Məhkəmə qərarları › İş №2(036)-1198/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1198/2024

06.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1198/2024 06.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 4 saylı X2 İdarəsinə qarşı qanunsuz hesablanmış borcməbləğinin silinməsi tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı cavabdeh 4 saylı X2 İdarəsinə qarşı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, İmişli şəhəri, G.Şıxlınski küçəsi, ev 42 ünvanında yerləşən fərdi yaşayış evinə əsassız olaraq borc kimi yazılmış olan pul vəsaitinin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İmişli şəhəri, G.Şıxlınski küçəsi, ev 42 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. CavabdehSC-nin İmişli Sukanal sahəsinin əməkdaşlarına su sayğacının işləməməsi barədə məlumat vermiş, bir neçə gün sonra idarənin əmkdaşları su sayğacını dəyişərək yenisi ilə əvəz etmişlər. Lakin bildiriş verilən zaman onun 403.20 manat borcu olduğu göstərilmişdir. Halbuki onun su sayğacında su ehtiyatı vardır. Dəfərələrlə müraciət etməsinə baxmayaraq ona yaranmış borcla bağlı ona heç bir sənəd təqdim olunmamışdır. Cavabdeh tərəfindən ondan tələb olunan borc pul tamamilə qanunsuz və əsassızdır.

3. İş materiallarına əlavə edilmiş “abonent kartı”ndan görünür ki, İmişli şəhəri, G.Şıxlınski küçəsi, ev 42 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan İddiaçı mütəmadi olaraq sudan istifadəyə görə ödənişlər həyata keçirmiş, lakin İmişli Sukanal sahəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə 403.20 manat məbləğində (dəbbə ilə birlikdə) borc hesablanmışdır.

4. Cavabdeh ASC İmişli Sukanal sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli hesab faktura ilə müəyyən olur ki, İmişli şəhəri, G.Şıxlınski küçəsi, ev 42 ünvanında yerləşən fərdi yaşayış evində sudan istifadəyə görə İddiaçı 403.20 manat məbləğində borc tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

6. İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir.

8. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

9. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

10. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

11. Maddə 386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

14. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

20. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

21. Məhkəmə iiddiaçının izahatını dinləyib, materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır.

22. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının tələbi Cavabdeh ASC-nin İmişli Sukanal sahəsi tərəfindən İmişli şəhəri, G.Şıxlınski küçəsi, ev 42 ünvanında yerləşən fərdi yaşayış evində sudan istifadəyə görə hesablanmış ziyan məbləğinin silinməsindən ibarətdir.

23. Azərbaycan Respublikası Su Məcəlləsinin 97-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir.

24. Həmin Məcəllənin 105-ci maddəsinə görə fiziki və hüquqi şəxslər su qanunvericiliyini pozmaqla vurduqları zərəri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödəməlidirlər.

25. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

26. “Su təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.

27. “Sudan istifadə” qaydalarının 2.1.5-ci maddəsinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6.-cı bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir.

29. Həmin Qaydaların 2.1.4.-cü bəndinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrindən biridir.

30. Həmin Qayadaların 5.1.5-ci bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək İstehlakçıların hüquqlarıdır.

31. Həmin Qayadaların 6.1-ci bəndinə əsasən STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – AİBNDA) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində AİBNDA-nın və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır.

32. Həmin Qaydaların 6.10-cu bəndinə əsasən zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına STKM tərəfindən həyata keçirilir.

33. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir.

34. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 4.1.3-cü bəndinə əsasən bu Qaydalarm tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir.

35. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

36. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

37. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir».

38. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur.

39. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndin əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd olunan qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

40. Cavabdeh tərəf iddia ərizəsinə qarşı etiraz təqdim etməmiş, iddia ərizəsinin əsassızlığı barədə hər hansı bir sübut təqdim etməmiş və nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

41. Məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilərək cavabdeh 4 Saylı X2 İdarəsi tərəfindən İddiaçı məxsus İmişli şəhəri, G.Şıxlınski küçəsi, ev 42 ünvanında yerləşən fərdi yaşayış evinə sudan istifadəyə görə hresablanmış xx.xx.2024-cü il tarixli, müqavilə nömrəsi 35079574 və abonent kodu **********000 olan hesab faktura əsasında tələb olunan borc silinməlidir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı cavabdeh 4 Saylı X2 İdarəsinə qarşı qanunsuz hesablanmış ziyan məbləğinin silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 4 Saylı X2 İdarəsi tərəfindən İddiaçı məxsus İmişli şəhəri, G.Şıxlınski küçəsi, ev 42 ünvanında yerləşən fərdi yaşayış evinə sudan istifadəyə görə hresablanmış xx.xx.2024-cü il tarixli, müqavilə nömrəsi 35079574 və abonent kodu **********000 olan hesab faktura əsasında tələb olunan borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar