Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-657/2021 06.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı və cavabdeh “Cavabdeh1” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər “Cavabdeh1” İstehsalat Birliyinə və “Cavabdeh1” X4 X6 İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala X7 əməkdaşı İlkin Nəsibov tərəfindən 30 mart 2021-ci il tarixdə onun evinə ötürülən qaz sayğacının nasazlığına görə hesablanmış qaz sərfiyyatının məbləğinin və sayğacın dəyərinin onun tərəfindən ödənilməsinə dair aktın etibarsız hesab edilməsinə və Cavabdeh1 İB tərəfindən hesablanmış 216 manatın hesabından silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin həcminin azaldılaraq hesablanmış 216 (iki yüz on altı) manat borcun silinməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Evə qanuni qaydada təbii qaz çəkilmişdir. Qazdan qanuni qaydada istifadə edərək haqqını vaxtlı-vaxtında ödəyir. İstifadə etdiyi qazın miqdarı evin həyətinin giriş darvazasından bayırda, yəni ictimai yol hissədə quraşdırılmış və ploblanmış qaz sayğacı ilə ölçülür. 30 mart 2021-ci il tarixdə cavabdeh təşkilatın işçiləri qaz sayğacını yoxlayarkən sayğacda nasazlıq aşkar etdilər və sayğacı çıxarıb aparmışlar. Bundan sonra nəzarətçi sayğacın göstəricilərinə baxaraq terminal vasitəsilə hesablayaraq ona bildirişi təqdim etmiş, bildirişi oxuduqdan sonra görmüşdür ki, bildirişdə qanunsuz olaraq 216 manat borc yazılmışdır. Bundan sonra ona məlum olmuşdur ki, cavabdehlər ona 30 mart 2021-ci il tarixdə akt tərtib edərək süni borc yaratmışlar. Həmin aktda qeyd edilir ki, itirilmiş qazın bərpası hesabatı aparılsın, hesablanmış məbləğ ödənilsin və sayğacın dəyərinin ödənilməsi təmin edilsin. Qaz sayğacı küçədə yerləşdiyi üçün onun istismara yararlı vəziyyətdə saxlanılmasına məsuliyyət onun üzərinə qoyula bilməz. Qaz idarəsi ilə bağladığı müqaviləyə əsasən sayğacın təhlükəsizliyi və işlək vəziyyətdə saxlanılması, onun yenisi ilə əvəz olunması məsuliyyəti onun vəzifəsi deyildir. Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı il təsdiq edilmiş Qazdan İstifadə qaydalarının 4.8 və 4.9-cu maddələrində deyilir ki, sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdehliyi paylayıcı daşıyır. Bundan başqa cavabdeh sayğacın onun tərəfindən sıradan çıxarıldığını sübut etmədən ona borc yazmışdır. Onun hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə iclası zamanı İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunaraq cavabdeh “Cavabdeh1” X4 X6 İdarəsi tərəfindən hesablanmış 216 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı cavabdeh “Cavabdeh1” İstehsalat Birliyinin nümayəndəsi X2 izahatında göstərdi ki, İddiaçı istehlakçı kimi qeydiyyatda olmaqla abonent bazasında qeydiyyatdadır və hazırda onun qaz hesabında 216 manat borcu vardır. Həmin borc dəymiş ziyana görə hesablanmış borc məbləğidir. Məhz İddiaçı həmin hissədə borcu mübahisələndirir. Qeyd etmək istəyir ki, “Cavabdeh1” X4 X9 İdarəsinin mütəxəssisləri tərəfindən 17.07.2020-ci il tarixdə iddiaçının istifadəsində olan G-4 markalı, ******* nömrəli qaz sayğacına baxış keçirilmiş, sayğacın istismar müddəti bitdiyi üçün sayğac açılmış, onun əvəzinə yeni sayğac quraşdırılmışdır. Açılmış sayğac yoxlanılarkən istifadəyə yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. Ona görə də, 30 mart 2021-ci il tarixdə ******* nömrəli akt, akt əsasında isə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmişdir. Hazırda İddiaçı borcu 216 manat təşkil edir. Həmin məbləğ dəymiş zərərə görə yaranmış borcdur. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı “Cavabdeh1” X4 X9 İdarəsinin abonenti kimi müqavilə bağlamaqla özü ünvan 1 ünvanında yaşayır. “Cavabdeh1” X4 X9 İdarəsinin mütəxəssisləri tərəfindən 17 iyul 2020-ci il tarixdə iddiaçının istifadəsində olan G-4 markalı, ******* nömrəli qaz sayğacına baxış keçirilmişdir. Sayğacın istismar müddəti bitdiyi üçün sayğac açılmış, onun əvəzinə yeni sayğac quraşdırılmışdır. 30 mart 2021-ci il tarixdə ******* nömrəli akt, akt əsasında isə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş, həmin akta əsasən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması müəyyən edilmişdir. İddiaçı mənzilində təbii qazdan istifadə edilərək, dəyərini vaxtı-vaxtında ödədiyi halda, ərizə ilə məhkəməyə müraciət edildiyi dövr üçün son göstəricisi üzrə ödənilməmiş 216 manat borc təşkil etmiş və iddiaçı tərəfindən həmin borcun ödənilməsi təmin edilməmişdir. Həmin məbləğ akt əsasında qazdan istifadə qaydalarını pozulması nəticəsində itirilmiş təbii qaza görə aparılmış hesabata əsasən yaranmış borcdur. Ona görə də, İddiaçı hazırki tələbində 216 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslıdır. Belə ki, işdə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, 17.07.2020-ci il tarixli aktdan görünür ki, “Cavabdeh1” X4 X9 İdarəsinin mütəxəssisləri tərəfindən iddiaçının istifadəsində olan G-4 markalı, ******* nömrəli qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, sayğacın istismar müddəti bitdiyi üçün onun ünvanından həmin sayğac açılaraq götürülmüş və sayğacın əvəzində yeni **********5 nömrəli qaz sayğacı quraşdırılmışdır. İşdə olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, 30 mart 2021-ci il tarixdə təsdiq edilmiş aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı fərdi yaşayış evində «Cavabdeh1» X4 X6 İdarəsinin əməkdaşları tərəfindən təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Eyni zamanda həmin akta əsasən dəymiş ziyanın hesablanması qeyd olunmuşdur. İş materiallarında olan 30.03.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Metrologiya Departamenti, Sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə 30.03.2020-ci il tarixli 29/1710- 01357-1 nömrəli aktına əsasən G-4 markalı ******* nömrəli sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Nəticədə təbii qaz itkisi yaranmış, G4 markalı ******* nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 4m3 orta günlük iş rejimi 6 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 4x6x90=2160 m3. Göründüyü kimi, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün quraşdırılmış G-4 markalı, ******* nömrəli qaz sayğacı «Cavabdeh1» X4 X6 İdarəsinin əməkdaşları tərəfindən çıxarılmışdır. G-4 markalı, ******* nömrəli qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzikcızıq izlərinin olması əsası ilə həmin idarə tərəfindən akt tərtib edilmişdir. Bundan başqa müdaxilə olunması göstərilən sayğac iddiaçının yaşadığı evin darvazasından aralıda, bayırda, yəni ictimai yol hissəsində quraşdırılmışdır. Həmçinin sayğac çıxarılan zaman X7 əməkdaşları tərəfindən sayğacın istismar müddəti bitdiyi və ona görə sayğacın yeni sayğacla əvəz edilməsi bildirilmiş, sonradan iddiaçı tərəfindən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması Cavabdeh1 İB-nin Zaqatala X6 İdarəsinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da dəymiş ziyan hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcı hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd edilən akt İddiaçı tərəfindən imzalanmamış, imzalamqdan imtina etmişdir. Göstərilən pozuntunun İddiaçı tərəfindən törədilməsi barədə həmin aktda hər hansı bir fikir göstərilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qeyd edilən sayğacın iddiaçının yaşadığı evdən kənarda quraşdırılmış olması və bu səbəbdən İddiaçı sayğacı kənar müdaxilələrdən qorumaqda çətinlik çəkməsini nəzərə alaraq müdaxilənin məhz İddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, iddiaçı həmin akt üzrə hesablanmış 2160 kubmetr qazın dəyəri olan 216 manat məbləğin silinməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “Cavabdeh1 İB-nın Zaqatala X6 İdarəsinin aktına əsasən “sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, “Cavabdeh1” İB-nın Zaqatala X6 İdarəsinin 30 mart 2021-ci il tarixdə təsdiq edilmiş aktına əsasən “sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var” özü-özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin və ya üçüncü tərəfin hərəkəti (hərəkətsizliyi) nəticəsində, həmçinin tərəflərdən asılı olmayan səbəblərdən yarana bilər. Qeyd edilən hallar hüquq pozuntusunun iddiaçı və onun ailə üzvləri tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən akt və qərarda İddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə təqdim edilən və məhkəmə iclasında araşdırılan abonentin saldosundan da göründüyü kimi əvvəlki illərin müvafiq aylarına münasibətdə də iddiaçının qaz sərfiyyatında önəmli bir artma və ya azalma müşahidə edilmir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi “Cavabdeh1” İB-nin tələb etdiyi 216 manat zərərin hesablanması barədə qərarın əsaslı olduğuna dair halları sübut etmək vəzifəsi bu qərarı qəbul etmiş orqanın üzərinə düşür. Lakin, iş üzrə cavabdeh tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Bütün bu qeyd edilənlər isə həmin sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini şübhə altına alır. Belə bir şübhənin olmaması üçün cavabdeh təşkilatın nümayəndələri həmin sayğacı açarkən bu hallara diqqətli yanaşmamışlar, bununla bağlı hər hansı bir ağlabatan tədbir görməmişlər və nəticədə qeyd edilən sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsinə əsaslı şübhələr yaranmışdır. Qeyd edilən həmin müdaxilənin olması nəticəsində sayğacdan keçən qaz sərfiyyatının doğru hesablanmasına təsir göstərib-göstərmədiyi də müəyyən edilməmişdir. Göstərilən həmin halların şübhə deyil, əsaslı və ağlabatan olması isə cavabdeh tərəfindən hər hansı bir qaydada sübut edilmədi. Qeyd edilən əsaslarla məhkəmə həmin sayğaca məhz istehlakçı tərəfindən müdaxilə edilməsi ilə bağlı cavabdeh tərəfin fikri ilə razılaşmır və sayğac çıxarılan zaman istehlakçı tərəfindən sayğaca müdaxilə X7 əməkdaşları tərəfindən aşkar olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək “Cavabdeh1” X4 X6 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi ******* nömrəli akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 216 manat borc İddiaçı hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Cavabdeh1” X4 X6 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi ******* nömrəli akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 216 (iki yüz on altı) manat borc İddiaçı hesabından silinsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-657/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-657/2021
06.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver