Məhkəmə qərarları › İş №2(035)-423/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-423/2024

05.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-423/2024 05.08.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və müalicə pulu tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması və müalicə pulu tələbi) X5 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və müalicə pulu tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-18/2022 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay tutulan 175 manat məbləğində alimentin miqdarı artırılaraq cavabdehdən hər ay 235 manat alimentin, Şamilin müalicəsi üçün hər ay 100 manat və iddia ərizəsinin yazılmasına görə ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2013-cü il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X4 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)- 18/2022 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikahın pozulması, övladları X2 özünün himayəsində saxlanılması, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh qət edilmiş alimenti güclə ödəyir, hər dəfə icraçılara yaxınlaşmalı olur. Həmçinin uşağın digər xərclərində nə könüllü, nə də məcburi iştirak etmir. Özü heç bir yerdə işləmir, uşağı saxlamaq, tələbatını ödəmək ona çox çətindir. Valideynlərinin və bacılarının köməkliyi ilə uşağı bir təhər saxlayır. Valideynlərinin də yükü ağırdır. Cavabdeh özüdə uşağın xayaların atrofiyası xəstəliyindən əziyyət çəkdiyini bilir. Uşaqları mütamadi olaraq müalicə alır, müalicə olunmazsa, bu xəstəlik sonsuzluqla nəticələnir. Uşağı hər ay müalicə və müayinə etdirir. Cavabdehin ona ödədiyi alimentin miqdarı uşağın ehtiyaclarını ödəmir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-18/2022 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikahın pozulması, övladları xx.xx.2016-cı il təvəllüdlü X2 özünün himayəsində saxlanılması, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh qət edilmiş alimenti güclə ödəyir, buna görə özü hər dəfə icraçılara yaxınlaşmalı olur. Həmçinin uşağın digər xərclərində nə könüllü, nə də məcburi iştirak etmir. Özü heç bir yerdə işləmir, uşağı saxlamaq, tələbatını ödəmək ona çox çətindir. Valideynlərinin və bacılarının köməkliyi ilə uşağı bir təhər saxlayır. Valideynlərinin də yükü ağırdır. Cavabdeh Şamilin xayaların atrofiyası xəstəliyindən əziyyət çəkdiyini bilir. Şamil mütamadi olaraq müalicə alır, müalicə olunmazsa, bu xəstəlik sonsuzluqla nəticələnir. Şamili hər ay müalicə və müayinə etdirir. Cavabdehin ona ödədiyi aliment uşağın ehtiyaclarını tam ödəmir. İlkin olaraq məsələ ilə bağlı mediasiyaya müraciət etsə də, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-18/2022 saylı qətnaməsinə əsasən ondan uşağın saxlanılması üçün 175 manat aliment tutulması qət edilmişdir. Özü rəsmi olaraq heç bir yerdə işləmir, ehtiyaclıqdan Bakı şəhərində kirayə yaşayır, bazarlarda araba çəkərək çox çətinliklə pul qazanır, qazandığı puldan kirayə haqqını və uşağın alimentini ödəyir. Onu da çox çətinliklə ödəyir, çünki elə olur işi olmur, bu səbəbdən də aliment borcları yaranır. Hazırda isə iddiaçı bunu bilərəkdən, ona qarşı alimentin artırılması və müalicə pulu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Maddi imkanı olduqça zəif olduğundan iddiaçının tələbi ilə razı deyil. Məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Məmmədqasımlı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X4 doğulmuşdur. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-18/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Zərdab rayon Qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 162 № ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2016-cı il təvəllüdlü X2 İddiaçı himayəsində saxlanılması, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan mediator X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ1//MT018/2024- 00290 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ailə mübahisəsinın mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarından görünür ki, 2016-ci il təvəllüdlü Şamil Məmmədovun müayinə və müalicəsi MediOld klinikasında həkim Canpolad İmanov tərəfindən aparılmışdır. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı alimentin artırılması və müalicə pulu tələbinə dair iddia ərizəsinin tərtibinə görə 50 manat ödəniş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-18/2022 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında Zərdab rayon Qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 162 № ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2016-cı il təvəllüdlü X2 İddiaçı himayəsində saxlanılması, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı həmin qətnaməyə əsasən tutulan alimentin artırılaraq cavabdehdən 235 manat alimentin və Şamilin müalicəsi üçün 100 manat pulun tutlmasını xahiş edir. Cavabdeh isə maddi cəhətdən əziyyət çəkdiyini, iddianı qəbul etmədiyini bildirmişdir. İddiaçı ödənilməsi qət edilmiş alimentin artırılması barədə iddia versə də, iddiasını əsaslandıran hər hansı bir sübutu, yəni aliment barədə xx.xx.2022-ci il tarixli, 2(035)- 18/2022 saylı qətnamənin çıxarılmasından sonra özünün və cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasına dair, habelə diqqətəlayiq başqa maraqlarını əks etdirən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə iddiaçı Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)- 18/2022 saylı qətnaməsinin qəbul olunmasından sonra Cavabdeh ödəniş qabiliyyətinin artmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə iddianın alimentin artırılması hissəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı öz iddiasını həmin hissədə əsaslandıra bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı iddiaçının izahatından müəyyən olunmuşdur ki, Cavabdeh Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-18/2022 saylı qətnaməsinə əsasən tutulan aliment pulunu güclə ödəyir, buna görə iddiaçı icraçılara yaxınlaşmalı olur. Ona görə də işin yuxarıda müəyyən olunan hallarına əsasən məhkəmə hesab edir ki, ölkə üzrə bir uşağın saxlanması üçün qanunla müəyyən edilmiş aylıq saxlanc miqdarının artmasına baxmayaraq hazırda iddianın alimentin artırılmasına dair hissədə təmin edilməsi üçün əsaslar yoxdur və iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, tərəflərin birgə nikahından doğulan və hazırkı iddiaçının himayəsində saxlanılan X4 həqiqətən xayaların atrofiyası xəstəliyindən əziyyət çəkir və MediOld klinikasında müəyyən müayinələrdən keçmiş, müalicəsi həkim Canpolad İmanovun tərəfindən aparılmışdır. Məhkəmə yuxarıda qeyd olunanlara rəğmən hesab edir ki, Cavabdeh bir ata kimi müalicəyə ehtiyacı olan xəstə uşağı–X2 müalicə xərclərində iştirakdan azad etmir. Məhkəmə hesab edir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-18/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 hazırkı iddiaçının (ananın) yanında saxlanıldığından müalicəyə ehtiyacı olduğundan iddiaçı hazırkı tələblə çıxış etməkdə haqlıdır. Ona görə də nəhkəmə hesab edir ki, Cavabdeh uşağın -X2 müalicə xərclərində iştiraka cəlb edilməli, müalicə xərci miqdarı müəyyənləşdirilərkən cavabdehin geniş maddi imkana malik olmaması nəzərə alınmaqla iddia həmin hissədə qismən təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq Qət Etdi: İddia Cavabdeh Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-18/2022 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay tutulan 175 manat məbləğində alimentin miqdarı artırılaraq hər ay 235 manat aliment tutulmasına dair hissədə təmin edilməsin. İddia müalicə pulu tələbinə dair hissədə qismən təmin edilsin. Cavabdeh xx.xx.2016cı il təvəllüdlü X2 müalicəsi üçün hər ay 30 (otuz) manat pul tutularaq İddiaçı verilsin. Müalicə xərcinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İddia müalicə pulu tələbinə dair qalan hissədə təmin edilməsin. İddia ərizəsinin yazılmasına görə ödənilmiş 50 manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Müalicə xərcinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar