Məhkəmə qərarları › İş №2(036)-1314/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1314/2025

05.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1314/2025 05.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: borcun silinməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında R378323 saylı xx.xx.2025-ci il tarixli akt əsasında qanunsuz hesablanmış 377,04 manat məbləğində borcun silinməsi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı "xxxx" ASC-nin işçilərinin barəsində tərtib etdiyi elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında 20 fevral 2025-ci il tarixli 378323 nömrəli aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış 377,04 manat borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Sonra iddiaçı Mülki Prosessual Məcəllənin 53-cü madəsinə əsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ünvanlayaraq R378323 saylı xx.xx.2025-ci il tarixli akt əsasında qanunsuz hesablanmış 377,04 manat məbləğində borcun silinməsini məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının evi İmişli rayonu, Muradallı kəndində yerləşir. Bu günlərdə işıq işçiləri ona işığa 377,04 manat borcu olduğunu bildirmişlər. İşıq idarəsinə gedib səbəbini soruşanda ona 20 fevral 2025-ci il tarixli 378323 nömrəli aktı vermişlər. Orada elektrik enerjisindən istifadə qaydalarına uyğun olarac sayğaca baxış keçirildiyi, abonentin fazirovkadan istifadə etməsi (sayğacdan kənar xətdən istifadə olunur) və ziyan hesablandığı qeyd edilmiş, 377,04 manat borc yazılmışdır. Həmin akt qanunsuz yazılmışdır. Belə ki, orada onun akt yazılmasında iştirak etməsini saxta yazmışlar. Aktlar onun həyətində yazılmamış, o, aktın yazılmasında iştirak etməmişdir. Onların aktı ilə razılaşmır. Ona heç bir sənəd verməmişlər. Bir neçə gün əvvəl ona borcu deyəndən sonra 14 mart 2025-ci il tarixdə vermişlər. Aktda guya imza etməkdən imtina etdiyi yazılmışdır. Akt onun iştirakı olmadan yazılmışdır. Akt qanunsuz tərtib edildiyinə görə etibarsız hesab edilməli, onların doğurduğu nəticələr, borc əsassız sayılmalıdır. İşıq idarəsi işçilərinin həmin hərəkətləri onun hüquqlarını pozur.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbi əsassız və qüvvədə olan qanunvericiliyin göstərişlərinə zidd olduğu üçün məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, "xxxx" ASC-nin X3 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş "Elektrik enerjisindən istifadə Qaydaları"na və "X1 Qaydaları"na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirən zaman 20 fevral 2025-ci il tarixdə İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı iddiaçının hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulması aşkar olunmuşdur. Bu isə “EEİQ”-nın 8.17-ci, həmçinin “EQQQ”-nın bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Nəticədə bu əməlinə görə iddiaçı barəsində 20 fevral 2025-ci il tarixli R378323 saylı akt tərtib edilərək hesabat aparılmışdır. Qeyd olunduğu kimi, qüvvədə olan EEİQ-nın tələbinə görə, enerji təchizatı müəssisəsi onun hesabatını apararkən heç bir haldan asılı olmayaraq sutkanın 24 saatını və on iki aydan çox olmayan müddəti əsas götürə bilər. Bunun üçün yol verilmiş həmin pozuntu faktının aşkarlanmasının özü belə kifayət edir. Ona görə də aşkar edilmiş fakt üzrə yenidən hesablaşma aparılması qaydası tam qanunamüvafiqdir. Çünki, qüvvədə olan “EEİQ”-nin 8.17-ci bəndindən görünür ki, məişət abonenti tərəfindən həmin bənddə nəzərədə tutulmuş pozuntu hallarına yol verildikdə onu şəbəkədən açmaq elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən 24 saatı nəzərə alınmaqla buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə onunla yenidən hesablaşmaq enerji təchizatı müəssisəsinin hüququdur. İddiaçının mülki hüquq pozuntusuna yol verməsi faktı 20 fevral 2025-ci il tarixli R 378323 saylı akt ilə rəsmiləşdirilmişdir. Bu halda yenidən hesablaşma aparmaq enerji təchizatı müəssisəsinin nəinki hüququ, hətta borcudur. Beləliklə, iddiaçı 377,04 manat məbləğində maddi zərər vurduğu üçün qüvvədə olan qanunvericiliyin tələbinə görə, həmin zərəri tam həcmdə ödəməlidir. Lakin iddiaçı tərəf iddia ərizəsində irəli sürdüyü tələbi və aktın qanunsuz tərtib edildiyini əsaslandıra bilməmiş, iddia ərizəsində göstərmişdir ki, güya onun həmin pozuntudan xəbəri olmamış, akt onun xəbəri olmadan tərtib olunmuşdur. Əslində həmin pozuntunun video yazısı aparılmışdır. Bu bir daha onun qeyri-səmimi olduğunu göstərir. Məlumdur ki, enerji daşıyıcıları strateji təyinatlı məhsullardır və ondan düzgün istifadə edilməsi dövlət maraqları ilə bilavasitə bağlıdır. Beləliklə, qeyd edilənlər iddiaçının iddia tələbinin əsassız olduğunu, buna görə də tərtib edilmiş müvafiq aktların qanuni və əsaslı olduğunu təsdiq etdiyindən həmin iddia tələbi məhkəmə tərəfindən təmin olunmamalıdır. İddiaçının "xxxx" ASC-nə qarşı barəsində tərtib olunmuş 20 fevral 2025-ci il tarixli R 378323 saylı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış 377,04 manat məbləğində borcun silinməsinə dair tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

8. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı: 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyi həyata keçirir. 6.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X2 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X2 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

9. 11 aprel 2023-cü il tarixli “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının qanununu: 1.1.54-cü bəndinə əsasən ötürücü sistem operatoru– icazə əsasında ötürücü şəbəkə ilə elektrik enerjisinin ötürülməsini, ötürücü şəbəkənin istismarını, yenilənməsini, genişləndirilməsini və mərkəzi operativ-dispetçer idarəetməsini həyata keçirən, sistem xidmətləri göstərən, həmçinin elektroenergetika sisteminin qonşu dövlətlərin elektroenergetika sistemləri ilə paralel işini təşkil edən hüquqi şəxsdir. 1.1.55-ci bəndinə əsasən paylayıcı sistem operatoru– icazə əsasında paylayıcı şəbəkə ilə elektrik enerjisinin paylanmasını həyata keçirən hüquqi şəxsdir. 19.16-cı bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.

10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunu: 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçının yaşadığı İmişli rayonunun Muradallı kəndində yerləşən evində elektrik enerjisindən istifadə qaydaları yoxlanılarkən fazirofkadan (kənar xəttdən) istifadə etməsi aşkar olunduğundan enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən R378323 saylı xx.xx.2025-ci il tarixli akt tərtib olunmuş və iddiaçıya əlavə enerji ödənişi hesablanmışdır.

12. İş materiallarına əlavə olunmuş abunə haqqında çıxarışdan görünür ki, cavabdeh tərəfindən R378323 saylı xx.xx.2025-ci il tarixli akta əsasən xx.xx.2025-ci il tarixə vurulmuş zərər 377, manat hesablanmışdır.

13. İlk öncə qeyd olunmalıdır ki, cavabdehin nümayəndəsi tərəfindən etirazını əsaslandırdığı zaman istinad etdiyi “X1 Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli qərarı “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858- VİQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 may tarixli 2143 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2025-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Həmin qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulma hallarına yol verildiyi aşkar edildikdə bu barədə akt tərtib edilməli, aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim edilməli, akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır.

15. Enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydalarına riayət edilməməsi ilə bağlı akt tərtib edilmiş, lakin iddiaçının iştirakı aktda qeyd edilsə də, aktın doğruluğunun imza ilə təsdiq edilməsi hissəsində iddiaçı aktı imza etməmiş, iddiaçının aktı imza etməməsinin səbəbləri qeyd edilməmiş və aktın bir nüsxəsi iddiaçıya və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə təqdim edilməmişdir.

16. Məhkəmə qeyd edir ki, Azərişıq ASC-nin əməkdaşları tərəfindən yol verilmiş pozuntu texniki vasitə, yəni videoçəkiliş aparılmaqla qeydə alınmış və müvafiq videoçəkiliş cavabdehin nümayəndəsi tərəfindən elektron daşıyıcıda məhkəməyə təqdim edilmişdir. Videoyazıda elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulma halı öz əksini tapmış, lakin həmin qoşulmanın iddiaçıya məxsus fərdi yaşayış evinə aid olması müəyyən olunmur.

17. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

18. Qərarda həmçinin göstərilmişdir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

19. Məhkəmə həmçinin qeyd edir ki, istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), cinayət təqibi orqanın və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qanunvericiliyin qeyd edilən norması cavabdeh tərəfindən pozulmuş, istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması müvafiq qərarda müəyyən edilmədən vurulmuş zərərin ödənilməsi iddiaçıdan tələb edilmişdir. Belə ki, cavabdeh tərəfindən istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olmasını təsdiq edəcək qanunvericiliklə müəyyən edilmiş müvafiq qərar məhkəməyə təqdim edilməmişdir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

21. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh tərəf tərtib olunan aktda əks olunan pozuntunun mövcudluğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən hər-hansı bir şəxs aktın tərtibində iştirak etməmiş və tərtib edilmiş aktda iddiaçının və ya nümayəndəsinin imzası yoxdur, eyni zamanda akt cavabdeh tərəfin əməkdaşlarının iştirakı ilə birtərəfli qaydada tərtib olunmuşdur. Həmçinin iddiaçının elektrik enerjisinin talanmasında təqsirli olması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), cinayət təqibi orqanın və ya məhkəmənin qərarı ilə müəyyən edilmədən vurulmuş zərərin ödənilməsi iddiaçıdan tələb edilmişdir.

22. İşin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

23. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsini məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

24. Beləliklə, qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh tərəfindən tərtib edilmiş elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında R378323 saylı xx.xx.2025-ci il tarixli akt üzrə hesablanmış 377,04 manat borc silinməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

26. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir

VI. Nəticə:

27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. "xxxx" Аçıq Səhmdаr Cəmiyyəti tərəfindən tərtib edilmiş elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında R378323 saylı xx.xx.2025-ci il tarixli akt üzrə İddiaçı hesablanmış 377,04 manat borc silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar