Məhkəmə qərarları › İş №2(033)-539/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-539/2021

28.07.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-539/2021 28.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X8 katibliyi, ərizəçi X4 və maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X6 iştirakları ilə, ərizəçi X4 maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı qızı X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X7 maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 04 may 1982-ci il tarixdə Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində anadan olmuş və orada qeydiyyatda olan qızı X9 psixi və kəmağıllıq vəziyyətinə görə öz hərkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən ərizəçi X7 ərizəsini müdafiə edərək izahatında göstərdi ki, 04 may 1982-ci il tarixdə anadan olmuş X14 onun qızıdır. Qızı birinci qrup əlildir və ona kvadroplegik spastik serebral iflic, spastik tetraplegiya, çox ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb olunan davranış pozğunluğu diaqnozu təyin edilib. Hazırda qızı onun himayəsində olmaqla, onunla birlikdə yaşayır. Qızı əmək qabiliyyətsizdir və daim kənar şəxsin köməyinə ehtiyacı vardır. O, etdiyi hərəkətlərin mənasını dərk etmir və özözünü müstəqil idarə etmək iqtidarında deyil. Buna görə də, özünü onun üzərində qəyyum təyin etdirmək qərarına gəlmişdir. Bunun üçün əvvəlcə şəxs məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Bununla bağlı ekspertiza da təyin olunmuşdur və ekspert rəyi ilə də onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi müəyyən edilmişdir. Hesab edir ki, iddiası əsaslıdır. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə baxış iclasında iştirak edən maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X12 izahat verərək göstərdi ki, iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə Şəhər psixonevroloji Dispanseri tərəfindən keçirilmiş psixiatrik ekspertizasının rəyi ilə tanış olmuşdur və 04 may 1982-ci il tarixdə doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Zaqatala rayon İcra hakimiyyəti Yuxarı Çardaxlar kənd inzibati ərazi dairəsi tərəfindən 21 oktyabr 2020-ci il tarixdə verilmiş 358 nömrəli arayışdan görünür ki, ərizəçi X4 əri X13, qızı X10r. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 16 oktyabr 2020-ci il tarixdə verilmiş məlumatdan görünür ki, X9 diaqnozu kvadroplegik spastik serebral iflic, spastik tetraplegiya, çox ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb olunan davranış pozğunluğu. Əlillik dərəcəsi birinci qrup. əlillik səbəbi ümumi xəstəlik, müddətsiz. Əmək zəmanəti daima kənar qulluğa ehtiyacı var. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanserinin 22 iyun 2021-ci il tarixli, 320 nömrəli rəyində göstərilmişdir ki, X3 hal-hazırki ekspertiza zamanı aşağıdakılar aşkar olunur. X14 avtomobildə müayinə olunmuşdur. FİZİKİ VƏZİYYƏTİ: Orta boylu, displastik bədən quruluşludur. Dəri və görünən selikli qişaları quru və təmizdir. Daxili orqanlarında kobud patologiya aşkar olunmur. A/t 110/70 mm c. s.b., nəbzi dəqiqədə 74 vurğudur. NEVROLOJİ VƏZİYYƏTİ: Mərkəzi sinir sistemində üzvi mikroorqanik patologiya aşkar olunur. Göz bəbəkləri qeyri-bərabərdir, fotoreaksiyası zəifdir. Yoxlanılan şəxsdə spastik tetraplegiya aşkar olunur, ancaq kənar şəxsin yardımı ilə hərəkət edə bilir. PSİXİ VƏZİYYƏTİ: Xarici görünüşü səliqəsizdir. Bələdliyi pozulub, yoxlanılan şəxs verilən suallara heç bir reaksiya vermir, bəzən anlaşılmaz səslər çıxarır və bu səbəbdən bütün anamnestik məlumatlar atası X13 və anası X2 toplanmışdır. Müayinə zamanı narahat və gərgindir, neçə yaşı olduğunu, halhazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilmir. Əhvalı davamsızdır. Yaddaşı kobud pozulub. Təfəkkürü parçalanmışdır. Oxumaq və yazmaq vərdişləri yoxdur, adi hesablama əməliyyatlarını belə apara bilmir. Hal-hazırki müayinə zamanı onda qavrama pozğunluğu, kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar etmək mümkün olmur. Maraq dairəsi daralmışdır, fizioloji tələblərlə motivləşir. Abstrakt və məntiqi təfəkkürə malik deyil. Emosiyaları və affektiv reaksiyaları dayanıqsızdır, ifadə olunmuş davranış pozğunluğu müşahidə olunur. Düşdüyü vəziyyətə tənqidi yoxdur. İntellekti inkişafdan geri qalıb, şəxsiyyəti qüsurludur, İQ=34 %. Yuxarıda göstərilənləri nəzərə alaraq komissiya bu nəticəyə gəlir ki, X14 xroniki xəstəlik olan AĞİR DƏRƏCƏLİ KƏMAĞİLLİQ, İFADƏ OLUNMUŞ DAVRANİŞ POZĞUNLUQLARİ, UŞAQ SEREBRAL İFLİCİ, SPASTİK TETRAPLEGİYA XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülki işin materialları, tibbi sənədlər (TSEK-dən verilmiş 05.10.2020-ci il tarixli şəhadətləndirilmə aktı), anamnestik məlumatlar və hazırki ekspertiza (ekpsertiza zamanı yoxlanılan şəxsdə bələdliyin kobud pozulması, verilən suallara heç bir reaksiya verməməsi, müayinə zamanı özünü narahat və gərgin aparması, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilməməsi, əhvalının davamsız olması, onda ifadə olunmuş davranış pozuntusu müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, düşdüyü vəziyyətə tənqidinin olmaması, intellekti inkişafdan geri qalması İQ=34 %. və s.) imkan verir. X14 uşaqlıqdan AĞİR DƏRƏCƏLİ KƏMAĞİLLİQ, İFADƏ OLUNMUŞ DAVRANİŞ POZĞUNLUQLARİ, UŞAQ SEREBRAL İFLİCİ, SPASTİK TETRAPLEGİYA XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X14 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X9 uşaqlıqdan xəstə olmaqla ona xəstəliyə görə müavinət təyin edilməsi, sonralar ona İ qrup əlillik verilməsi, oxumaq və yazmaq vərdişlərinin olmaması, daim valideynlərinin nəzarəti və himayəsi altında yaşaması, kənar şəxsin yardımına ehtiyacı olması, TSEK tərəfindən şəhadətləndirilərək “Kvadroplegik spastik serebral iflic, spastik tetraplegiya. Çox ağır dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb olunan davranış pozğunluğu” diaqnozu qoyulması (TSEK-dən verilmiş 05.10.2020-ci il tarixli şəhadətləndirilmə aktı), hazırki ekspertiza zamanı onda kobud davranış, yaddaş, emosiya, təfəkkür və intellekt pozğunluqlarının (ekpsertiza zamanı yoxlanılan şəxsdə bələdliyin kobud pozulması, verilən suallara heç bir reaksiya verməməsi, müayinə zamanı özünü narahat və gərgin aparması, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilməməsi, əhvalının davamsız olması, onda ifadə olunmuş davranış pozuntusu müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, düşdüyü vəziyyətə tənqidinin olmaması, intellekti inkişafdan geri qalması İQ=34 %. və s.) aşkar edilməsi və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, 04 may 1982-ci il tarixdə Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində anadan olmuş X14 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərinə rəhbərlik edə bilmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X11 anası olan iş üzrə ərizəçi X7 himayədarlıq edir. Ərizəçi X1 Leyla Əziz qızına qəyyum təyin edilməsi üçün ərizə ilə məhkəməyə müraciət edərək, X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göründüyü kimi X14 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X9 fəaliyyət qabiliyyəti olmayan hesab olunması ilə bağlı ekspert komissiyasının da müvafiq rəyi vardır. X9 anası olan hazırki iş üzrə ərizəçi onun psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 04 may 1982-ci il tarixdə Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində anadan olmuş və orada qeydiyyatda olmaqla yaşayan X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizəçi ərizəsi ilə əlaqədar dövlətə ödədiyi dövlət rüsumunu tələb etmədiyindən həmin rüsum xərci özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizəçi X4 ərizəsi təmin edilsin. 04 may 1982-ci il tarixdə Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində anadan olmuş və orada qeydiyyatda olmaqla yaşayan X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizəçi X4 dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar