Məhkəmə qərarları › İş №2(036)-1375/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1375/2024

11.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1375/2024 11.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. İddiaçı İmişli rayonu, Qulubəyli kəndində yerləşən fərdi yaşayış evi üzrə **********00201 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Abonent saldosunun “sayğac oxunması” bölməsində iddiaçının sərf elektrik enerjisinin pul vahidi nisbətində dəyəri 2351,70 manat, “aktlar” bölməsində 3,949,92 manat, “ödəmələr” bölməsində isitifadə etdiyi elektrik enerjisinə görə ödənişin 1360 manat, “borc” bölməsində isə 3584,96 manat olması əks olunmuşdur.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

2. İddiaçı 23 yanvar 2018-ci il tarixli AKT R 093370 nömrəli aktın, 08 may 2018-ci il tarixli AKT R 101199 nömrəli, 21 noyabr 2018-ci il tarixli AKT R 125290 nömrəli, 06 yanvar 2020-ci il tarixli AKT R 210433 nömrəli, 14 fevral 2020-ci il tarixli 172625 nömrəli, 26 yanvar 2023-cü il tarixli AKT R 289149 nömrəli, 13 may 2023-cü il tarixli AKT R 301084 nömrəli aktın, 14 avqust 2023-cü İİ tarixli AKT R 304053 nömrəli, 12 dekabr 2023-cü il tarixli AKT R 321268 nömrəli və 23 yanvar 2024-cü il tarixli AKT 321691 nömrəli aktların etibarsız hesab edilməsi və 3.594,96 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yuxarıda qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. İmişli rayonu, Qulubəyli kəndində yerləşən evdə yaşayır. "xxxx" ASC-nin əməkdaşları ona bildirmişlər ki, işığa borcun var. O da "xxxx" ASC-nin idarəsinə gedib maraqlandıqda idarənin əməkdaşları ona 23 yanvar 2018-ci il tarixli AKT R 093370 nömrəli aktın, 08 may 2018-ci il tarixli AKT R 101199 nömrəli aktın, 21 noyabr 2018-ci il tarixli AKT R 125290 nömrəli aktın, 06 yanvar 2020-ci il tarixli AKT R 210433 nömrəli aktın, 13 fevral 2020-ci il tarixli 172625 nömrəli aktın 26 yanvar 2023-cü il tarixli AKT R 289149 nömrəli aktın, 13 may 2023-cü i! Tarixli AKT R 301084 nömrəli aktın, 14 avqust 2023-cü İİ tarixli AKT R 304053 nömrəli aktın, 12 dekabr 2023-cü il tarixli AKT R 321268 nömrəli aktın və 23 yanvar 2024-cü il tarixli AKT 321691 nömrəli aktın surətlərini vermişlər. Həmin aktlarda “sayğacdan kənar xətdən istifdə olunur” yazılıb və ziyan hesablanıb. Ondan həmin aktlara görə cəmi 3564,96 manat borc tələb edilir. Həmin aktlar qanunsuz yazılıb. Belə ki, orada onun akt yazılmasında iştirakı, hal şahidlərinin iştirakı təmin olunmayıb. O, akt yazılmasında iştirak etməmişdir. Aktda əvvəldən “aktı imzalamaqdan imtina etdi” sözləri blankda çap hərfləri ilə yazılıb və öz imzaları ilə təsdiq ediblər. Onların aktı ilə razılaşmır. O, kənar xətdən istifadə etməmiş, sayqaca əl vurmamış, sayqac həyətindən çöldə quraşdırılıb, onu qorumağı mümkün deyil. Ona heç bir sənəd verilməmişdir. Bir neçə gün bundan əvvəl ona borcdan xəbəri olandan sonra həmin aktları əldə edib. Aktlar qanunsuz tərtib edildiyinə görə etibarsız hesab edilməli, onların doğurduğu nəticələr, borc əsassız sayılmalıdır, işıq idarəsi işçilərinin həmin hərəkətləri bir istehlakçı kimi onun hüquqlarını pozur. Azərbaycan Respublikası MPM-nin 36.9-cu maddəsinə görə istehlakçının huququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Dövlət rüsumu haqqında Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilirlər.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

1. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı "xxxx" ASC-nə qarşı barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli, 093370, xx.xx.2018-ci il tarixli, 101199, xx.xx.2018-ci il tarixli, 125290, xx.xx.2020-ci il tarixli, 210433, xx.xx.2020-ci il tarxili, 172625, xx.xx.2023-cü il tarixli, 289149, xx.xx.2023cü il tarixli 301084, xx.xx.2023-cü il tarixli, 304053, xx.xx.2023-cü il tarixli, 321268 və xx.xx.2024-cü il tarixli, 321691 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında ona hesablanmış cərimənin silinməsi tələbi ilə İmişli rayon məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı xx.xx.2018-ci il tarixli, 093370, xx.xx.2018-ci il tarixli, 101199, xx.xx.2918ci il tarixli, 125290, xx.xx.2020-ci il tarixli, 210433 və xx.xx.2020-ci il tarxili, 172625 saylı aktı mübahisələndirərkən artıq qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddia tələbi əsassız və qüvvədə olan qanunvericiliyin göstərişlərinə zidd olduğu üçün məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, Cavabdeh ASC əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”na və “X1 Qaydaları’’na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirərkən xx.xx.2018-ci il, xx.xx.2020-ci il, 06.012020-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı həmin ünvanda sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etməsi faktı aşkar olunmuşdur. Bu isə “EEİQ-nm 8.17-ci, həmçinin “EQQQ-nın ı-v bəndlərinin iddiaçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə iddiaçı barəsində xx.xx.2018-ci il tarixli, 093370, xx.xx.2018-ci il tarixli, 101199, xx.xx.2018-ci il tarixli, 125290, xx.xx.2020-ci il tarixli, 210433, xx.xx.2020-ci il tarxili, 172625, xx.xx.2023-cü il tarixli, 289149, xx.xx.2023-cü il tarixli 301084, xx.xx.2023-cü il tarixli 304053, xx.xx.2023-cü il tarixli, 321268 və xx.xx.2024-cü il tarixli, 321691 saylı akt tərtib edilmiş və hesabat aşağıdakı qaydada aparılmışdır. 1) 23 01.2018-ci il tarixli, 093370 saylı akt üzrə; 0,93 kvtx 24 saat x 120 gün x 0,7 = 1872 kvts x 0,11 m = 205,92 manat. 2) xx.xx.2018-ci il tarixli, 101199 saylı akt üzrə; 1,5 kvtx 24 saat x 120 gün x 0,7 = 3075 kvts x 0,11 m = 338,25 manat. 3) xx.xx.2018-ci il tarixli, 125290 saylı akt üzrə; 1,3 kvt x 24 saat x 90 gün x 0,7 = 1966 kvts x 0,11 m = 216,26 manat. 4) xx.xx.2020-ci il tarixli, 210433 saylı akt üzrə; 1.2 kvt x 24 saat x 120 gün x 0,7 = 2419 kvts 1200 kvts x 0,07 man= 84,00 man 1219 kvts x 0,11 = 134,09 man cəmi 218,09 manat. 5) xx.xx.2020-ci il tarxili, 172625 saylı akt üzrə; 1,48 kvt x 24 saat x 180 gün x 0,7 = 4476 kvts 1200 kvts x 0,07 man= 84,00 man 3276 kvts x 0,11 = 360,36 man cəmi 444,36 manat. İddia müddəti ötürülmüş aktlar üzrə cəmi məbləğ 1422,88 manat. 6) xx.xx.2023-cü il tarixli, 289149 saylı akt üzrə; 1,10 kvt x 24 saat x 180 gün x 0,7 = 3326 kvts 1200 kvts x 0,08 man= 96,00 man 600 kvts x 0,09 man= 54,00 man 1526 kvts x 0,13 = 198,38 man cəmi 348,38 manat. 7) xx.xx.2023-cü il tarixli 301084 saylı akt üzrə; 0,9 kvtx 24 saat x 90 gün x 0,7 = 1361 kvts x 0,13 man= 176,93 manat. 8) xx.xx.2023-cü il tarixli 304053 saylı akt üzrə; 1,4 kvt x 24 saat x 60 gün x 0,7 = 1411 kvts 400 kvts x 0,08 man= 32,00 man 200 kvts x 0,09 man= 18,00 man 811 kvts x 0,13 = 105,43 man cəmi 155,43 manat. 9) xx.xx.2023-cü il tarixli, 321268 saylı akt üzrə; 4,5 kvt x 24 saat x 60 gün x 0,7 = 4536 kvts x 0,13 man= 589,68 manat. 10) xx.xx.2024-cü il tarixli, 321691 saylı akt üzrə; 4,5 kvt x 24 saat x 30 gün x 0,7 = 2268 kvts 200 kvts x 0,08 man= 16,00 man. 100 kvts x 0,09 man= 9,00 man. 1968 kvts x 0,13 = 255,84 man cəmi 280,84 manat. Cəmi 2974,14 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan ki 26710 kvts dəyərində itirilmiş elektrik enerjisinin dəyərini bərpa olunmuşdur. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. Qeyd olunduğu kimi, qüvvədə olan EEİQ-nın tələbinə görə, enerji təchizatı müəssisəsi onun hesabatını apararkən heç bir haldan asılı olmayaraq sutkanın 24 saatını və on iki aydan çox olmayan müddəti əsas götürə bilər. Bunun üçün yol verilmiş həmin pozuntu faktının aşkarlanmasının özü belə kifayət edir. Ona görə də aşkar edilmiş fakt üzrə yenidən hesablaşma aparılması qaydası tam qanunamüvafiqdir. Çünki, qüvvədə olan “EEİQ”-nın 8.17-ci bəndindən görünür ki, məişət abonenti (o cümlədən iddiaçı) tərəfindən həmin bənddə nəzərdə tutulmuş pozuntu hallarına yol verildikdə onu şəbəkədən açmaq elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən 24 saatı nəzərə alınmaqla buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə onunla yenidən hesablaşmaq enerji təchizatı müəssisəsinin hüququdur. İddiaçının mülki hüquq pozuntusuna yol verməsi faktı xx.xx.2018-ci il tarixli, 093370, xx.xx.2018-ci il tarixli, 101199, xx.xx.2018-ci il tarixli, 125290, xx.xx.2020-ci il tarixli, 210433, xx.xx.2020-ci il tarxili, 172625, xx.xx.2023-cü il tarixli, 289149, xx.xx.2023cü il tarixli 301084, xx.xx.2023-cü il tarixli 304053, xx.xx.2023-cü il tarixli, 321268 və xx.xx.2024-cü il tarixli, 321691 saylı aktlar ilə rəsmiləşdirilmişdir. Bu halda yenidən hesablaşma aparmaq enerji təchizatı müəssisəsinin nəinki hüququdur, hətta borcudur. Lakin iddiaçı tərəf iddia ərizəsində irəli sürdüyü tələbi və aktların qanunsuz tərtib edildiyini əsaslandıra bilməmiş, iddia ərizəsində göstərmişdir ki, guya onun həmin pozuntulardan xəbəri olmamış, aktlar onun xəbəri olmadan tərtib olunmuşdur. Əslində həmir vaxt iddiaçı nümayəndələrimizə birlikdə olmuş, həmin pozuntununun aşkar olunub sənədləşdirilməsini vizual olaraq izləmişdir. Bu bir daha onun qeyri-səmimi olduğunu göstərir. Məlumdur ki, enerji daşıyıcıları strateji təyinatlı məhsullardır və ondan düzgün istifadə edilməsi maraqları ilə bilavasitə bağlıdır. Beləliklə, qeyd edilənlər İddiaçı iddia tələbinin əsassız olduğunu, buna görə də barəsində tərəfindən tərtib edilmiş müvafiq aktların və əsaslı olduğunu təsdiq etdiyindən həmin tələblərə etiraz edir və tələb məhkəmə tərəfindən təmin olunmamalıdır.

Məhkəmə iclasında verilən izahatlar:

2. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

4. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na əsasən

5. Bənd 7.1 Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır.

6. Bənd 7.3. Hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri “X1 qaydaları”na uyğun quraşdırılmalıdır.

7. Bənd 7.6 Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İşə baxan məhkəmənin mövqeyi:

8. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan elektrik sayğacı evdən kənarda quraşdırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, iddiaçının mənzilini elektrik enerjisi ilə təmin edilməsi üçün quraşdırılan elektrik sayğacı onun məsuliyyəti həddindən kənarda, yəni ümumi istifadədə olan küçədə, bununla da sayğacda aşkar edilmiş qüsura görə iddiaçı məsuliyyət daşımadığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə Qaydalarının 7.11-ci bəndinə əsasən Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur.

10. Lakin məhkəmə qeyd edir ki, iddia tələbi həcminə görə qismən təmin edilməlidir.

11. Belə ki, məhkəmə araşdırması zamanı müyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli, 093370, xx.xx.2018-ci il tarixli, 101199, xx.xx.2018-ci il tarixli, 125290, xx.xx.2020-ci il tarixli, 210433, xx.xx.2020-ci il tarxili, 172625, xx.xx.2023-cü il tarixli, 289149, xx.xx.2023-cü il tarixli 301084, xx.xx.2023-cü il tarixli 304053, xx.xx.2023-cü il tarixli, 321268 və xx.xx.2024-cü il tarixli, 321691 saylı aktlar cəmi 2974,14 manat məbləğində əlavə ödəniş hesablanmışdır. Belə olan halda, məhkəmə tərəfindən yalnız iddiaçı tərəfindən mübahisələndirilmiş həmin aktlar əsassında hesablanmış borcların qanunsuz olduğu müəyyən edildiyi üçün iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, həmin aktların hansı əsasla tərtib edilməsi ilə bağlı sübutlar isə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin, aktların tərtibi zamanı iddiaçının iştirakı təmin edilməmişdir və bu iştirakın təmin edilməsi məqsədilə edilmiş hər hansı hərəkəti sübut edən dəlillər məhkəməyə təqdim edilməmişdir.

12. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə Qaydalarının 7.6-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, 2974,14 manat məbləğində borc cavabdeh tərəfindən silinməlidir.

13. İddiaçı tərəfindən mübahisələndirilən aktların etibarsız hesab edilməsi hissədə iddia əsaslandırılmadığından rədd edilməlidir.

14. Cavabdehin tərəfindən etirazında göstərilmiş xx.xx.2018-ci il tarixli, 093370, xx.xx.2018-ci il tarixli, 101199, xx.xx.2918-ci il tarixli, 125290, xx.xx.2020-ci il tarixli, 210433 və xx.xx.2020-ci il tarxili, 172625 saylı aktı mübahisələndirərkən artıq qanunla nəzərdə tutulmuş iddia müddətini ötürülməsi barədə mülahizəsi əsassızdır. Cavabdeh tərəfindən həmin aktların Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsində nəzərdə tutulan vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə üç illik iddia müddətinin keçməsinə istinad edilmişdir. Lakin məhkəmə hesab edir ki, hazırki iddia tələbinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsində nəzərdə tutulan vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə üç illik iddia müddəti deyil, həmin Məcəllənin 373.1-ci maddəsində təsbit edilmiş ümumi iddia müddəti olan on illik iddia müddəti şamil edilməlidir. Belə ki, hazırki iddia tələbi cavabdeh tərəfindən hər hansı vaxtaşırı icra edilməli öhdəliklərin icra edilməsi ilə bağlı olan tələb deyil. Hazırki tələb cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı üçün qanunsuz və əsassız yaranmış öhdəliyin ləğv edilməsindən ibarətdir. İddiaçının iddiası cavabdeh tərəfindən hesablanmış qanunsuz borc tərəflərdən heç bir üçün vaxtaşırı icra edilməli öhdəlik yaratmır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsində təsbit edilmiş ümumi iddia müddəti olan on illik iddia müddəti daxilində verildiyi üçün cavabdehin etirazı əsassızdır.

15. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddianın qismən təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini (iddia istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı olduğundan) nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, hesablanmış 49.75 manat (qırx doqquz manat, yetmiş beş qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

16. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı (abonent kodu: **********00201) hesablanmış 2974,14 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 49.75 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar