Məhkəmə qərarları › İş №2(033)-79/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-79/2021

12.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-79/2021 12.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X2, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və onun həmin evə köçürülməsi tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu, Çökək kəndində onun mülkiyyətində olan torpaq sahəsində tikdirdiyi ona məxsus yaşayış evindən Cavabdeh çıxarılmasına və özünün həmin evə köçürülməsinə dair qətnamə çıxarmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o Muğanlı kənd sakini olmaqla İİ qrup əlildir. O və bacısı X16 kəndində mərhum atalarından onlara vəsiyyət edilən evdə qardaşının ailəsi ilə birlikdə yaşamışlar. Qardaşlarının həyat yoldaşı Cavabdeh ilə tez-tez aralarında ailə məişət zəmnində münaqişələr yarandığına görə o kənar ərazidən torpaq sahəsi alıb ev tikərək həmin evə köçüb bacısını da yanına gətirərək yaşamaq qərarına gəlmişdir. Bu məqsəd ilə o bir neçə il əvvəl Zaqatala rayonu Çökək kəndi ərazisində torpaq sahəsi alıb 2017-ci ilin mart ayından həmin torpaq sahəsində ev tikdirməyə başlamışdır. X17 başda olmaqla digər yaxın ailə üzvlərinin də maddi dəstəyi ilə bu ilin may ayında nəhayət evi müəyyən qədər yaşamalı vəziyyətə gətirərək həmin evə köçmüşdür. Bir neçə ay birbalaca rahatlığa çıxıb yaşadıqdan sonra, avqust ayının 22-də evinə gələrkən qardaşının həyat yoldaşı Cavabdeh 2 uşağı ilə evinə yerləşdiyini görmüşdür. Cavabdeh həmin evin ona məxsus olduğunu və evdən çıxmayacağını bildirmişdir. O bu barədə Zaqatala rayon Polis Şöbəsinə müraciət etsə də, şikayətinin ciddi nəticəsi olmadığı üçün məhkəməyə müraciət etməli olmuşdur. Həmin evin torpaq sahəsinin mülkiyyət hüququna dair çıxarışı vardır və öz adına qeydiyyatdadır. Evi isə o, bacısının və digər yaxınlarının maddi dəstəyi ilə tikdirmişdir. Evin tikinti işlərində yaxın qohumları işləmişdir. Zərurət yaranarsa məhkəmədə şahid qismində iştirak üçün dəvət edilə bilərlər. Onun illərlə minbir zəhmətlə tikib cəmi bir neçə ay yaşadığı evə gəlininin qapının qıfılını qıraraq gəlib yaşaması onun hüquqlarının pozulması kimi qəbul edilməlidir və tam qanunsuzdur. Bu səbəbdən də, hüquqi dövlətdə yaşadığı üçün bu cür münasibətlər qanun çərçivəsində tənzimləndiyi üçün, məhkəmənin ədalətinə güvəndiyi üçün pozulmuş hüquqlarının bərpası üçün Zaqatala rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Hesab edir ki, iddia əsaslıdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X6 iddiaçının verdiyi izahata uyğun çıxış edərək iddiaçının öz mülkiyyəti olan torpaq sahəsi üzərində öz vəsaiti hesabına tikilmiş yaşayış evindən qanunsuz olaraq məskunlaşmış Cavabdeh çıxarılmasını və iddiaçının həmin evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia ərizəsində qeyd edilənlərə etiraz edərək həmin məlumatların doğru olmadığını qeyd edərək göstərdi ki, o, 2001-ci ilin noyabr ayında Muğanlı kənd sakini X13 ilə ailə qurmuşdur. O, ailə qurduqdan sonra qaynatasının uğanlı kəndində yerləşən evinə gəlin köçmüşdür. Birgə nikahlarından 2002-ci ildə qızı Zahidət Hüseynli, 2003-cü ildə isə oğlu İdris Hüseynli dünyaya gəlmişdir. Ailə qurduqdan sonra, əri Vidadi Hüseynov hər il yaz aylarında Rusiyaya işləməyə gedib payız aylarında qayıtmışdır. Vidadinin Rusiyadan gətirdiyi pula o, Muğanlı kəndində heyvandarlıq təsərrüfatı qurmuşdur. Təsərrüfatlarında 170 baş xırdabuynuzlu, 5 baş iribuynuzlu heyvan olmuşdur. Təxminən 2013-cü ilin əvvəllərində əri Vidadi ilə o Zaqatala şəhərində torpaq alıb ev tikmək qərarına gəlmişlər və ev tikintisi üçün almaq məqsədi ilə Zaqatala şəhərində torpaq axtarmağa başlamışlar. Həmin ərəfədə Vidadi Rusiyaya getmişdir. Vidadi Rusiyaya getdikdən sonra onunla bir evdə yaşayan baldızları Fatma və Məsumə Zaqatala rayonu Çökək kəndində münasib qiymətə torpaq tapdıqlarını bildirmişlər. Qısa zaman ərzində ondan xəbərsiz baldızları Fatma və Məsumə Rusiyada olan onun əri Vidadidən pul götürüb tapdıqları Çökək kəndindəki 0,03 ha torpaq sahəsini almışlar. O, baldızları Fatma və Məsumənin torpaq sahəsini Vidadinin adına aldıqları düşünmüş və 2013-cü ilin payız ayılarında əri Vidadi Rusiyadan qayıtdığı zaman o, torpağın baldızı Məsumənin adına alındığını bilmişdir. Buna görə narazılığını bildirdiyi üçün əri Vidadi tərəfindən döyülmüşdür. Həmin vaxt o, atası evinə qayıtmışdır. Sonra Vidadi ondan üzr istəmiş və bacısının adına almış olduğu torpaq sahəsində övladları üçün ev tikəcəyini bildirmişdir. Buna görə də o, Vidadi ilə barışmışdır. Sonra, Vidadi Muğanlı kəndindəki fermalarını və təsərrüfatlarında olan heyvanlarını ev tikmək üçün satmışdır. Daha sonra, 2017-ci ildə Vidadi ilə o, baldızı Məsumənin adına almış olduqları torpaq sahəsində ev tikməyə başlamışlar. Həmin ərəfədə Vidadi heç bir səbəb olmadan onu döyməyə, söz-söhbət etməyə başlamışdır. Buna görə də o, 2018-ci ilin noyabr ayında övladları ilə birlikdə yaşadığı evdən çıxıb atası evində yaşamağa başlamışdır. 2019-cu ildə Çökək kəndindəki evin tikintisi başa çatmışdır. 2019-cu ilin iyul ayında o, Zaqatala şəhərində kirayə ev götürüb orada övladları ilə yaşamağa başlamışdır. Həmin vaxt o, övladları ilə Çökək kəndindəki evin qazı, işığı, suyu çəkilmədiyi üçün orada məskunlaşa bilməmişdir. 22.08.2020-ci il tarixdə o, kirayə haqqını ödəyə bilmədiyi üçün övladları ilə birlikdə Zaqatala rayonu Çökək kəndindəki evə gəlib orada məskunlaşmışlar. Hal-hazırda o, övladları ilə birlikdə həmin evdə yaşayır. İddia ərizəsi əsassız olduğundan ərizıənin rədd edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında çıxış edən Cavabdeh vəkili Vəkil cavabdehin verdiyi izahata oxşar məzmunda izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi Məhkəmə baxışı iclasında iştirak edən şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, 2001-ci ilin noyabr ayında Muğanlı kənd sakini X9 ilə ailə qurmuşdur. Birgə nikahlarından 2002-ci ildə qızı Zahidət Hüseyinli, 2003-cü ildə isə oğlu İdris Hüseynli dünyaya gəlmişdir. O ailə qurduqdan sonra, onlar bir yerdə Muğanlı kəndində ata evində yaşamağa başlamışlar. O ailə qurduqdan sonra, hər il Rusiyaya işləməyə getmiş və Rusiyada bir neçə ay işləyib qayıtımışdır. 2006-ci ildə onun atası İdris, 2008-ci ildə isə anası Zahidət vəfat etmişdir. Həmin vaxtdan sonra o, bacıları Məsumə və Fatimə və öz ailəsi Muğanlı kəndində bir evdə yaşamışlar. Sonra, Məsumə və Fatimə torpaq alıb özlərinə ev tikmək qərarına gəlmişlər. 2013-cü ildə Məsumə ilə Fatimə özlərinə ev tikmək üçün öz vəsaitləri hesabına Zaqatala rayonu Çökək kəndində torpaq sahəsi almışlar. 2017-ci ildən bacıları Məsumə və Fatimə həmin torpaq sahəsində ev tikintisinə başlamışlar və evin tikintisi 2020-ci ildə yekunlaşmışdır. Evin yerləşdiyi torpaq sahəsi bacısı İddiaçı adına rəsmiləşdirilmişdir. Rusiya Federasiyasında işlədiyi müddətdə o gündəlik tələbatların ödənilməsi üçün ailəsinə pul göndərmiş və həmin pul evin gündəlik tələbatlarına sərf edilmişdir. Evin tikintisi üçün və ya torpağın alınması üçün o bacısı olan iddiaçıya pul göndərməmiş, torpaq sahəsi İddiaçı vəsaiti hesabına alınmış və üzərində inşa edilmiş ev onun vəsaiti hesabına tikilmişdir. O yalnız evin bünövrəsi qoyulanda fəhlə qismində evin tikintisində köməklik etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin tərəfindən 02.10.2013-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İşdə olan Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 01 sentyabr 2020-ci il tarixdə verilmiş 377 nömrəli arayışdan görünür ki, Cavabdeh 2001-ci ilin noyabr ayından 2018-ci ilin noyabr ayının 14dək qayınatası X7 məxsus evdə yaşamışdır. İş materiallarında olan Zaqatala Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı polis kapitanı X14 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X8 Zaqatala Rayon Polis Şöbəsinə müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan “Azəriqaz” X23 İstismarı İdarəsi tərəfindən 11.12.2020-ci il tarixli arayışından görünür ki, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən fərdi yaşayış evi Zaqatala rayonu, Çökək kənd sakini İddiaçı adına abonent bazasında qaz abunəçisi kimi qeydiyyatdadır. İş materiallarında olan “X12 Təchizatı və Satışı İdarəsi Zaqatala Elektrik Şəbəkəsi tərəfindən 08.12.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı məxsus Zaqatala rayonu, Çökək kəndində yerləşən tikili X4 elektron bazasında qeydiyyatdadır. Sorğu edilməklə əldə edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Göyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 22 oktyabr 2020-ci il tarixli 70 nömrəli məktubdan görünür ki, İddiaçı məxsus nümayəndəliyin Çökəkoba kəndində yerləşən 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iki mərtəbəli dörd otaqlı tikili vardır. Sorğu edilməklə əldə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, sorğuda qeyd olunan İddiaçı adına ünvan 1i ünvanında yerləşən 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 02.10.2013-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, həmin torpaq sahəsi üzərində inşa edilmiş tikili barədə daşınmaz əmlakın dövlət reyestrində hər-hansı bir məlumat aşkar edilməmişdir. İşdə olan Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 03 noyabr 2020-ci il tarixdə verilmiş 471 nömrəli arayışdan görünür ki, Cavabdeh özünün deməsinə görə hal-hazırda uşaqları ilə birlikdə Zaqatala rayonu Çökək kəndində yaşayır. İşdə olan Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 03 noyabr 2020-ci il tarixdə verilmiş 470 nömrəli arayışdan görünür ki, 06 nömrəli təsərrüfatbaşına kitabın 153-cü səhifəsindəki qeydiyyata əsasən Cavabdeh təsərrüfatında uşaqları ilə birlikdə fərdi yaşayış evi yoxdur. Məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı Cavabdeh baldızı olmaqla aralarında qohumluq münasibətləri mövcuddur. Cavabdeh 2001-ci ildə iddiaçının qardaşı olan X13 ilə ailə həyatı qurmuş və iddiaçının valideynlərinin mülkiyyətində olan Zaqatala rayonu Muğanlı kəndində olan fərdi yaşayış evinə gəlin köçmüşdür. Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə İddiaçı tam mülkiyyəti kimi 02.10.2013-cü il tarixdə qeydə alınmışdır. Həmin torpaq sahəsi üzərində 2 mərtəbəli 4 otaqlı tikili inşa edilmişdir. Həmin torpaq sahəsi üzərində inşa edilmiş tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Tikilinin qaz və elektrik enerjisi təchizatı ilə bağlı müvafiq olaraq İddiaçı “Azəriqaz” X23 İstismarı İdarəsi və X5 abonent bazalarında abunəçi kimi qeydiyyatdan keçmişdir. 22.08.2020-ci il tarixdə cavabdeh övladları ilə birlikdə Zaqatala rayonu Çökək kəndindəki İddiaçı mülkiyyətində olan torpaq sahəsində tikilmiş evə gəlib hazıradək orada yaşayır. Hazırda iddiaçı öz mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikilindən Cavabdeh çıxarılmasını və özünün həmin evə köçürülməyini tələb edir. Cavabdeh iddia tələbi ilə razılaşmayaraq həmin torpaq sahəsi iddiaçının qardaşı olan-həyat yoldaşı Vidadi Hüseynovun vəsaiti hesabına alındığını və üzərində yerləşən yaşayış evi də onun həyat yoldaşının vəsaiti hesabına inşa edildiyini nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Şahid qismində dindirilmiş X1 rayonu Çökəkoba kəndində yerləşən torpoq sahəsinin İddiaçı tərəfindən alındığını və onun mülkiyyətində olduğunu və həmin torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evinin də iddiaçının hesabına inşa edildiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Göründüyü kimi, İddiaçı Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,0264 hektar torpaq sahəsinin tam mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdeh heç bir əsas olmadan iddiaçıya məxsus olan torpaq sahəsi üzərində tikilmiş tikilini zəbt etmişdir. Onun həmin tikili üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsi üzərində yerləşən, gözlənilən mülkiyyət hüququ olan tikilidən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdeh həmin tikilindən çıxarılmalıdır. Məhkəmə iddia tələbinin iddiaçının Zaqatala rayonu Çökəkoba kəndində öz mülkiyyətində olan torpaq sahəsi üzərində tikilmiş tikiliyə köçürülməsi tələbinə dair hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Ona görə ki, qeyd olunan tələblə bağlı iş üzrə cavabdeh olmayan, yalnız həmin tikilini zəbt etmiş şəxsə qarşı belə bir iddia ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsində müəyyən edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi iddiaçı və cavabdeh həmin evin mülkiyyətçisi deyil. Həmin tikili iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət kimi qeydə alınmamışdır. Lakin iddiaçı mülkiyyətçisi olmadığı, həmçinin mülkiyyətçi olmayan cavabdehə qarşı evə köçürülməsini tələb edir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində tikilmiş tikilindən çıxarılmalı, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 10 manat məbləğində rüsumu tələb etmədiyinə görə, dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində tikilmiş tikilindən çıxarılsın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. İddiaçı Mahmud qızının dövlət büdcəsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumu xərci onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar