Məhkəmə qərarları › İş №2(036)-119/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-119/2025

20.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-119/2025 20.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi – maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyəti qeyd edilən “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X2 psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci il təvəllüdlü həyat yoldaşı X4 ilə İmişli şəhəri, Xiyabani küçəsi, ev 78 ünvanında birgə yaşayır. Ona o, qulluq edir. Çünki həyat yoldaşı psixi xəstəlikdən əziyyət çəkir. O, 2-ci qrup əlildir, hərəkətlərini idarə edə bilmir, hərəkətlərinin mənasını anlamır. Ona daim nəzarət etmək məcburiyyətindədir. Həyat yoldaşının həmin xəstəliyi olması barədə tibbi sənədlər də vardır. Xəstə həyat yoldaşının hüquqlarını tam həyata keçirmək, hüquqlarını müdafiə etmək, adından əqd bağlamaq və s. üçün onun üzərində qanunauyğun olaraq qəyyum təyin edilməlidir. Bunun üçün də o, fəaliyyət qabiliyyəti olmayan hesab olunmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada dəfələrlə xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların verilməsindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X3 anadangəlmə ağlı zəifliyi, kəskin ifadə olunmuş imbesillik diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 817 №-li məktubundan görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)-2041/2024 saylı xx.xx.2024cü il tarixli mülki iş üzrə qərardad xx.xx.2024-cü il tarixdə Mərkəzə daxil olmuş, lakin, həmin iş üzrə məhkəmə psixiatrik ekspertizası təyin olunmuş X4 təqdim olunmamışdır. İş materiallarına əlavə edilmiş İmişli rayon İHB-nın İmişli şəhər İƏD üzrə nmayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2341 nömrəli arayışdan görünür ki, X2 İmişli şəhəri, Xiyabani küçəsi, ev 78 saylı ünvanda yaşamaqla Ərizəçi adlı ailə üzvü vardır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1958-ci il tarixdə İmişli rayonunda anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının xx.xx.2012-ci il tarixli AZ-İ 758269 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 və Ərizəçi xx.xx.1997-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu nikah akt qeydləri kitabında 161 № ilə qeyd edilmişdir. Nikahdan sonra arvadın soyadı dəyişməmişdir. Beləliklə müəyyən edilmişdir ki, Ərizəçi X1 şəkildə hərəkət edə bilməyərək daima kənar şəxslərin qulluğuna ehtiyacı olduğundan, o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosessual qanunvericiliyə uyğun olaraq MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası MPM-nin 319-cu maddəsinə əsasən məhkəmə-psixiatriya ekspertizası təyin edilsə də, ərizəçi tərəfindən X2 iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 817 №-li məktubundan görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)-2041/2024 saylı xx.xx.2024cü il tarixli mülki iş üzrə qərardad xx.xx.2024-cü il tarixdə Mərkəzə daxil olmuş, lakin, həmin iş üzrə məhkəmə psixiatrik ekspertizası təyin olunmuş X4 təqdim olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, X2 psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri olan məhkəmə-psixiatriya ekspertizasının keçirmək ərizəçi tərəfindən təmin edilmədiyi üçün həmin fakt təsdiq edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏTETDİ: Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar