Məhkəmə qərarları › İş №2(036)-1645/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1645/2024

21.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1645/2024 21.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. İddiaçı İmişli rayonu, Göbəktala kəndində yerləşən fərdi yaşayış evi üzrə **********00211 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Abonent saldosunun “sayğac oxunması” bölməsində iddiaçının sərf elektrik enerjisinin pul vahidi nisbətində dəyəri 324 manat, “aktlar” bölməsində 2035,89 manat, “ödəmələr” bölməsində isitifadə etdiyi elektrik enerjisinə görə ödənişin 646 manat, “borc” bölməsində isə 2003 manat olması əks olunmuşdur.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

2. İddiaçı xx.xx.2023-cü il tarixli, 310267 saylı və xx.xx.2024-cü il tarixli, 340188 saylı aktlar əsasən hesablanmış borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, iddiaçının evi İmişli rayonunun Şahverdili kəndində yerləşir. Bu günlərdə işıq işçiləri ona bildirmişlər ki, xeyli borcu var. İşıq idarəsinə gedib səbəbini soruşanda ona 21 avqust 2023-cü il tarixli 310267 nömrəli və 11 iyun 2024-cü il tarixli 340188 nömrəli aktların surətini verdilər. Orada yazılıb sayqacdan kənar xətdən istifadə edilir və buna görə ziyan hesablanıb. Məlum edir ki, həmin aktlar qanunsuz yazılıb. Onların aktı ilə razılaşmır. Aktların sürətini bu günlərdə ona borcu deyəndə veriblər. Bildirir ki, o, sayğacdan kənar xətdən istifadə etməmişdir. Aktlar qanunsuz tərtib edildiyinə görə onun doğurduğu nəticələr, borc əsassız sayılmalıdır. İşıq idarəsi işçilərinin həmin hərəkətləri bir istehlakçı kimi hüquqlarını pozur.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

1. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı "xxxx" ASC-nə qarşı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 310267 saylı və xx.xx.2024-cü il tarixli, 340188 saylı aktın ləğv edilməsi telebi ile İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbi əsassız və qüvvədə olan qanunvericiliyin göstərişlərinə zidd olduğu üçün məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, "xxxx" ASC əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş "Elektrik enerjisndən istifadə Qaydaları"na və "X1 Qaydaları"na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirərkən xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixdə İddiaçıluna məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı həmin ünvanda sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etməsi faktı aşkar olunmuşdur. Bu isə "EEİQ-nın 8.17-ci, həmçinin "EQQQ-nın İ-V bəndlərinin iddiaçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə iddiaçı barəsində xx.xx.2023-cü il tarixli, 310267 saylı və xx.xx.2024-cü il tarixli, 340188 saylı akt tərtib edilmiş və hesabat aşağıdakı qaydada aparılmışdır. 1) xx.xx.2023-cü il tarixli, 310267 saylı akt üzrə; 3,5 kvt x 24 saat x 0,7 x 180 gin = 10584 kvts 1200 kvts x 0,08 man= 96,00 man, 600kvts x 0,09 man= 54,00 man, 8784 kvts x 0,13 man= 1141,92 man, Cəmi: 1291,92 manat 2) xx.xx.2024-cü il tarixli, 340188 saylı akt üzrə; 1,5 kvt x 24 saat x 0,7 x 60 gin = 1512 kvts 400 kvts x 0,08 man= 32,00 mang 200kvts x 0,09 man= 18,00 man, 912 kvts x 0,13 man= 118,56 man, Cəmi: 168,56 manat Cəmi 1460,48 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 12096 kvts dəyərində itirilmiş elektrik enerjisinin dəyərini bərpa olunmuşdur. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. Beləliklə, iddiaçı 1460,48 manat məbləğində maddi zərər vurduğu üçün qüvvədə olan qanunvericiliyin tələbinə görə, həmin zərəri tam həcmdə ödəməlidir. Lakin iddiaçı tərəf iddia ərizəsində irəli sürdüyü tələbi və aktın qanunsuz tərtib edildiyini esaslandıra bilməmiş, iddia ərizəsində göstərmişdir ki, guya onun həmin pozuntudan xəbəri olmamış, akt onun xəbəri olmadan tərtib olunmuşdur. Əslində həmin vaxt iddiaçı əməkdaşlarla birlikdə həmin pozuntunu vizual olaraq izləmişdir. Bu bir daha onun qeyri- səmimi olduğunu göstərir.

Məhkəmə iclasında verilən izahatlar:

2. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

4. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na əsasən

5. Bənd 7.1 Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır.

6. Bənd 7.3. Hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri “X1 qaydaları”na uyğun quraşdırılmalıdır.

7. Bənd 7.6 Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İşə baxan məhkəmənin mövqeyi:

8. Məhkəmə iddiaçının izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan elektrik sayğacı evdən kənarda quraşdırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, iddiaçının mənzilini elektrik enerjisi ilə təmin edilməsi üçün quraşdırılan elektrik sayğacı onun məsuliyyəti həddindən kənarda, yəni ümumi istifadədə olan küçədə, bununla da sayğacda aşkar edilmiş qüsura görə iddiaçı məsuliyyət daşımadığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə Qaydalarının 7.11-ci bəndinə əsasən Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur.

10. Lakin məhkəmə qeyd edir ki, iddia tələbi həcminə görə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli, 310267 saylı və xx.xx.2024-cü il tarixli, 340188 saylı aktlar üzrə cəmi 1460,48 manat məbləğində əlavə ödəniş hesablanmışdır Həmin aktlar əsassında hesablanmış borcların qanunsuz olduğu müəyyən edildiyi üçün iddia tələbi təmin edilməlidir. Belə ki, həmin aktların hansı əsasla tərtib edilməsi ilə bağlı sübutlar isə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin, aktların tərtibi zamanı iddiaçının iştirakı təmin edilməmişdir və bu iştirakın təmin edilməsi məqsədilə edilmiş hər hansı hərəkəti sübut edən dəlillər məhkəməyə təqdim edilməmişdir.

11. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə Qaydalarının 7.6-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, 1460,48 manat məbləğində borc cavabdeh tərəfindən silinməlidir.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

14. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

15. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddianın təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini (iddia istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı olduğundan) nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, hesablanmış 34,60 manat (otuz dörd manat, altmış qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

16. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı (abonent kodu: **********00211) xx.xx.2023-cü il tarixli, 310267 saylı və xx.xx.2024-cü il tarixli, 340188 saylı aktlar üzrə hesablanmış 1460,48 (bir min dörd yüz altmış manat, qırx səkkiz qəpik) manat məbləğində borc silinsin. 34,60 (otuz dörd manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" ASCdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar