Məhkəmə qərarları › İş №2(036)-152/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-152/2025

27.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-152/2025 27.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: borcun silinməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən tərtib edilmiş 15 fevral 2024-cü il tarixli ******* nömrəli akta görə qanunsuz hesablanmış 3110,40 manat borcun silinməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən tərtib edilmiş 15 fevral 2024-cü il tarixli ******* nömrəli akta görə qanunsuz hesablanmış 3110,40 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Salyan X8 İdarəsi İmişli sahəsindən iddiaçıya bildirmişlər ki, evində qaza 3110.40 manat borcu vardır. Qaz idarəsinə gedib borcun səbəbini soruşduqda ona 15 fevral 2024-cü il tarixli ******* nömrəli aktı, tələbnaməni, saldonu vermişlər. Həmin aktda göstərilmişdir ki, sayğacdan kənar xətdən istifadə olunur. Tələbnamədə ziyanı 25920 kubm yazmışlar. Buna görə cavabdeh tərəfin dediyinə görə iddiaçıya 3110.40 manat ziyan hesablamışlar. Onların hesablaması ilə razılaşmır. Sayğacdan kənar xətdən istifadə etməmişdir. Əsassız olaraq cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunması ilə günahlandırılmış və əsassız olaraq ona borc hesablanmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, iddiaçı sayğacdan kənar xətdən istifadə etmişdir. Bunu özü də etiraf etdiyi üçün hüquq mühafizə orqanlarına müraciət olunmamışdır. İddiaçının sayğacdan kənar xətdən istifadə etməsi ilə bağlı sübutu məhkəməyə təqdim etmişlər. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. “Qaz təchizatı haqqında” Qanun: 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçının yaşadığı İmişli şəhəri, Mikayıl Müşfiq küçəsi, ev 121 ünvanında yerləşən evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması aşkar olunduğundan cavabdehin əməkdaşları tərəfindən 15 fevral 2024-cü il tarixli ******* nömrəli akt tərtib olunmuş və iddiaçıya 3110,40 manat əlavə borc hesablanmışdır.

9. İstehlakçı (abonent) tərəfindən qaz sayğacına müdaxilə, qaz şəbəkəsinə qanunsuz qoşulma istənilən halda qazın qanunsuz talanması məqsədini daşıyır. Bu səbəbdən də talanan qazın həcmindən asılı olaraq həmin əməlin törədilməsinə görə qanunla inzibati və ya cinayət məsuliyyəti müəyyən edilmişdir.

10. Bu baxımdan, sözügedən əməlin törədilməsində təqsirli bilinən şəxsin təqsirini müəyyən etmək müvafiq olaraq inzibati və ya cinayət məsuliyyətini tətbiq etmək səlahiyyətinə malik olan dövlət orqanlarının, yaxud məhkəmənin müvafiq qərarları olmadan qeyri mümkündür.

11. Bu səbəbdəndir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin və müvafiq olaraq “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin tələblərinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

12. Göründüyü kimi, istehlakçı (abonent) tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə, cavabdehin əməkdaşları tərəfindən görülməli olan tədbirlərin ardıcıllığını qanunvericilik dəqiq müəyyən etmiş və həmin ardıcıllığa riayət olunmamasına əsas verən hər hansı istisna nəzərdə tutmamışdır.

13. Hazırkı işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından məlum olur ki, cavabdeh həmin ardıcıllığa riayət etmədən, yəni aşkar olunduğu bildirilən qanunsuzluq faktı barədə qanunvericiliyin tələblərinə uyğun olaraq, əvvəlcə Energetika Nazirliyinə və ya cinayət təqibi orqanına müraciət etmədən və iddiaçının qazın talanmasında təqsirli olması həmin orqanların, yaxud da məhkəmənin qərarı ilə müəyyən edilmədən, birbaşa iddiaçıya borc hesablamışdır.

14. Halbuki, həmin tələbə əsasən qanunsuz qoşulma halı və qazın talanmasında təqsirli olması yuxarıda qeyd olunan orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi halda həmin akt əsaslı hesab olunur.

15. Beləliklə, qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

VI. Nəticə:

16. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh tərəfindən 15 fevral 2024-cü il tarixli ******* nömrəli akta əsasən İddiaçı hesablanmış 3110,40 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar