Məhkəmə qərarları › İş №2(035)-728/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-728/2025

26.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-728/2025 26.11.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Zərdab Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi) Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi, Maraqlı şəxs Zərdab rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyanın nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zərdab Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Zərdab Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyasına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci il təvəllüdlü X3 onun doğma bacısıdır və hal hazırda onun himayəsində yaşayır. Gülsuma “çox ağır əqli gerilik, qeyri iradi sidik ifrazı, ciddi davranış pozuntusu, yuxu pozğunluğu” xəstəliyindən əziyyət çəkir. Psixi xəstə olmaqla Gülsuma hərəkətlərini ölçüb-biçmək, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək imkanına malik deyildir. Gülsuma öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək imkanına malik olmadığı üçün fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü X3 onun doğma bacısıdır. Gülsuma əqli gerilik xəstəliyindən əziyyət çəkir, psixi xəstə olmaqla hərəkətlərini ölçüb-biçmək, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək imkanına malik deyildir. Gülsumanın xəstəliyi ağır olduğundan onunla birgə digər ailə üzvləri də onun qulluğunda duraraq çox əziyyət çəkirlər. Gülsuma öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək imkanına malik olmadığı üçün fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, ona qəyyum təyin oluna bilsin. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Zərdab rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyanın nümayəndəsi X10 xx.xx.1962-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən sənədlər: İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, ata qrafasında Ərizəçi atası kimi X4, ana qrafasında isə anası kimi X6 yazılmışdır. İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, ata qrafasında X1 atası kimi X4, anası qrafasında isə anası kimi X6 yazılmışdır. İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında arayışdan görünür ki, X12 və X1 Zərdab rayon Şıxbağı kənd icra nümayəndəliyində nikahı haqqında xx.xx.1989-cu il tarixdə 08 №-li akt qeydi tərtib olunmuşdur. Ərə Salahov, arvada Salahova soyadı verilmişdir. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, X1 ailə vəziyyəti subay, soyadı Qəhrəmanova kimi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti 36 saylı Tibbi Sosial Ekspert Komissiyasının görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X1 diaqnozu- çox ağır əqli gerilik, qeyri-iradi sidik ifrazı, ciddi davranış pozuntusu, yuxu pozğunluğu kimi qeyd olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin Zərdab RMX-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X2 müayinə nəticəsində ağır əqli gerilik, davranış pozuntuları ilə F72.1, kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı var İQ=33 diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 3444 saylı rəyindən görünür ki, Qəhrəmanova (Salahova) Gülsuma Mətləb qızında ağır dərəcəli əqli gerilik müəyyən edilir. Qəhrəmanova (Salahova) Gülsuma Mətləb qızı öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də Qəhrəmanova (Salahova) Gülsuma Mətləb qızı tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Qəhrəmanova (Salahova) Gülsuma Mətləb qızında müəyyən edilən Ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü X3 ərizəçinin doğma bacısıdır. Gülsuma Qəhrəmanova çox ağır əqli gerilik, qeyri-iradi sidik ifrazı, ciddi davranış pozuntusu, yuxu pozğunluğundan əziyyət çəkir. O, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Məhkəmə işin müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən aşkar edilmiş xəstəlik X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasdır. Onun qeyd olunan xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında olmaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də, ərizə təmin edilməli və xx.xx.1962-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü X3 (FİN: xxxx) fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Cavid Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar