Məhkəmə qərarları › İş №2(034)-749/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-749/2025

18.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-749/2025 18.02.2026 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zəngilan rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: Ərizəçi maraqlı şəxs Zəngilan rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 31 may 1996-cı il tarixdə anadan olan qızı X4 psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun qızı X7 31 may 1996-cı il tarixdə anadan olmuş və anadangəlmə İ qrup əlildir. Belə ki, diaqnozu uşaq serebral iflici tetraplegik forma, psixi inkişafdan geri qalma, inbeşillik dərəcəsində əqli gerilikdir və daimi olaraq kənar şəxslərin qayğısına ehtiyacı vardır. Qızının xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, hərəkətlərinə nəzarət edə bilmir, özünü saxlamaq qabiliyyətində deyildir. Qızı öz hərəkətlərini dərk edə bilmədiyi üçün o, məcburdur ki, heç yerdə işləməyərək ona qulluq etsin, daim nəzarətdə saxlasın. Qızı uşaqlıqdan İ qrup əlildir və əlilliyə görə də təqaüd alır. Onun aldığı təqaüd onu saxlamaq üçün çox azdır. O, özü də işləmir. Ona baxmaq üçün onun yüksək qazanc yeri olmadığı üçün və ona heç yerdən kömək olmadığından saxlamaqda çətinlik çəkir. Əgər qızı məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə, bu zaman o, qızının onun üzərində qəyyum təyin oluna bilər. Əgər qəyyum təyin olunarsa, ona qəyyum kimi veriləcək yardım onu saxlamaqda maddi cəhətdən bir az da olsa kömək olacaqdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X3 ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, çacısı X7 31 may 1996-cı il anadan olmuşdur. Bacısı anadan gəlmə İ qrup əlildir. Diaqnozu uşaq serebral iflici-tetraplegik forma, psixi inkişafdan geri qalma, inbesillik dərəcəsində əqli gerilikdir və daimi olaraq kənar şəxslərin qayğısına ehtiyacı vardır. Bacısı xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, hərəkətlərinə nəzarət edə bilmir, özünü saxlamaq qabiliyyətində deyildir. Anası hal-hazırda onkolojidən əziyyət çəkdiyi üçün məhkəmə prosesində iştirak edə bilmir.Bacısına hal-hazırda o baxır.Sonda ərizəçi məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Zəngilan rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçini və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, ərizəni və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş məlumatdan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X7 müddətsiz olaraq İ dərəcəli əlildir. -İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.1996-cı ildə anadan olmuş, atası X6, anası isə Ərizəçidır. -İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi» X11 tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli 140 nömrəli rəydən görünür ki, X5 uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik müəyyən edilir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlildir. X7 ondan müəyyən edilən uşaq serebral iflici, ağır dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə bazışında iştirakına yol vermir. Tətbiq edilən hüquq: -Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Maddə 317.3. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi qızı olan X7 31 may 1996-cı il tarixdə anadan olmuş və o, anadangəlmə İ qrup əlildir. Belə ki, X7 uşaq serebral iflici - tetraplegik forma, psixi inkişafdan geri qalma, inbeşillik dərəcəsində əqli gerilikdən əziyyət çəkir. X7 xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, hərəkətlərinə nəzarət edə bilmir, özünü saxlamaq qabiliyyətində deyil və öz hərəkətlərini dərk edə bilmədiyi üçün daima kənar şəxslərin köməyinə ehtiyacı vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi» X11 tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli 140 nömrəli rəydən dən görünür ki, X5 uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik müəyyən edilir və öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlildir. Bundan başqa, X1 məhkəmə iclasında iştirak etməyinə imkan vermədiyi üçün o, məhkəmə iclasına çağırılmamışdır. Beləliklə məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1996-cı ildə anadan olmuş X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığına görə o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317-321, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1996-cı ildə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar