərrüfat fəaliyyətinin qaydası Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən müəyyən edilir və bu fəaliyyət müvafiq icra hakimiyyəti orqanı ilə razılıq əsasında həyata keçirilir. 22-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədində lazımi qaydanı təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı sərhədboyu zona və sərhədboyu zolaq müəyyən edir. Sərhədboyu zonanın hüdudlarını müvafiq icra hakimiyyəti orqanı sərhədyanı rayonların ərazisində, yerli şərait-dən asılı olaraq müəyyən edir. Müəyyən edilmiş sərhədboyu zonanın tərkibinə Azərbaycan Respublikasının ərazi və daxili suları da aid edilir. Sərhədboyu zonada psixonevroloji dispanserlərin (xəstəxanaların) və islah-əmək müəssisələrinin yerləşdirilməsi qadağandır. Eni 1 kilometrədək olan sərhədboyu zolaq bilavasitə Azərbaycan Respublikasının dövlət sərhədi xətti boyunca quru hissələrdə və ya: sərhədboyu çayların, göllərin və başqa sututarların sahilləri boyunca müəyyən-edilir. Azərbaycan Respublikası dövlət sərhədinin qorunması naminə müvafiq icra hakimiyyəti orqanı texniki çəpərlərin düzəldilməsi, sərhədboyu yolların, körpülərin çəkilməsi, başqa obyektlərin tikilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müddətsiz istifadəsinə həm sərhədboyu zolaqda, həm də onun hüdudların-dan kənarda 30—50 metr enində lazımi torpaq zolaqları, habelə Azərbaycan Respublikasının dövlət sərhədi boyunca 5 metrlik zolaq verir. 24-cü maddəsinin 5-ci hissəsinə əsasən sərhədboyu zolaqda və dövlət sərhədi ilə sərhəd mühafizə orqanlarının texniki çəpər xətti arasındakı ərazi zolağında daimi yaşamayan şəxslər oraya yalnız istehsalat və ya xidmət zərurəti olduqda buraxılırlar. həmin vətəndaşların göstərilən yerlərə buraxılması və orada müvəqqəti qalması qaydasını, habelə orada sudan istifadə edilməsi, kənd təsərrüfatı işləri və başqa işlər görülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı yerli idarəetmə orqanları ilə razılığa əsasən müəyyən edir. 24-cü maddəsinin 15-ci hissəsinə əsasən sərhədboyu zolaqda və Azərbaycan Respublikasının dövlət sərhədi ilə sərhəd mühafizə orqanlarının texniki çəpər xətti arasındakı ərazi zolağında hər cür tikinti, meşəqırma və başqa işlər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həyata keçirilir; Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə əsasən aparılan tikinti işləri və təbii fəlakətlərin ləğv edilməsi, xüsusilə təhlükəli yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri görülməsi ilə bağlı olan işlər istisna təşkil edir. 24-cü maddəsinin 16-cı hissəsinə əsasən sərhədboyu zolaqda və bilavasitə dövlət sərhədinin yaxınlığında lazımi icazəsi olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla təsərrüfat və digər işlərin aparılması, mal-qaranın saxlanılması və otarılması, kütləvi-ictimai tədbirlərin keçirilməsi qadağandır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1181-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı 3.2-ci bəndinə əsasən həmin Qanunun 18-ci maddəsinin ikinci hissəsində, 22-ci maddəsinin dördüncü hissəsinin ikinci cümləsində, 24-cü maddəsinin 5-ci hissəsinin birinci abzasının ikinci cümləsində və 14-cü hissəsinin birinci cümləsində, 15-ci hissəsində, 25-ci maddəsinin 5-ci (ikinci halda), 6-cı (birinci halda) və 8-ci hissələrində, 30-cu maddəsinin birinci hissəsinin birinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu 3.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; dəniz limanının ərazisinin artırılması bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarına əsasən Cavabdeh mülkiyyətinə Zaqatala rayonu Aşağı Çardaxlar kəndi ərazisində 24581,15 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh, X6, X9, X1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrinin adına qeydiyyata alınmış və həmin qeydiyyat müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh ailə kəndli təsərrüfatının üzvü kimi fermer təsərrüfatı ilə məşğuldur və mülkiyyətində olan 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində heyvanların saxlanılması üçün müvəqqəti tikililər tikmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi Cavabdeh tərəfindən tikilmiş tikililərin sərhədboyu rejim ərazisində qanunsuz inşa edilməsinə əsaslanaraq müvəqqəti tikililər olan tövlə (8x9m), altıaçıq (6xl2m), altı açıq (8x14m) və əsaslı təsərrüfat tikilisinin (4x5.5m) cavabdehin öz hesabına sökülməsini tələb edir. Məhkəmə ilk öncə onu qeyd edir ki, Cavabdeh mübahisənin predmeti olan tikililəri mülkiyyətində olan 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa etməsini özü qeyd edir, cavabdeh tərəf isə ümumiyyətlə mübahisələndirilən tikililərin iddiaçının mülkiyyətində olan torpaq sahəsində və ya başqa torpaq sahəsində inşa edilməsi ilə bağlı şübhə doğurmayan sübutlar təqdim edə bilmir. Belə ki, bu xüsusatları araşdırmaq üçün məhkəmə tərəfindən qərardad qəbul edilərək mühəndis-texniki ekspertiza təyin edilmiş və müvafiq suallar qoyulmuşdur. Maraqlı şəxs yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X14 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tədqiqat obyektinə tərəflərin iştirakı ilə baxış keçirilmiş və mütəxəssis rəyi hazırlanmış, həmin mütəxəssis rəyinin verilməsinə dair hesablanmış xidmət haqqı barədə smetada nəzərdə tutulmuş xidmət haqqı iş üzrə iddiaçı tərəfindən ödənildiyi halda mütəxəssis rəyinin məhkəməyə təqdim ediləcəyi bildirilmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsinə dair hesablanmış xidmət haqqı barədə smetada nəzərdə tutulmuş xidmət haqqının ödənilməsindən imtina edilmişdir. Ona görə də, məhkəmə tərəfindən təkziedilməz sübutlarla ümumiyyətlə mübahisələndirilən tikililərin harada yerləşməsini (sərhəd zolağında, cavabdehin çıxarışla mülkiyyətində olan torpaq sahəsində və s.) müəyyən etmək mümkün olmamışdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddiasını təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə iddianın təmin edilməsi üçün yetərli deyil. İddiaçının izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahatlar iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Daha sonra məhkəmə qeyd edir ki, qanunverici tərəfindən sərhədboyu zolağın ölçüləri müəyyən edilərək dövlət sərhədi xəttindən başlayaraq eninin 1 kilometr (1000 metr) olduğu və dövlət sərhəd zolaqlarının dövlət mülkiyyətində olan torpaqlara daxil olduğu göstərilmişdir. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət sərhəd zolaqlarında yerləşən torpaq sahələrindən istifadə dövlət sərhədində lazımi qayda təmin olunması şərtilə həyata keçirilməli və orada hər cür tikinti işləri Dövlət Sərhəd Xidmətinin razılığı ilə həyata keçirilməlidir. Mülki iş materiallarından müəyyən edilir ki, iddianın predmeti olan tikililərin yerləşdiyi 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dövlət sərhəd xəttindən 521 metr məsafədə (iddiaçı tərəfin təqdim etdiyi məktuba əsasən) yerləşməsinə baxmayaraq çıxarışa əsasən dövlət mülkiyyətində yox, Cavabdeh mülkiyyətindədir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən istifadəsi şərtləri dövlət mülkiyyətində olan sərhədboyu zolaqda yerləşən torpaq sahələrindən istifadə şərtləri ilə eyni ola bilməz və Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən istifadəsi şərtlərinin sərhədboyu zolaq üçün nəzərdə tutulmuş həcmdə məhdudlaşdırılması mülki hüququn əsas prinsiplərindən olan mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsipinə ziddir. Torpaq qanunvericiliyinin dövlət sərhəd zolaqlarının dövlət mülkiyyətində olması müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət sərhəd zolağı kimi nəzərdə tutulan ərazidə yerləşən xüsusi mülkiyyətdə olan torpaq sahələrindən istifadəyə dair hər hansı məhdudiyyət qanunla nəzərdə tutulmadığından mülki qanunvericilikdə nəzərdə tutulan dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu əsası ilə mülki hüquqların məhdudlaşdırılması tətbiq edilə bilməz. İddiaçı iddia tələbində Cavabdeh tərəfindən tikilmiş müvəqqəti tikililər olan tövlə, iki altıaçıq və təsərrüfat tikilisinin qanunsuz tikili olduğunu iddia etmiş, lakin tikilinin qanunsuz olmasına dair hər hansı sübut təqdim etməmişdir və həmin tikililərin qanunsuz tikili olması məhkəmə araşdırmasında da müəyyən edilməmişdir. Ona görə ki, torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətindədir və üzərində olan tikililərə onun gözlənilən mülkiyyət hüququ vardır. Belə ki, iş materiallarından müəyyən edilir ki, Cavabdeh iddianın predmeti olan müvəqqəti tikililəri öz mülkiyyətində olan 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində tikmiş və torpaq qanunvericiliyinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvəqqəti tikililərin quraşdırıla biləcəyi göstərilmiş və qüvvədə olan qanunvericiliyə əsasən kənd təsərrüfatı ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Məhkəmə iddiaçının Cavabdeh sərhədboyu zolaqda həyata keçirdiyi fermer təsərrüfatının qanuna zidd olması və bununla bağlı inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, Cavabdeh mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fermer təsərrüfatı ilə məşğul olması iddianın predmeti olan tikililərin qanunsuz tikili olmaqla sökülməli olmasına dəlalət edə bilməz. Son olaraq məhkəmə iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin cavabdeh tərəfindən tikilmiş tikililərin sərhəd xəttində xidmətin aparılmasına ciddi maneələr və problemlər yaratması dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən maneələr və problemlərin nədən ibarət olmasını göstərən və həmin maneələrin hansı həcmdə olmasına dair əsaslı sübut təqdim edilməmişdir. Məhkəmə iddiaçının bu dəlilinə münasibətdə eyni zamanda qeyd edir ki, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi üçün qanunvericilikdə torpaqların alınması imkanı da nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin Cavabdeh qarşı qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin Cavabdeh qarşı qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar