Məhkəmə qərarları › İş №2(036)-1461/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1461/2025

28.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1461/2025 28.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: borcun silinməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Azərişıq ASC-nin X6 Təchizatı və Satışı İdarəsi” tərəfindən tərtib edilmiş X3 qaydalarının pozulması haqqında R 330137 saylı xx.xx.2024-cü il tarixli akt əsasında qanunsuz hesablanmış 605 manat məbləğində borcun silinməsi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı “Azərişıq ASC-nin X6 Təchizatı və Satışı İdarəsi” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli R330137 saylı akta əsasən hesablanmış 605 manat borc məbləğinin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli rayonu, Yuxarı Qaralar kəndində yerləşən fərdi yaşayış evi iddiaçının mərhum atasına məxsusdur və iddiaçı həmin evdə ailəsi ilə birlikdə yaşayır. Bir neçə il əvvəl "Azərişıq” ASC tərəfindən kartla işləyən elektrik sayğacı quraşdırılmış, həmin müddətdə karta pul yükləməklə X3 etmişdir. Onun yaşadığı evə quraşdırılmış sayğaca müxtəlif vaxtlarda baxış keçirilmiş və guya onun sayğacdan kənar xətt vasitəsi ilə X3 etməsi müəyən olunmuşdur. Bununla bağlı iddiaçıya 17 aprel 2024-cü il tarixdə R330137 nömrəli akt tərtib edilmişdir. Həmin aktda yoxlama zamanı abonentin kənar xətdən istifadə etməsinin məlum olduğu göstərilmişdir. Akt tərtib olunduqdan sonra iddiaçıya 605 manat borc hesablanmışdır. 17 aprel 2024-cü il tarixli R330137 nömrəli akt iddiaçının iştirakı olmadan tərtib edilmişdir. O, elektrik enerjisi xəttinə kənar qoşulma etməmiş və elektrik sayğacına müdaxilə etməmişdir.

3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, İddiaçı mübahisələndirdiyi 17 aprel 2024-cü il tarixli R 330137 nömrəli akt X4 barəsində tərtib olunmuşdur. İddiaçı iddia ərizəsinə X1 ölüm haqqında şəhadətnaməsinin surətini əlavə etsə də onun vərəsəsi və ya hüquqi varisi olmasını təsdiq edən sənədləri əlavə etməmişdir. Belə olduğu halda iddiaçı ancaq öz hüquqlarının pozulduğu halda məhkəməyə şikayət edə bilər. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Yəni hazırkı vəziyyətdə hazırkı iddia tələbi üzrə yalnız iddiaçı qismində **********00823 kod ilə "xxxx" ASC-nın Oracle proqram bazasında qeydiyyatda olan X1 özü ola bilərdi. Belə olan halda İddiaçı prosessual hüquq varisi qismində hazırkı iş üzrə iddiaçı qismində iştirak etməsi yol verilməzdir. Hazırkı iş üzrə iddia tələbi X4 ilə birbaşa bağlı olan hüquq olduğundan və X1 hüquq varisliyinə yol verilməsi mümkün olmadığından iddia ərizəsi geri qaytarılmalıdır. 17 aprel 2024-cü il tarixli R 330137 saylı akt X4 barəsində tərtib olunmuş, lakin həmin aktın etibarsız hesab edilməsi barədə iddia ərizəsi İddiaçı tərəfindən məhkəmə verilmişdir. İddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından geri qaytarılmalıdır. Ona görə də İddiaçı məhkəmədə hazırkı tələb üzrə iddiaçı qismində iştirak etməsi qeyri-müəyyənlik yaradır və tələb mülki prosessual qanunvericiliyin tələbinə ziddir. Beləliklə qeyd edilənlərdən görünür ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanla məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-in qeyd edilən tələblərinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

7. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

10. “X3 Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı: 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyi həyata keçirir. 6.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X2 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X2 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

11. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunu: 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

13. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçının yaşadığı İmişli rayonunun Yuxarı Qaralar kəndində yerləşən evində elektrik enerjisi uçotu və X3 Qaydalarına riayət olunması yoxlanılarkən kənar xəttdən istifadə etməsi aşkar olunduğundan enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən X1 adına 17 aprel 2024-cü il tarixli R330137 saylı akt tərtib edilmiş və **********00823 saylı abunə koduna 653,33 manat məbləğində (abunə haqqında sənəddən görünür) vurulmuş zərər hesablanmışdır.

14. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən X1 adına və onun iştirakı qeyd olunmaqla akt tərtib edilmişdir ki, X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür.

15. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda iddiaçının hazırkı iddia tələbi ilə bağlı subyektiv hüququnun olmamasını, iddia ərizəsinə vərəsəlik hüququ haqqında şəhadətnamənin əlavə edilmədiyini bildirmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin bu dəlili ilə bağlı bildirir ki, iş materiallarına əlavə olunmuş, İmişli rayon İHB-nin Ölcələr kəndi üzrə nümayəndəsinin arayışından görünür ki, İddiaçı atası X1 vəfatından sonra atasının təsərrüfatında yaşayır. Başqa sözlə iddiaçı faktiki olaraq atasından miras qalmış əmlakı qəbul edib onun əmlakına sahiblik etməklə idarə edir.

16. Bundan başqa cavabdehin nümayəndəsi etirazında bildirmişdir ki, 17 aprel 2024cü il tarixli R330137 nömrəli akt X1 barəsində tərtib olunmuş, lakin həmin aktın etibarsız hesab edilməsi barədə iddia ərizəsi İddiaçı tərəfindən məhkəməyə verildiyindən hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iddiaçının bu dəlili ilə bağlı bildirir ki, iddiaçı aktın etibarsız hesab edilməsi ilə bağlı deyil, akta uyğun olaraq əsassız hesablanmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmçinin, 17 aprel 2024-cü il tarixli R330137 nömrəli akt X1 adına tərtib edilsə də, akt İddiaçı yaşadığı evdə quraşdırılmış yəni, hazırda iddiaçının istifadəsində olan elektrik sayğacı barəsində tərtib edilmişdir. Qeyd olunan akt əsasında hesablanmış zərər iddiaçının qanundan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlarını pozduğundan iddiaçının məhkəmə müdafiəsindən istifadə etmək hüququ vardır ki həmin hüquq məhdudlaşdırıla bilməz.

17. Məhkəmə aktın tərtib edilməsi ilə bağlı qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulma hallarına yol verildiyi aşkar edildikdə bu barədə akt tərtib edilməli, aktın bir nüsxəsini istehlakçıya təqdim edilməli, akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır.

18. Enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən X3 qaydalarına riayət edilməməsi ilə bağlı akt tərtib edilmişdir. Əliniyaz Məmmədovun iştirakı aktda qeyd edilsə də aktın doğruluğunun imza ilə təsdiq edilməsi hissəsində imza edilməmiş, istehlakçının aktı imza etməməsinin səbəbləri qeyd edilməmiş, aktın bir nüsxəsi iddiaçıya təqdim edilməmiş, cavabdeh tərəfindən məhkəməyə qeyd olunan halla bağlı sübut (foto və ya videoçəkiliş) təqdim edilməmiş, akt cavabdeh tərəfin əməkdaşlarının iştirakı ilə birtərəfli qaydada tərtib olunmuşdur.

19. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusuna görə şəxsin o zaman məsuliyyəti yaranır ki törədilmiş əməl hüquqa zidd olsun, əməl təqsirli olaraq törədilsin, törədilmiş əməl nəticəsində başqa şəxsə zərər vurulsun və zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqə mövcud olsun. Belə ki, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

20. İşin müəyyən edilən hallarından aydın olur ki, cavabdeh tərəfindən qanunvericiliyin qeyd edilən müddəaları pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən iddiaçının törədilmiş əməldə təqsiri müəyyən edilməmişdir, edilmişdirsə də bunu təsdiq edən sənəd məhkəməyə təqdim edilməmiş və iddiaçının kənar xəttdən istifadə etməsində təqsiri müəyyən edilmədən dəymiş ziyan hesablanaraq ondan tələb edilmişdir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

22. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh tərəf tərtib olunan aktda əks olunan pozuntunun mövcudluğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı aktın tərtibində iştirak etməmiş və tərtib edilmiş aktda iddiaçının imzası yoxdur, eyni zamanda akt cavabdeh tərəfin əməkdaşlarının iştirakı ilə birtərəfli qaydada tərtib olunmuşdur. Həmçinin iddiaçının elektrik enerjisinin talanmasında təqsirli olması müəyyən edilmədən vurulmuş zərərin ödənilməsi iddiaçıdan tələb edilmişdir.

23. İşin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

24. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsini məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

25. Beləliklə, qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh tərəfindən tərtib olunan X3 qaydalarının pozulması haqqında 17 aprel 2024-cü il tarixli R330137 nömrəli akt üzrə hesablanmış 605 manat borc silinməlidir.

26. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107, 119.1 və 220.5-ci maddələrinə əsasən dövlət rüsumundan və işə baxılması ilə bağlı digər məsrəflərdən ibarət olan məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

27. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

VI. Nəticə:

28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. "xxxx" Аçıq Səhmdаr Cəmiyyəti tərəfindən tərtib edilmiş X3 qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli R 330137 saylı nömrəli akt üzrə hesablanmış 605 manat borc silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar