Məhkəmə qərarları › İş №2(035)-758/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-758/2025

25.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-758/2025 25.11.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (Borcun silinməsi) X4 Elxan oğlunun sədrliyi Yusifov Vüsal Rəfayıl oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsinə” dair iddia ərizəsi üzrə mülki işə 25 noyabr 2025-ci tarixdə Zərdab Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin X5 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş bildiriş üzrə qanunsuz olaraq adına hesablanmış 193.51 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Zərdab rayon Gödəkqobu kəndində yerləşən evinə gedən qaz xəttinin üzərində həyətdən çöldə işıq sayğacı quraşdırılmışdır. "xxxx" ASC-nin X5 əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixli, 969491 saylı protokol tərtib edilərək köhnə sayğac yenisi ilə əvəzləşdirilmişdir. Lakin, sonradan bilinməyən səbəblərdən "xxxx" ASC X5 tərəfindən iddiaçıya borc bildirişi göndərilmişdir. Səbəb kimi isə qeyd etmişdilər ki, iddiaçı işıq sayğacına müdaxilələr edərək elektrik enerjisindən 193.51 manatlıq istifadə etmişdir. O, sayğaca müdaxilə etmiş olsaydı, bunu sayğaca hər ay baxış keçirən Azərişıq ASC-nin əməkdaşı aşkar etmiş olardı. Lakin, belə bir hal aşkar olunmamış, bu barədə hər hansı bir Akt tərtib edilməmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş bildiriş əsasən sayğaca guya müdaxilə səbəbi ilə dəymiş ziyana görə ondan 193.51 manat pulun ödənilməsi tələb edilmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə təqdim olunmuş vəsatətlər. Cavabdeh Azərişıq ASC-nin nümayəndəsi X6 məhkəməyə iddia müddətinin tədbiq edilməsinə dair vəsatət təqdim edərək məhkəmədən iddia müddətinin ötürülməsi səbəbi ilə iddianın rədd olunmasını xahiş etmişdir. Vəsatətini onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə 969491 saylı protokol tərtib olunsada iddiaçı məhkəməyə 06 il 11 ay sonra müraciət etmişdir. Bununlada iddiaçı qanunvericiliklə müəyyən olunmuş 3 illik iddia müddətini ötürmüşdür. Buna əsasən məhkəmədən hazır ki, işə müddətinin tədbiq olunaraq iddiaya baxmaqdan imtina olunmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Zərdab rayon Gödəkqobu kəndində yerləşən evinə gedən qaz xəttinin üzərində həyətdən çöldə işıq sayğacı quraşdırılmışdır. "xxxx" ASC-nin X5 əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixli, 969491 saylı protokol tərtib edilərək köhnə sayğacı yenisi ilə əvəzləşdirilmişdir. Lakin, sonradan bilinməyən səbəblərdən "xxxx" ASC X5 tərəfindən iddiaçıya borc bildirişi göndərilmişdir. Səbəb kimi isə qeyd etmişdilər ki, guya o işıq sayğacına müdaxilələr edərək elektrik enerjisindən 193.51 manatlıq istifadə etmişdir. O heç vaxt elektrik sayğacına müdaxilə etməmiş əskinə elektrikdən istifadəsinə görə yaranan borcunu nəğd şəkildə "xxxx" ASC-nin X3 əməkdaşına ödəmişdir. Lakin həmin əməkdaş ona ödənilmiş pulları şəbəkənin hesabına ödəməmiş və öz şəxsi məqsədləri üçün xərcləmişdir. Eyni zamanda əməllərini gizlətmək üçün elektrik sayğaclarına müdaxilələr etmişdir. Buna əsasən bir çox kənd sakini ona ödəmiş olduğu pula görə onu məhkəməyə vemiş və ödədiyi pulu geri almışdır. Özüdə əvvəllər borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etsədə lakin iddia müddətini ötürməsi səbəbi ilə sonradan ərizə yazaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Hazırda maddi vəziyyəti çətindir və yaranmış borcun yalnız bir hissəsini ödəyə bilmişdir. Buna əsasən hazır ki, iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki işdə olan sənədlər: İşdə olan Azərişıq” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş № 115755 saylı Sayğacların və cərəyan transformatorlarının yoxlanması protokolundan müəyyən olunur ki, № ********** saylı sayğaca baxış keçirilmiş və sayğaca müdaxilə izlərinin olunması aşkar olunmuşdur. İşdə olan Azərişıq” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş “məişət istehlakçılarında sayğacların yoxlanılması və quraşdırılması” haqqında xx.xx.2018-ci il tarixli, 969491 №-li protokoldan görünür ki, İddiaçı (hazırkı iddiaçının) yaşadığı Zərdab rayonunun Gödəkqobu kəndində yerləşən evinə gedən elekrtik xəttinin üzərində quraşdırılmış elektrik sayğacı yenisi ilə əvəz edilmişdir. Həmin aktda əvvəl ki, sayğacın labarator yoxlamadan keçirilməsi üçün götürüldüyü qeyd edilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 367.1-ci maddəsinə görə Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 368-ci maddəsinə görə Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. 372.1-ci maddəsinə görə Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə görə İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır” Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə iş üçün zəruri olduğundan cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddia müddətinin tədbiqi barədə ərizəyə münasibət bildirərək hesab edir ki, ərizə əsaslıdır və iddia müddəti tədbiq olunmalıdır. Belə ki, MPM-nin 373.3-cü maddəsində imperativ əsaslarla qeyd olunur ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə hesab edir ki, hazır ki, iddiada müqavilə öhdəliklərindən irəli gələn iddiadır və vaxtaşırı icra olunur. Məhkəmə protokolun xx.xx.2018-ci ildə tərtib olunması və iddianın məhkəmənin icraatına xx.xx.2025-ci ildə daxil olmasına nəzərə alaraq bildirir ki, iddia məhkəmənin icraatına ümumilikdə 6 il 10 ay 23 gün sonra daxil olmaqla qanunvericiliklə müəyyən olunmuş prosessual müddət ötürülmüşdür. Bundan əlavə olaraq məhkəmə qeyd edir ki, cavabdeh həmçinin məhkəmə zalında izahat verərkən protokola əsasən ona tərtib olunmuş cərimənin bir hissəsini ödədiyini bildirmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh cəriməni qəbul etmiş və buna əsasən öhdəliyini icra etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarı: Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Məhkəmə yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddiasının qanunla müəyyən olunmuş müddəti buraxıldığından təmin edilməməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsinə” dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar