Məhkəmə qərarları › İş №2(036)-1430/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1430/2021

22.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1430/2021 22.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan İmişli şəhəri, Babək küçəsində yerləşən 4 saylı evdən Cavabdeh yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İmişli şəhəri, Babək küçəsində yerləşən 4 saylı ev onun xüsusi mülkiyyətindədir. Həmin evə dair daşınmaz əmlakın texniki pasportu və reyestrdən çıxarışı onun adına verilmişdir. Həmin ev yalnız ona məxsusdur və o, həmin evdə qeydiyyatdadır. Lakin elektron avtomatlaşdırılmış informasiya sisteminin verdiyi çıxarışla məlum olur ki, həmin evdə ondan əlavə Cavabdeh adlı şəxs də qeydiyyatdadır. O, həmin evi 07 fevral 2013-cü il tarixdə Cavabdeh alqı-satqı yolu ilə almışdır. Aldıqdan sonra evi öz adına rəsmiləşdirmişdir. Evə dair texniki pasport hüquqi subyekti kimi ona məxsusdur. O, həmin evi Cavabdeh aldıqdan sonra o həmin evdən qeydiyyatdan çıxmayıb. Ona görə də xüsusi mülkiyyətində olan, İmişli şəhəri, Babək küçəsində yerləşən 4 saylı evindən Cavabdeh yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, İmişli şəhəri, Babək küçəsində yerləşən 4 saylı evin hüquq subyekti İddiaçıdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, İmişli şəhəri, Babək küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqında 06 may 2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Cavabdeh İmişli şəhəri, Babək küçəsində yerləşən 4 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın 19 aprel 2021-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcılar X2, X3 və X1 şəhəri, Babək küçəsi ev 4-də yerləşən, ümumi sahəsi 0.07 ha olan torpaq sahəsinin 0.0175 ha hissəsini alıcı İddiaçı 4500 manat qiymətində satmışdılar. Məhkəmə iş üzrə sübutların məcmusuna qiymət verməklə belə nəticəyə gəlir ki, evin iddiaçının mülkiyyətində olması, Cavabdeh isə evdə qeydiyyatda olmasına baxmayaraq həmin evdə yaşamaması sübuta yetirilir. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda qalması onun evin üzərində mülkiyyət hüququnun pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 15 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki Məcəllənin 203.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Cavabdehin yaşamadıqı halda evdə pasport qeydiyyatında qalması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına səbəb olmaqla yanaşı iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulan sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır. Sübutların məcmusuna qiymət verib, məhkəmə cavabdehin həmin ünvanda yaşamamasını, həmin evdə qeydiyyatının formal olmasını nəzərə alıb, onun İmişli şəhəri, Babək küçəsi 4 saylı evə istifadə hüququna xitam verilməsi qənaətinə gəlir. Məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İmişli şəhəri, Babək küçəsi 4 saylı evə olan istifadə hüququna xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh İmişli şəhəri, Babək küçəsi 4 saylı evə olan istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində İmişli rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar