Məhkəmə qərarları › İş №2(036)-1460/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1460/2025

03.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1460/2025 03.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, 032367 saylı akt əsasında qanunsuz hesablanmış 1016 (bir min on altı) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli şəhəri, K.Qasımov küçəsində yerləşən fərdi yaşayış evi ona məxsusdur və o, həmin evdə ailəsi ilə birlikdə yaşayır. Bir neçə il əvvəl “Azərişıq" ASC tərəfindən kartla işləyən elektrik sayğacı quraşdırılmış, həmin müddətdə karta pul yükləməklə elektrik enerjisindən istifadə etmişdir. Onun yaşadığı evə quraşdırılmış sayğaca müxtəlif vaxtlarda baxış keçirilmiş və guya onun sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etməyi müəyyən olunmuşdur. Bununla bağlı ona 30 may 2023-cü il tarixdə 032367 nömrəli akt tərtib edilmişdir. Həmin aktda göstərilmişdir ki, yoxlama zamanı məlum olmuşdur ki, abonent kənar xətdən istifadə etmişdir. Akt tərtib olunduqdan sonra ona 1016 (bir min on altı) manat borc hesablanmışdır. Qeyd olunan akt əsasında hesablanmış əsassız olaraq həmin məbləğdə borc hesablanmışdır. 30 may 2023-cü il tarixdə 032367 nömrəli akt onun iştirakı olmadan tərtib edilmişdir. O, elektrik enerjisi xəttinə kənar müdaxilə etməmişdir və həmçinin elektrik sayğacına da müdaxilə etməmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddiaya etiraz edərək, İddiaçı qarşı cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, 032367 saylı akt əsasında qanunsuz hesablanmış 1016 (bir min on altı) manat borcun silinməsinə dair tələbin qanunsuz və əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddiaya etirazında göstərmişdir ki, İddiaçı X2 "xxxx" ASC-nə qarşı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli NDM 032367 saylı aktın ləğv edilməsi, qanunsuz hesablanmış 1016 manat məbləğində cərimənin silinməsinə dair qətnamə qəbul edilməsi üçün iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. iddia tələbi əsassız və qüvvədə olan qanunvericiliyin göstərişlərinə zidd olduğu üçün məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş "Elektrik enerjisindən istifadə Qaydaları”na və “X1 Qaydaları”na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirən zaman xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, abonent hesablaşma elekrik sayğacından kənar elektrik xətti vasitəsi ilə elektrik şəbəkəsinə qanunsuz qoşulmuşdur. Bu isə “EEİQ-nın 8.17-ci, həmçinin “EQQQ-nın ı-v bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Nəticədə bu əməlinə görə iddiaçı X2 barəsində xx.xx.2023-cü il tarixli NDM 032367 saylı akt tərtib edilərək hesabat aşağıdakı qaydada aparılmışdır. 2,8 kvt x 24 saat x 0,7 x 180 gün = 8467 kvts, Tarif (-1200 kvts x 0,08 man = 96,00 man), Tarif (-600 kvts x 0,09 man = 54,00 man), Tarif (-6667 kvts x 0,13 man = 866,70 man) Cəmi 1016 (bir min on altı) manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 8467 kvts itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. Buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 032367 nömrəli aktından görünür ki, İmişli şəhərində yerləşən mənzilə quraşdırılmış sayğaca baxış keçirən zamanı məlum olmuşdur ki, mənzilə sayğac sxemindən kənar xətt daxil olmuşdur. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, videoda özünü təqdim etməyən şəxs tərəfindən video çəkilərək 032367 nömrəli sayğaca baxış keçirilir və abonent tərəfindən kənar xətdən istifadə edildiyi deyilir. Video çəkiliş zamanı başqa şəxsin iştirakı müşahidə olunmur. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı İmişli şəhəri ünvanında yerləşən mənzilə dair kənar xətt aşkar olunması əsası ilə "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 032367 nömrəli akt tərtib edilmiş və həmin akta əsasən istehlakçı İddiaçı itirilmiş elektrik enerjisinin dəyəri kimi 1016 (bir min on altı) manat borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını, iş materiallarını, sübutları müqayisəli şəkildə tədqiq edərək belə hesab edir ki, iddiaçının İmişli şəhəri ünvanında yerləşən mənzilində sayğac sistemindən kənar xətdən istifadə edilməsi halı sübuta yetirilmir. Belə ki, cavabdeh tərəf sayğac sistemindən kənar xətdən istifadə edilməsi halını təsdiq edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişlər. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun sübut müvafiq Aktdır ki, həmin Akt isə cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı və ya qeyd edilən evdə yaşayan üçüncü şəxs tərəfindən imzalanmamışdır. İddiaçı tərəf məhkəmə iclasında da bu halı təsdiq etməmişdir. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş video diskə baxış zamanı müəyyən edilmişdir ki, videoda özünü təqdim etməyən şəxs tərəfindən video çəkilərək 032367 nömrəli sayğaca baxış keçirilir və abonent tərəfindən kənar xətdən istifadə edildiyi deyilir. Video çəkiliş zamanı başqa şəxsin iştirakı müşahidə olunmur. Göründüyü kimi həmin diskdə olan audio-video yazıdan İmişli rayonu, Murğuzallı kəndi ünvanında yerləşən evə məhz iddiaçı tərəfindən hər hansı kənar xətt çəkilməsi faktı öz təsdini tapmır. Ümumiyyətlə, isə həmin videonun nə vaxt və kim tərəfindən çəkilməsi video yazıdan müəyyən olunmur. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Beləliklə də, məhkəmə araşdırılması zamanı iddiaçının İmişli şəhəri ünvanında yerləşən mənzilində sayğac sistemindən kənar xətdən istifadə edilməsi halı öz təsdiqini tapmadığından göstərilən akt əsasında hesablanmış borc silinməlidir. Məhkəmə qeyd edir ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İmişli şəhəri ünvanında yerləşən mənzilində sayğac sistemindən kənar xətdən istifadə edilməsi, beləliklə də elektrik enerjisindən istifadə qaydalarının pozulması halı sübut olunmadığından, cavabdeh tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması əsası ilə hesablanmış pulun tələb edilməsi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30.16 (otuz manat on altı qəpik) manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddianın təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30.16 (otuz manat on altı qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İmişli şəhəri ünvanı üzrə itirilmiş elektrik enerjisinin bərpası üçün hesablanmış 1016 (bir min on altı) manat İddiaçı - abonent kodu **********7 saylı abunə hesabından silinməli, 30.16 (otuz manat on altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 77.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı adına (abonent kodu: **********7) hesablanmış 1016 (bir min on altı) manat məbləğində borc silinsin. 30.16 (otuz manat on altı qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar