Məhkəmə qərarları › İş №2(035)-496/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-496/2024

20.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-496/2024 20.08.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yük avtomobilinin, onun yarımqoşqusunun geri qaytarılması və pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: yük avtomobilinin, onun yarımqoşqusunun geri qaytarılması və pul tələbi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yük avtomobilinin və onun yarımqoşqusunun geri qaytarılması və pul tələbi” nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus dövlət qeydiyyat nişanı ** BH *** olan Kamaz 54100 nömrəli yük avtomobilinin və dövlət qeydiyyat nişanı ** ZA *** olan yarımqoşqunun alınaraq ona qaytarılması və bu müddət ərzində yük avtomobilindən və onun yarımqoşqusundan istifadə edə bilmədiyinə görə ona dəymiş maddi ziyana görə 6000 (altı min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 30 avqust 2022-ci il tarixdə aralarında olan şifahi razılaşmaya əsasən, cavabdeh iddiaçının mülkiyyətində olan dövlət qeydiyyat nişanı ** BH *** olan Kamaz 54100 nömrəli yük avtomobilini və dövlət qeydiyyat nişanı ** ZA *** olan yarımqoşqunu icarə münasibətləri əsasında icarəyə götürmüşdür. Buna əsasən də iddiaçı tərəfindən Cavabdeh 1 (bir) il müddətinə baş etibarnamə verilmişdir. Şifahi razılaşmanın şərtlərinə əsasən cavabdeh yuxarıda adları və dövlət qeydiyyat nişanları qeyd olunmuş yük avtomobili və onun yarımqoşqusuna görə icarə haqqı olaraq illik 9000 (doqquz min) manat ödəniş etmişdir. Bir illik icarə dövrü bitdikdən sonra cavabdehdən şifahi razılaşmanın yenidən uzadılmasını və ya yük avtomobilini və onun yarımqoşqusunu geri qaytarmasını tələb etmişdir. Lakin cavabdeh yenidən ödəniş etməkdən boyun qaçırmışdır. Buna əsasən cavabdehdən yük avtomobilini və onun yarımqoşqusunu geri qaytarmasını tələb etmişdir. Lakin cavabdeh müxtəlif bəhanələr gətirərək ona məxsus Kamazı və onun yarımqoşqusunu geri qaytarmaqdan boyun qaçırmışdır. Sonradan əldə etdiyi məlumatlara əsasən cavabdeh ona məxsus yük avtomobilini və onun yarımqoşqusunu onun razılığı olmadan digər şəxslərə satmışdır. Cavabdeh bu əməlləri ilə ona maddi ziyan vurmaqla yanaşı mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Eyni zamanda iddiaçı qeyd edir ki,sözü gedən Kamaz və onun yarımqoşqusu onun istifadəsində olan zaman illik minimum 6000 (altı min) manat gəlir əldə edirdi. Buna əsasən də hazırki ərizə ilə məhkəməyə müraciət edərək özünə məxsus yük avtomobilinin və onun yarımqoşqusunun cavabdehdən alınaraq ona qaytarılmasını və dəymiş maddi ziyana görə pul tələb edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermişdir. Əlavə olaraq onu da qeyd etmişdir ki,sonradan cavabdehlə arasında olan təkrar razılaşmaya əsasən yük avtomobilini və onun yarımqoşqusunu 16000 (on altı min) manata cavabdehə satmışdır. Cavabdeh isə ilkin olaraq iddiaçıya 9000 (doqquz min) manat ödəniş etmişdir. Yerdə qalan məbləği isə qısa zaman ərzində ödəyəcəyini bildirmişdir. Lakin bunun üzərindən uzun zaman keçsə də cavabdeh ona heç bir ödəniş etməmişdir. Buna əsasən yük avtomobilinin və onun yarımqoşqusunun cavabdehdən alınaraq ona qaytarılması və dəymiş maddi ziyana görə 6000 (altı min) pulun cavabdehdən alınaraq ona ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə arasında olan şifahi razılaşmaya əsasən iddiaçı mülkiyyətində olan dövlət qeydiyyat nişanı ** BH *** olan Kamaz 54100 nömrəli yük avtomobilini və dövlət qeydiyyat nişanı ** ZA *** olan onun yarımqoşqusunu 9300 (doqquz min üç yüz) manata ona satmışdır. Buna əsasən iddiaçı ona baş etibarnamə vermişdir.O isə yük avtomobili və onun yarımqoşqusunu bir müddət istifadə etdikdən sonra ölçülərinin böyük olması səbəbi ilə digər şəxslərə satmışdır. Buna əsasən məhkəmədən iddiaçının iddiasının rədd olunmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan xx.xx.2022-ci il tarixli ƏN-Vİİİ № 413847 və ƏN-Vİİİ № 413848 saylı Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında etibarnamələrdən görünür ki,İddiaçı mülkiyyətində olan 1995-ci il buraxılışı olan dövlət qeydiyyat nişanı ** BH *** dövlət qeydiyyat nişanlı Kamaz 54100 yük avtomobilini və 1996-cı il buraxılışı olan dövlət qeydiyyat nişanı ** ZA *** olan Maz 938662 yarımqoşqusunu 1 (bir) il müddətinə Cavabdeh etibar etmişdir. İşdə olan Zərdab Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, İddiaçı mülkiyyətində MAZ 938662 markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı yarımqoşqu var və həmin yarımqoşquya istifadə ilə bağlı qüvvədə olan heç bir etibarnamə müəyyən olunmamışdır. Mülki işdə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.2-ci maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60.1-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə əsasən vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdı 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər 363.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. 365.1.1-ci maddəsinə əsasən etibarnamənin müddətinin bitməsi etibarnaməyə xitam verilməsi üçün əsasdır 366.3-cü maddəsinə əsasən etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: -bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; -əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. -Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, 1995-ci il buraxılışı olan dövlət qeydiyyat nişanı ** BH *** dövlət qeydiyyat nişanlı Kamaz 54100 yük avtomobili və 1996-cı il buraxılışı olan dövlət qeydiyyat nişanı ** ZA *** olan Maz 938662 yarımqoşqusunun Cavabdeh faktiki olaraq istifadəsində olması məsələnin mübahisəsiz hissəsidir. Belə ki,məhkəmə prosesi zamanı Cavabdeh yük avtomobili və yarımqoşqunun iddiaçı tərəfindən ona verilməsinə etirazını bildirməmiş və izahatı ilə iddiaçının həmin hissədə olan iddiasını təsdiq edərək yük avtomobili və yarımqoşqunun iddiaçı tərəfindən ona verilməsini etiraf etmişdir.İş materiallarında olan xx.xx.2022-ci il tarixli ƏN-Vİİİ № 413847 və ƏN-Vİİİ № 413848 saylı Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında etibarnamələrdən görünür ki,etibarnamə 1 (bir) il müddətinə verilmiş və etibarnamə xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür. Məhkəmə hesab edir ki, tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranmasının əsası əsassız varlanmadır. Belə ki tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır.Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki,Cavabdeh nəqliyyat vasitəsi üzərində yaranmış mülkiyyət hüququ daşınar əmlakın rəsmi reyestrində qeydə alınmadığından həmin avtomobilin onda saxlanılması əsassız varlanmaya səbəb olur. Belə ki, Zərdab RPŞ tərəfindən ünvanlanmış məktubdan da müəyyən olunur ki, MAZ 938662 markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı yarımqoşqu İddiaçı mülkiyyətindədir və həmin avtomobilə dair qüvvədə olan heç bir etibarnamə aşkar olunmamışdır. Buna əsasən məhkəmə hesab edir ki,yarımqoşqunun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddia əsaslı olduğundan təmin olunmalıdır. Kamaz 54100 yük avtomobili isə iddiaçının mülkiyyətində olmadığından iddia həmin hissədə rədd olunmalıdır.Eyni zamanda məhkəmə iddiaçının yük avtomobili və yarımqoşqusundan istifadə edə bilməməsinə görə ona dəymiş maddi ziyana görə 6000 (altı min) manat pulun cavabdehdən alınaraq ona verilməsi hissəsinə münasibətdə bildirir ki,iddiaçı ona maddi ziyan dəydiyini bildirsə də lakin maddi ziyanın hansı əsaslarla hesablanmasına dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.Hansı ki,qanunvericiliyin tələbi məhkəmələrə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında işə baxmağı tövsiyə edir.Buna əsasən məhkəmə hesab edir ki,iddia bu hissədə rədd olunmalıdır. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə,presedent hüququna, mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol. Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddiaçının iddiası qismən təmin olunmalı,MAZ 938662 markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı yarımqoşqu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində işin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumunu tələb etmədiyi üçün iddiaçı tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-ci cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq Qət etdi: İddia qismən təmin olunsun. 1996-cı il buraxılışı olan ** ZA *** dövlət qeydiyyat nişanlı Maz 938662 yarımqoşqu Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edərək Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar