Məhkəmə qərarları › İş №2(034)-166/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-166/2024

15.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-166/2024 15.05.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Orqanına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Orqanına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, 23 noyabr 1972-ci ildə Zəngilan rayonunda anadan olmuş bacısı X2 psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, X8 onun doğma bacısıdır. Bacısı xx.xx.1972-ci ildə Zəngilan rayonu, Genlik kəndində anadan olmuşdur. Bacısı anadan gəlmə xəstədir. Bacısının xəstəliyi ilə əlaqədar əlil kimi təqaüd alır və İ qrup əlil olaraq əmək qabiliyyətsizdir. Bacısının qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu var. Bacısının xəstəliyi nəticəsində öz hərəkətlərinə rəhbərlik edə bilmir, özünü saxlamaq qabiliyyətində deyildir. Bacısını öz hərəkətlərini dərk edə bilmədiyi üçün o, məcburdur ki, heç yerdə işləməyərək ona qulluq etsin, daim nəzarətdə saxlasın. Bacısının aldığı təqaüd onu saxlamaq üçün çox azdır. Özü də işləmir. Ona baxmaq üçün onun yüksək qazanc yeri yoxdur, ona heç bir yerdən köməklik olunmur. Bu vəziyyətdə bacısını saxlamaqda çətinlik çəkir. Əgər bacısı məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə, bu zaman o, onun üzərində qəyum təyin oluna bilər. Əgər qəyum təyin olunarsa, ona qəyum kimi veriləcək yardım onu saxlamaqda maddi cəhətdən biraz da olsa kömək olacaqdır. Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Orqanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iclasa gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş məlumatdan görünür ki, 23 noyabr 1972-ci il təvəllüdlü X6 müddətsiz olaraq İ qrup əlil olmaqla əmək qabiliyyətsizdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1972-ci ildə Zəngilan rayonunda anadan olmuşdur. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Zəngilan rayonundan məcburi köçkündür. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi» X13 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1542 nömrəli rəyindən görünür ki, X3 Ağır dərəcəli əqli gerilik, anamnezində qıcolma tutmaları müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxs körpəlik dövründə qızdırmalı hal keçirməsi, qıcolma tutmaları biruzə verməsi, erkən psixofiziki inkişafda yaşıdlarına nəzərə geri qalması, nitqinin inkişaf etməməsi, əqli geriliklə əlaqədar məktəbdə oxumaması, əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, Bakı Uşaq Nevroloji Xəstəxanasında müalicədə olması, Bakı şəhər 2 nömrəli X5 xx.xx.2023-cü il tarixdə həkim psixiatr komissiyasından keçərək “Ağır kəmağıllıq. Kobud davranış və nitq pozuntusu ilə. Daim kənar şəxsin qulluq və himayəsinə ehtiyacı var” diaqnozunun müəyyən edilməsi, xəstəliyi ilə əlaqədar davranış pozuntularının biruzə verməsi, evdə yersiz hərəkətlərə yol verməsi, narahatlığı, fizioloji ifrazatları ilə natəmiz olması, hər hansı bir işi müstəqil yerinə yetirə bilməməsi, “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır kəmağıllıq. Kobud davranış və nitq pozuntusu ilə” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, göstərilənlərlə əlaqədar hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə sakitləşdirici müalicəni qəbul etməsi, həmçinin hazırki müayinə zamanı yoxlanılan şəxsdə dərin dərəcəli əqli geriliyin müəyyən edilməsi və s.) sübut edir. X3 Ağır dərəcəli əqli gerilik, anamnezində qıcolma tutmaları müəyyən edilir. X7 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X3 müəyyən edilən Ağır dərəcəli əqli gerilik, anamnezində qıcolma tutmaları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Belə ki, X1 məhkəmə iclasında iştirak etməyinə imkan vermədiyi üçün o, məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1972-ci ildə Zəngilan rayonunda anadan olmuş X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığına görə o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317-321, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1972-ci ildə Zəngilan rayonunda anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar