Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1279/2024 08.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: borcun silinməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehin işçilərinin iddiaçı barəsində tərtib etdiyi “Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında” 27 oktyabr 2023-cü il tarixli 314204 nömrəli akta əsasən qanunsuz hesablanmış 628,94 manat borcun və 30 yanvar 2024-cü il tarixli 321555 nömrəli akta əsasən qanunsuz hesablanmış 589,68 manat borcun silinməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehin işçilərinin iddiaçı barəsində tərtib etdiyi “Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında” 27 oktyabr 2023-cü il tarixli 314204 nömrəli və 30 yanvar 2024-cü il tarixli 321555 nömrəli aktların etibarsız hesab edilməsi və həmin aktlara əsasən qanunsuz hesablanmış borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının evi İmişli rayonunun Xəlfəli kəndində yerləşir. Bu günlərdə işıq işçiləri iddiaçıya bildirmişlər ki, işığa xeyli borcu var. İddiaçı işıq idarəsinə gedib səbəbini soruşanda ona 27 oktyabr 2023-cü il tarixli 314204 nömrəli və 30 yanvar 2024-cü il tarixli 321555 nömrəli aktların surətini vermişlər. Orada yazılmışdır ki, sayqacdan kənar xətdən istifadə edilir və buna görə ziyan hesablanmışdır. Həmin aktlar qanunsuz yazılmışdır. Belə ki, iddiaçının həmin aktların yazılmasında iştirakı təmin olunmamışdır. İddiaçı aktların yazılmasında iştirak etməmişdir, onların aktı ilə razılaşmır. Aktların sürətini bu günlərdə iddiaçıya borcu deyəncə vermişlər. İddiaçı sayğacdan kənar xətdən istifadə etməmişdir. Aktlar qanunsuz tərtib edildiyinə görə etibarsız hesab edilməli, onun doğurduğu nəticələr, borc əsassız sayılmalıdır. İşıq idarəsi işçilərinin həmin hərəkətləri bir istehlakçı kimi iddiaçının hüquqlarını pozur.
3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, "Azərişiq” ASC əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisndən istifadə Qaydalan”na və “X1 Qaydaları”na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirərkən xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixlərdə iddiaçıya məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı həmin ünvanda sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilməsi faktı aşkar olunmuşdur. Bu isə “EEİQ-nın 8.17-ci, həmçinin EQQQ-nın ı-v bəndlərinin iddiaçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə iddiaçı barəsində 27 oktyabr 2023-cü il tarixli 314204 nömrəli və 30 yanvar 2024-cü il tarixli 321555 nömrəli aktlar tərtib edilərək hesabat aparılmışdır. Cəmi 1218,62 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 9374 kvts dəyərində itirilmiş elektrik enerjisinin dəyərini bərpa olunmuşdur. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. Qeyd olunduğu kimi, qüvvədə olan EElQ-nın tələbinə görə, enerji təchizatı müəssisəsi onun hesabatını apararkən heç bir haldan asılı olmayaraq sutkanın 24 saatını və on iki aydan çox olmayan müddəti əsas götürə bilər. Bunun üçün yol verilmiş həmin pozuntu faktının aşkarlanmasının özü belə kifayət edir. Ona görə də aşkar edilmiş fakt üzrə yenidən hesablaşma aparılması qaydası tam qanunamüvafiqdir. Çünki, qüvvədə olan “EElQ”-nın 8.17-ci bəndindən görünür ki, məişət abonenti (o cümlədən iddiaçı) tərəfindən həmin bənddə nəzərədə tutulmuş pozuntu hallarına yol verildikdə onu şəbəkədən açmaq elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən 24 saatı nəzərə alınmaqla buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə onunla yenidən hesablaşmaq enerji təchizatı müəssisəsinin hüququdur. İddiaçının mülki hüquq pozuntusuna yol verməsi faktı 27 oktyabr 2023-cü il tarixli 314204 nömrəli və 30 yanvar 2024-cü il tarixli 321555 nömrəli akt ilə rəsmiləşdirilmişdir. Bu halda yenidən hesablaşma aparmaq enerji təchizatı müəssisəsinin nəinki hüququdur, hətta borcudur. Beləliklə, iddiaçı 1218,62 manat məbləğində maddi zərər vurduğu üçün qüvvədə olan qanunvericiliyin tələbinə görə, həmin zərəri tam həcmdə ödəməlidir. Lakin iddiaçı tərəf iddia ərizəsində irəli sürdüyü tələbi və aktın qanunsuz tərtib edildiyini əsaslandıra bilməmiş, iddia ərizəsində göstərmişdir ki, guya onun həmin pozuntudan xəbəri olmamış, akt onun xəbəri olmadan tərtib olunmuşdur, əslində həmin vaxt iddiaçı nümayəndələri ilə birlikdə pozuntunu viziual izləmişdir. Bu bir daha onun qeyri-səmimi olduğunu göstərir. Məlumdur ki, enerji daşıyıcıları strateji təyinatlı məhsullardır və ondan düzgün istifadə edilməsi dövlət maraqları ilə bilavasitə bağlıdır. Beləliklə, qeyd edilənlər İddiaçı iddia tələbinin əsassız olduğunu, buna görə də barəsində əməkdaşlar tərəfindən tərtib edilmiş müvafiq aktın qanuni və əsaslı olduğunu təsdiq etdiyindən həmin tələblərə etiraz edir.
4. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehin işçilərinin iddiaçı barəsində tərtib etdiyi “Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında” 27 oktyabr 2023-cü il tarixli 314204 nömrəli akta əsasən qanunsuz hesablanmış 628,94 manat borcun və 30 yanvar 2024-cü il tarixli 321555 nömrəli akta əsasən qanunsuz hesablanmış 589,68 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»: 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. 7.11-ci bəndinə əsasən Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 8.20-ci bəndinə əsasən yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçının yaşadığı İmişli rayonunun Xəlfəli kəndində yerləşən evində elektrik enerjisindən istifadə qaydaları yoxlanılarkən sayğacdan kənar xətt aşkar olunduğundan enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən 27 oktyabr 2023-cü il tarixli 314204 nömrəli və 30 yanvar 2024-cü il tarixli 321555 nömrəli aktlar tərtib olunmuş və iddiaçıya ümumilikdə 1218,62 manat əlavə enerji ödənişi hesablanmışdır.
11. Lakin, enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən həmin aktlar tərtib olunarkən iddiaçının və ya onun ailə üzvlərindən heç kimin iştirakı təmin edilməmiş və aktın bir nüsxəsi iddiaçıya və ya ailə üzvlərinə təqdim edilməmişdir.
12. Təchizatçı və istehlakçı arasında elektrik enerjisinin alqı-satqı münasibətlərini tənzimləyən qanunvericilikdə istehlakçı tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, aktın məişət abonentinin iştirakı ilə tərtib edilməli olduğu, aktın enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalı olması, istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeydin aparılmalı olması, eyni zamanda yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalı olması barədə birbaşa göstəriş verilmiş və bu tələbin icrası enerjitəchizatı müəssisəsinin nümayəndəsinin üzərinə qoyulmuşdur.
13. Lakin cavabdeh tərəf tərtib olunan aktlda əks olunan pozuntunun mövcudluğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı aktın tərtibində iştirak etməmiş və tərtib edilmiş aktda iddiaçının imzası və ya imzalamaqdan imtina barədə qeyd yoxdur, həmçinin akt cavabdeh tərəfin əməkdaşlarının iştirakı ilə birtərəfli qaydada tərtib olunmuşdur.
14. İşin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
15. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsini məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
16. Beləliklə, qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh tərəfindən iddaçı barəsində tərtib edilmiş “Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında” 27 oktyabr 2023-cü il tarixli 314204 nömrəli akta əsasən hesablanmış 628,94 manat borc və 30 yanvar 2024-cü il tarixli 321555 nömrəli akta əsasən hesablanmış 589,68 manat borc silinməlidir.
VI. Nəticə:
17. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. "xxxx" Аçıq Səhmdаr Cəmiyyəti tərəfindən İddiaçı barəsində tərtib edilmiş “Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında” 27 oktyabr 2023-cü il tarixli 314204 nömrəli akta əsasən hesablanmış 628,94 manat borc və 30 yanvar 2024-cü il tarixli 321555 nömrəli akta əsasən hesablanmış 589,68 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev