Məhkəmə qərarları › İş №2(034)-335/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-335/2022

20.09.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-335/2022 20.09.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1996-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1996-cı il təvəllüdlü X4 onun oğludur. X6 ağır dərəcəli əqli gerilik diaqnozundan əziyyət çəkir. Doğulduqdan ev şəraitində və ambulator qaydada çox saylı müalicələr almışdır. Daimi qulluğa ehtiyacı var, həyati vacib tələbatlarını yaxınlarının köməyi olmadan yerinə yetirə bilmir. O, hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumat vərəqəsinə əsasən, Nihad Hacıyevin diaqnozu nitq və davranış pozuntusu ilə ağır kəmağıllıqdır. Nihad Hacıyev İ dərəcəli müddətsiz əlildir və əlilin başqasının köməyinə ehtiyacı vardır. O, xəstəyə qulluq edir. Ona görə də hazırki ərizənin verilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, bildirmişdir ki, oğlu xəstəlik keçirmiş, iflicdir, danışmır, fəaliyyət qabiliyyəti yoxdur, 26 yaşındadır, özünü idarə edə bilmir. 26 ildir ki, ona özü baxır, geyindirir, yedirir və içirir. Ərizəçi sonda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Orqanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iclasa gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, X4 müddətsiz olaraq birinci dərəcəli əlildir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X4 xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Zəngilan rayonundan məcburi köçkündür. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi» X7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2862 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X4 öz psixi vəziyyətinə görə hərəktlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Belə ki, X1 məhkəmə iclasında iştirak etməyinə imkan vermədiyi üçün o, məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1996-cı il təvəllüdlü X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığına görə o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317- 321, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1996-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar