Məhkəmə qərarları › İş №2(035)-507/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-507/2025

30.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-507/2025 30.06.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi “sənədin həmin şəxsə məxsus olması faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbi) X9 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi “sənədin həmin şəxsə məxsus olması faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Zərdab Rayon Dövlət Arxivi tərəfindən verilmiş 24 saylı, xx.xx.2025-ci il tarixli Arxiv arayışının ona, yəni AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi məxsus olması faktı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il təvəllüdlü olmaqla Zərdab rayonunun Məlikumudlu kəndində doğulmuş, ona məxsus Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsində adı Nuridə kimi yazılmışdır. O, 1989-1989,1990,1994-1997-ci illərdə Zərdab rayonu Məlikumudlu kəndində sabiq S.Vurğun və M.Müşfiq adına kolxozların üzvü olmuşdur. Həmin illər üzrə kolxozların əmək haqqı kitablarında adı Nuridə əvəzinə səhvən Nurilə kimi yazılmışdır. Hazırda təqaüdə çıxmalıdır və Zərdab rayon Dövlət Arxivi tərəfindən ona verilmiş 24 saylı, xx.xx.2025-ci il tarixli Arxiv arayışında adında uyğunsuzluq olduğundan müəyyən çətinlik yarana bilər. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.1961-ci il təvəllüdlü olmaqla Zərdab rayonunun Məlikumudlu kəndində doğulmuş, ona məxsus Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsində adı Nuridə kimi yazılmışdır. 1989-1989,1990,1994-1997-ci illərdə Zərdab rayonunun Məlikumudlu kəndində sabiq S.Vurğun və M.Müşfiq adına kolxozların üzvü olmuş, həmin illər üzrə kolxozların əmək haqqı kitablarında adı Nuridə əvəzinə, səhvən Nurilə kimi yazılmışdır. Hazırda təqaüdə çıxmalıdır, Zərdab rayon Dövlət Arxivi tərəfindən ona verilmiş 24 saylı, xx.xx.2025-ci il tarixli Arxiv arayışında adında uyğunsuzluq olduğundan müəyyən çətinlik yaranır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, ərizəçi ilə həmkəndli olmaqla birlikdə kolxozda işləmişlər. Ərizəçinin qızlıq adı Nuridə olsa da, el arasında onu Nurilə adı ilə çağırmışlar. Məhkəmə iclasında şahid qismində ifadə verən X13 ifadəsində göstərmişdir ki, ərizəçi ilə həmkəndli olmaqla kolxozda birlikdə işləmişlər. Özü kolxozda mühasib işləmişdir. Ərizəçinin adı Nuridə olsa da el arasında onu Nurilə adı ilə çağırmışlar. Ona görədə kolxozun əmək haqqı cədvəllərində ərizəçinin adı Nurilə kimi yazılmışdır. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayon Dövlət Arxivi tərəfindən verilmiş 24 saylı, xx.xx.2025-ci il tarixli Arxiv arayışından görünür ki, Ərizəçi Zərdab rayonunun sabiq S.Vurğun və M.Müşfiq adına kolxozlarının üzvü olmuş, onun 1989-1989,1990,1994-1997-ci illərdə adı Nurilə kimi yazılmışdır. İşdə olan Zərdab rayon İHB-nin Məlikumudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 31 saylı arayışdan görünür ki, 1986-cı ildən 1989-cu ilə kimi Məlikumudlu-Çallı kəndi Səməd Vurğun adına kolxoz olmuşdur. Həmin vaxtda Səməd Vurğun adlı kolxozda əmək haqqı kitablarında təxniki səhv olaraq X1 yazılmışdır. 1990-cı ildən Məlikumudlu kəndi Səməd Vurğun adlı kolxozdan ayrılaraq müstəqil Mikayıl Müşfiq adına kolxoz yaranmışdır. Mikayıl Müşfiq adlı kolxozda əvvəlki sənədlərdə istinad olaraq səhvən əmək haqqı kitablarında X1 yazılmışdır. Çallı kənd Səməd Vurğun adlı kolxozda, Məlikumudlu kənd Mikayıl Müşfiq adına kolxozda X4 adlı kolxozçu olmamışdır. Əslində hər iki kolxozda Ərizəçi kimi yazılmalı idi. İşdə olan Zərdab rayon Çallı kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, şəhadətnamənin sahibi X5 xx.xx.1961-ci il təvəllüdlü olmaqla, atası qrafasında atası kimi X6, anası qrafasında anası kimi X11 yazılmışdır. İşdə olan Zərdab rayonunun Çallı kənd Soveti tərəfindən xx.xx.1986-cı il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 və X5 arasında Zərdab rayonunun Çallı kənd Sovetində nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1986-cı il tarixdə 04 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqə sahibinin soyadı, adı, atasının adı Ərizəçi kimi yazılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar da məhkəmə qaydasında müəyyən olunur. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Ərizəçi 1989-1989,1990,1994-1997-ci illərdə Zərdab rayonunun Məlikumudlu kəndində sabiq S.Vurğun və M.Müşfiq adına kolxozların üzvü olmuş, həmin illər üzrə kolxozların əmək haqqı kitablarında ərizəçinin adı Nuridə olsa da, səhvən Nurilə kimi yazılmışdır. Nəticədə ərizəçiyə Zərdab rayon Dövlət Arxivi tərəfindən verilmiş 24 saylı, xx.xx.2025-ci il tarixli Arxiv arayışı ilə ona məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi arasında uyğunsuzluq yaranmışdır. Qeyd olunan uyğunsuzluğa görə Zərdab rayon Dövlət Arxivi tərəfindən verilmiş 24 saylı, xx.xx.2025-ci il tarixli Arxiv arayışında ərizəçinin soyadında uyğunsuzluq olduğundan təqaüdə çıxmasında müəyyən çətinlik yaranır. Məhkəmə hesab edir ki, Zərdab Rayon Dövlət Arxivi tərəfindən verilmiş 24 saylı, xx.xx.2025-ci il tarixli Arxiv arayışının AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi məxsus olması faktı məhkəmə qaydasında müyyən olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Zərdab Rayon Dövlət Arxivi tərəfindən verilmiş 24 saylı, xx.xx.2025-ci il tarixli Arxiv arayışının AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar