Məhkəmə qərarları › İş №2(035)-540/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-540/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-540/2025 16.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı “icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər:İcarə müqaviləsinə xitam verilməsi tələbi) Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçılar İddiaçı1, İddiaçı2, Mirzəxanlı Məhəbbət Məmməd oğlu, İddiaçı4, İddiaçı5 Məmməd qızının Cavabdeh və onun vəkili Nümayəndə oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı “icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 16 iyul 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə xitam verilməsinə və cavabdehin onlara məxsus Zərdab rayonu, Qoşaoba kəndi ərazisində yerləşən, ümumi sahəsi 4 hektar olan torpaq sahəsindən məcburi qayda çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Zərdab rayonunun Qoşaoba kəndində yerləşən 4 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 8 il müddətinə, Zərdab Rayon Dövlət Notariat Kontorunun xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh icarəyə vermişlər. İcarə müqaviləsinə əsasən, icarə haqqı 17.000 (on yeddi min) manat müəyyən olunsa da, cavabdeh bu məbləği tam şəkildə ödəməmişdir. Belə ki, cavabdeh icarə haqqının yalnız 7.000 (yeddi min) manatını ödəmiş, qalan 10.000 (on min) manatı isə qısa müddət ərzində ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin, icarə müqaviləsinin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini yerinə yetirməmiş, yəni müəyyən olunmuş icarə haqqının qalan hissəsini ödəməkdən imtina etmişdir. Eyni zamanda, cavabdeh icarə müqaviləsinin şərtlərini pozaraq, torpaq sahəsi üzərində əsassız kanal yerləri çəkmiş və bununla da torpaq üzərində konfiqurasiya dəyişikliyi etmişdir. Əlavə olaraq qeyd edirlər ki,icarə müqaviləsinin 8-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Bu əsasla, iddiaçılar xx.xx.2024-cü il tarixdə cavabdehə rəsmi məktub göndərilərək, icarə müqaviləsinə xitam verilməsi xahiş etmişlər. Lakin, müraciətdən bir aydan çox vaxt keçməsinə baxmayaraq, cavabdeh bu müraciətə heç bir cavab verməmişdir. Ona görə də, hazırkı iddia ilə iddiaçılar məhkəməyə müraciət etmişlər. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 iddianı müdafiə edərək izahatlarında bildirmişdirlər ki, Zərdab rayonunun Qoşaoba kəndində yerləşən 4 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Zərdab Rayon Dövlət Notariat Kontorunun xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh icarəyə vermişlər. İcarə müqaviləsinə əsasən, icarə haqqı 17.000 (on yeddi min) manat müəyyən olunsa da, cavabdeh bu məbləği tam şəkildə ödəməmişdir. Belə ki, cavabdeh icarə haqqının yalnız 7.000 (yeddi min) manatını ödəmiş, qalan 10.000 (on min) manatı isə qısa müddət ərzində ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin, icarə müqaviləsinin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini yerinə yetirməmiş, yəni müəyyən olunmuş icarə haqqının qalan hissəsini ödəməkdən imtina etmişdir. Eyni zamanda, cavabdeh icarə müqaviləsinin şərtlərini pozaraq, torpaq sahəsi üzərində əsassız kanal yerləri çəkmiş və bununla da torpaq üzərində konfiqurasiya dəyişikliyi etmişdir. Həmçinin onu da qeyd edirlər ki, icarə müqaviləsinin 8-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Bu əsasla, onlar xx.xx.2024-cü il tarixdə cavabdehə rəsmi məktub göndərilərək, icarə müqaviləsinə xitam verilməsi xahiş etmişlər. Lakin, müraciətdən bir aydan çox vaxt keçməsinə baxmayaraq, cavabdeh bu müraciətə heç bir cavab verməmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçılar Zərdab rayonunun Qoşaoba kəndində yerləşən 4 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Zərdab rayon Dövlət Notariat Kontorunda xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlamaqla ona icarəyə vermişlər. O, hesab edir ki, iddiaçılar tərəfindən irəli sürülən iddia əsassızdır. Belə ki, iddiaçılara məxsus hazırda ona icarəyə verilmiş torpaq sahəsində heç bir konfiqurasiya dəyişikliyi etməmiş, əksinə, kənd təsərrüfatı təyinatlı torpaq səhəsini istifadə üçün yararlı hala salmış, sahədən bol məhsulun əldə edilməsi üçün torpaq sahəsinin çökək yerlərinə əlavə münbit torpaq gətizdirərək həmin çökək yerləri doldurmuş, torpağın səthinin düzlüyünü təmin etmək üçün digər işlər aparılmış, icarəsində olan torpaq sahəsinin sərhədlərində heç bir dəyişilik etməmişdir. Həmçinin iddiaçılara icarə müqaviləsində nəzərdə tutulan icarə haqqınıda tam olaraq ödəmişdir . Ona görə də məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkil Nümayəndə izahatında bildirmişdir ki, Zərdab rayonunun Qoşaoba kəndində yerləşən 4 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Zərdab Rayon Dövlət Notariat Kontorunun xx.xx.2022ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh xx.xx.2039-cü il tarixədək icarəyə verilmişdir. İddiaçıların iddia etdiyi kimi həmin torpaq sahəsində heç bir konfiqurasiya dəyişikliyi edilməmiş, əksinə torpaq sahəsinin məhsuldarlığının artırılması üçün tədbirlər görmüşdür. Hazırda icarə müqavilsinin ləğvinə heç bir əsas yoxdur. Mülki işdə olan sənədlər: İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, qeydiyyat nömrəsi ********** olan və qeydiyyat tarixi xx.xx.2015-ci il tarixli Çıxarışın surətindən görünür ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında X1, İddiaçı1, İddiaçı5, İddiaçı2, İddiaçı4, İddiaçı3 mülkiyyətinə Zərdab rayonu, Qoşaoba kəndi ərazisindən ümumi sahəsi 4 hektar torpaq sahəsi ayrılmışdır. İşdə olan Zərdab rayon Dövlət notariat kontorunda xx.xx.2022-ci il tarixdə bağlanmış İcarə Müqaviləsinin surətindən görünür ki, mülkiyyətçilər birgə mülkiyyət üzrə 4 ha torpaq sahəsindən öz paylarına düşən hissəsinin Cavabdeh xx.xx.2039-cu ilədək icarəyə vermişlər. İşdə olan 26 fevral 2025-ci il tarixli etibarnamədən müəyyən olunur ki,Cavabdeh vəkillər kollegiyasının üzvü vəkil Nümayəndə onu məhkəmədə təmsil etmək üçün etibarnamə vermişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçılar iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 100 manat pul ödəmişdir. Mülki işdə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 51-ci maddəsinin 4-cü hissəsinə görə icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 2-ci bəndinə əsasən Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Azərbaycan Respublikası Torpaq icarəsi haqqında qanunun 22-ci maddəsinə əsasən icarəçinin torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək hüququ vardır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulmuş “mülkiyyət” və “əmlak” anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 241.1-ci maddəsinə görə Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, iddiaçılar Zərdab rayonunun Qoşaoba kəndində yerləşən 4 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2039-cü ilədək Zərdab Rayon Dövlət Notariat Kontorunun xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh icarəyə verilmiş, icarə müqaviləsinə əsasən, icarə haqqı 17.000 (on yeddi min) manat müəyyən olunmuşdur. İddiaçılar xx.xx.2024-cü il tarixdə cavabdehə rəsmi pretenziya məktubu göndərərək, icarə müqaviləsinə müqavilənin şərtləri tam icra olunmadığı, yəni icarə haqqının tam ödənilmədiyi və bundan əlavə torpaq sahəsi üzərində konfiqurasiya dəyişikliyi edildiyinə görə xitam verdikərini və torpaq sahəsin boşaldımasını tələb etmişlər. Hazır ki, iş üzrə məhkəmə hesab edir ki ,iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iddiaçılar icarə haqqının tam ödənilmədiyini və cavabdeh tərəfindən torpaq sahəsi üzərində konfiqurasiya dəyişikliyi aparıldığını bildirsədə lakin bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, iddialarını yalnız formal mülahizələrlə əsaslandırmışdılar. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində xx.xx.2022-ci il tarixli müqaviləyə istinad etsədə lakin məhkəmədən xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin ləğv olunmasını xahiş etmişdir. Eyni zamanda məhkəmə prosesi zamanı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməmişdir. Ümumilikdə isə məhkəmə qeyd edir ki, icarə haqqının ödənilməməsi və torpaq sahəsi üzərində konfiqurasiya dəyişikliyi edilməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamış və iddia formal ifadələrlə əsaslandırılmışdır. Beləliklə, məhkəmə tərəflərin izahatlarına və işin digər hallarına əsaslanaraq, həmçinin maddi və prosessual qanunvericilik normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçı öz iddiasını məhkəmə iclasında hüquqi cəhətdən əsaslandıra bilməmiş, nədə ki, iddianın təmin edilməsi üçün məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Odur ki, iddia əsassızdır və ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi və cavabdehin Zərdab rayon Qoşaoba kəndində yerləşən 4 ha torpaq sahəsindən çıxarılması tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edərək Zərdab Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar