Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1350/2023 08.06.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC Aran RESTİ-ə qarşı «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» aktın etibarsız hesab edilməsi və debitor borcun ləğv edilməsi tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» aktın etibarsız hesab edilməsi və debitor borcun ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib "xxxx" ASC ARAN RESTİ üzrə tərtib edilmiş «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» 17 yanvar 2023-cü il tarixli AKT R № 289125 nömrəli aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlu iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Əliqulular kəndində yaşayır və yaşadığı evdə istifadə olunan elektrik enerjisinin haqqı həmişə vaxtı-vaxtında ödənilmişdir. 17 yanvar 2023-cü il tarixli AKT R № 289125 nömrəli «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» aktın tərtib edilməsindən xəbərsiz olmuş və aktın surətini almamışdır. Yaşadığı evdə sayğacdankənar xəttdən istifadə olunmamışdır. Ona görə də «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» 17 yanvar 2023-cü il tarixli AKT R № 289125 nömrəli aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun ləğv edilməsi barədə iddia qaldırmışdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, "xxxx" ASC Aran RESTİ-nin yoxlayıcıları tərəfindənn xx.xx.2023-cü il tarixdə istehlakçılar tərəfindən enerjidən istifadə qaydalarına əməl olunmasına nəzarət həyata keçirilərkən İddiaçı məxsus olan İmişli rayonunun Əliqulular kəndində yerləşən fərdi yaşayış evində sayğacdankənar elektrik enerjisindən istifadə olunması faktı aşkar edildiyinə görə «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» 17 yanvar 2023-cü il tarixli AKT R № 289125 nömrəli akt tərtib edilmiş, EEİQ-nin pozulması ilə əlaqədar hesabat aparılaraq qoşulmuş xəttin gücünə görə enerji sərfiyyatı müəyyən edilmiş və debitor borc hesablanmışdır.Ona görə də, aktın etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib işdə olan materialları tədqiq edərək aşağıda qeyd olunanlara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan "xxxx" ASC ARAN RESTİ üzrə tərtib edilmiş «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» 17 yanvar 2023-cü il tarixli AKT R № 289125 nömrəli aktın surətinə əsasən istehlakçılar tərəfindən enerjidən istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə 31 yanvar 2022-ci il tarixdə aparılmış yoxlama nəticəsində İddiaçı məxsus olan İmişli rayonunun Əliqulular kəndində yerləşən fərdi yaşayış evində sayğacdankənar elektrik enerjisindən istifadə olunması faktı aşkar edilmiş və 365 gün müddətinə hesabat aparılaraq qoşulmuş xəttin gücünə görə enerji sərfiyyatı müəyyən edilərək abonentlə yenidən hesablaşma aparılmışdır. AR Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.13-cü bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Abonentin subabonenti olduğu hallarda, onun və subabonentlərin sərf etdiyi elektrik enerjisinə görə bir ödəniş sənədi yazılır. Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaydaların 8.17-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9- 2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır Qaydaların 8.17-1-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 8.17-2-ci bəndinə əassən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, abonent tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi halda elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü sonuncu baxış tarixindən sonrakı müddəti əhatə etdiyindən daha uzun müddətə hesablaşma aparılması üçün əsaslar olmadığı nəzərə alınaraq dəymiş zərər 1 ay müddətində istifadə edilmiş elektirik enerjisinin dəyəri ilə ölçülməli və İddiaçı barəsində tərtib edilmiş «Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» 17 yanvar 2023-cü il tarixli AKT R № 289125 saylı akta əsasən hesablanmış enerji 60,98 manat (1.1 kvt. x 0,7x 24 saat x 30 gün = 554.4 kvt. s; 554.4 kvt.s x 0.11 m) məbləğində müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı barəsində tərtib edilmiş «Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» 17 yanvar 2023-cü il tarixli AKT R № 289125 saylı akta əsasən hesablanmış enerji məbləği 60,98 (altmış manat doxsan səkkiz qəpik) manat məbləğində müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-1350/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1350/2023
08.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver