Məhkəmə qərarları › İş №2(036)-1137/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1137/2025

19.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1137/2025 19.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, İmişli rayon Məzrəli kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 38 №-li, xx.xx.1979-cu il tarixli doğum haqqında akt qeydində qeyd edilmiş Məmmədov soyadının Ərizəçi məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə İmişli rayonunun Məzrəli kəndində doğulmuşdur. Doğumu İmişli rayon Məzrəli kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1979-cu ildə 38 №-li aktla qeydə alınıb və ona Vİ-JQ seriyalı 363035 №-li doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə soyadı Soltanov, adı Qoşqar, ata adı isə Kamil oğlu yazılmışdır. Buna baxmayaraq doğum haqqında akt qeydində onun soyadı, valideynlərinin soyadına uyğun olaraq Məmmədov yazılmışdır. Verilmiş doğum haqqında şəhadətnaməyə əsasən o, şəxsiyyət vəsiqəsi almış, hərbi qulluğa bu soyadla getmiş və hal-hazırda digər bütün sənədləri Məmmədov deyil, məhz Soltanov soyadıdır. İddiaçı doğumu haqqında akt qeydində soyadının “Məmmədov”dan “Soltanov”a dəyişdirilməsi ilə bağlı İmişli rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Rəylə bundan imtina edərək bildirmişdir ki, İmişli rayon Məzrəli kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 38 №-li, xx.xx.1979-cu il tarixli doğum haqqında akt qeydində uşağın soyadı “Məmmədov”, adı “Qoşqar”, ata adı “Kamil" yazılmışdır. Yoxlama nəticəsində aşkar edilmişdir ki, ərizəçi tərəfindən təqdim olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsində soyadı Soltanovdur. Soyadının dəyişilməsi haqqında heç bir rəsmi məlumat yoxdur. Q.K.Məmmədovun soyadının “Soltanov” soyadına dəyişdirilməsi haqqında akt qeydinin aşkar edilməsi məqsədilə xx.xx.2024-cü ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat iformasiya sisteminə daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və bu barədə akt qeydi aşkar olunmamışdır. Aşkar olunmuş doğum qeydində isə soyadı “Soltanov” deyil, “Məmmədov”dur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a müvafiq olaraq ərizəçinin xahişi əsassız hesab edilərək, təmin edilməmişdir. Bundan sonra ərizəçi Şirvan İnzibati Məhkəməsinə doğum haqqında akt qeydində dəyişiklik edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etsə də məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2507/2024 saylı qərarı ilə iddiaçı Ərizəçi cavabdeh İmişli rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilməməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2507/2024 saylı qərarından apellyasiya şikayəti verilsə də Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1 (106)-513/2024 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Şirvan inzibati Məhkəməsinin və Şirvan Apellyasiya Məhkəməsinin mövqeyinə əsasən doğum haqqında akt qeydində dəyişiklik edilməsi üçün hər hansı bir əsas olmadığı valideynlərinin soyadına uyğun olaraq tərtib edildiyi müəyyən edilmiş və İmişli rayon Məzrəli kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 38 №-li, xx.xx.1979-cu il tarixli doğum haqqında akt qeydində qeyd edilmiş Məmmədov soyadının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə ümumi məhkəmədə iddia qaldırılması məsləhət görülmüşdür. Ərizəçi tərəfindən təqdim edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti və digər sənədlərindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə İmişli rayonunun Məzrəli kəndində anadan olmuşdur. Ərizəçi “Soltanov” soyadı ilə yaşamış, təhsil almış və şəxsiyyət vəsiqəsi əldə etmiş, ailə qurmuş, işləmiş, sonradan isə doğum akt qeydində soyadının səhv yazılması halı ilə rastlaşmışdır. Ərizəçinin doğum haqqında şəhadətnaməsindəki, şəxsiyyət vəsiqəsindəki və digər hüquq müəyyənedici sənədlərindəki Soltanov soyadının doğum haqqında akt qeydindəki Məmmədov soyadı ilə uyğun gəlməməsi hüquqlarını həyata keçirməyə mane olur. Həmin sənədin dəyişdirilməsi mümkünsüzdür. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi nümayəndəsi ərizəni müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Maraqlı şəxsin nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-513/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2-1(120)-2507/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 352/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadın görünür ki, Ərizəçi nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(036)-2414/2024 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 792/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, şikayət qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 2(036)-1137/2025 saylı qərardadının ləğv edilməsi, mülki iş üzrə prosessual hərəkətlərin yerinə yetirilməsi üçün İmişli Rayon Məhkəməsinə göndərilməsi və qərardaddan kassasiya şikayətinin verilə bilməməsi qərara alınmışdır. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 2(036)-2414/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Ərizəçi – maraqlı şəxs İmişli rayon Qeydiyyat şöbəsinə qarşı doğum akt qeydinin ərizəçiyə məxsus olması faktının təsdiq edilməsi tələbinə dair ərizəsinin qəbulundan ərizənin yolverilməzliyinə görə imtina edilməsi, ərizə və ona əlavə edilmiş sənədlərin Ərizəçi qaytarılması, ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Ərizəçi qaytarılması və həmin tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilməsinin ərizəçiyə izah olunması qərara alınmışdır. İş materiallarında olan xx.xx.1979-cu il tarixli, Vİ-JQ 363035 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə İmişli rayonu Məzrəli kəndində anadan olmuşdur. Ata qrafasına X3, ana qrafasına X2 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, SB/46 nömrəli hərbi bilet əvəzi arayışdan görünür ki, 1979-cü il təvəllüdlü Ərizəçi xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE C03131942 nömrəli xarici pasportunun surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə anadan olmuş, xarici pasportun verilmə tarixi xx.xx.2021, etibarlılıq tarixi xx.xx.2031 qeyd edilmişdir. Məhkəmə ərizəyə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” X1 Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə görə lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 4-cü bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən 6.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı: Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Hazırki ərizə ilə ərizəçi İmişli rayon Məzrəli kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 38 №-li, xx.xx.1979-cu il tarixli doğum haqqında akt qeydində qeyd edilmiş Məmmədov soyadının ona məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş və qanuni qüvvəsini almış Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-513/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, məhkəmə iddiaçı Ərizəçi cavabdeh İmişli rayon qeydiyyat şöbəsinə qarşı İmişli rayon Məzrəli kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1979-cu il tarixdə tərtib olunmuş 38 №-li doğum haqqında akt qeydində uşağın soyadı qrafasına “Məmmədov” soyadının “Soltanov” soyadına dəyişiklik edilməsi öhdəliyinin cavabdeh İmişli rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə iddia tələbinı hüquqi qiymət verərək göstəmişdir ki, iddiaçı xx.xx.1979-cu il tarixdə İmişli rayonunun Məzrəli kəndində doğulmuşdur və həmin vaxt onun soyadı doğum akt qeydində “Məmmədov” kimi göstərilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının doğumu haqqında ilkin sənəd doğum haqqında akt qeydi hesab olunur və həmin sənəddə onun soyadı Məmmədov kimi qeyd edildiyindən akt qeydində düzəliş edilməsi üçün hüquqi əsas yoxdur. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda məhkəmə qeyd edir ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İmişli rayon Məzrəli kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 38 №-li, xx.xx.1979-cu il tarixli doğum haqqında akt qeydində qeyd edilmiş Məmmədov soyadının Ərizəçi məxsus olmasını xahiş etsə də, İmişli rayon Məzrəli kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 38 №-li, xx.xx.1979-cu il tarixli doğum haqqında akt qeydində qeyd edilmiş Məmmədov soyadının Ərizəçi məxsus olması halının mövcudluğu məhkəmə araşdırması zamanı mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar