Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-171/2023 22.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi, məlumatların təkzib edilməsi və mənəvi zərərin ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh KİV-də yaydığı məlumatların həqiqətə uyğun olmayan, şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatlar hesab edilməsi, cavabdehin həmin məlumatları sosial şəbəkələrdə təkzib verməsi və vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdeh 10000 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, “Şirinqum” X1 icraçı direktoru vəzifəsində işləyir. Cavabdeh bir sıra dövlət orqanlarına yazaraq onun barəsində həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. Belə ki, cavabdeh yaydığı məlumatlarda göstərmişdir ki, “Nizami Məmmədov sahə rəisi İddiaçı və onun oğlu sudan istifadə edənlər birliyinin rəisi Akif Abdullayevlə iş birliyinə girərək Beyləqan rayonu ərazisində sarı su deyilin kollektorun qabağını torpaqbənd edərək bir tərəfi Beyləqan, bir tərəfi Ağgöl və bir tərəfi də İmişli ərazisi olmaqla 25000 (iyirmi beş min) ha Dövlət ehtiyyat fondu torpaqlarına hər bir hektarı 5 manatdan olmaqla ildə 5 dəfə qurunt suları verməklə bir ildə (25000 x 5 x 5 dəfə=625000) altı yüz iyirmi beş min manat pul qazanır ki, bu da son beş ildə ******* (üç milyon bir yüz iyirmi beş min) manat təşkil edir. İddiaçı sahəsində, Akif Abdullayevin sədri olduğu SİBin illik planı 12000 (on iki min) manatdır. Onda bu cinayətkər çətə ildə 625000-12000=613000 manat mənimsəyir ki, bu da beş ildə ******* (üç milyon altmış beş min) manat təşkil edir. İmişli SSİ-də sahə rəisi işləyən İddiaçı öz cinayətkar əməllərini gizlətmək, şikayətlərdən yayınmaq, çirkin əməllərinə nail olmaq üçün dələduzluğun ən yüksək formasına imza atıb. O, öz şəklini Birinci Vitse-Prezident Mehriban xanımın şəkli ilə fotomontaj etdirib, ondan təsir vasitəsi kimi istifadə edir.” Göründüyü kimi X3 onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar yazmışdır. Belə ki, cavabdeh onu xüsusi ilə külli miqdarda pulu mənimsəməkdə və dələduzluqda günahlandırmışdır. Cavabdeh X3 şikayətinə əsasən araşdırma aparılmış və cavabdehin ərizəsində göstərdikləri öz təsdiqini tapmamışdır. Bununla bağlı akt tərtib edilmiş və cavabdeh aktla razılaşmadığından aktı imza etməkdən imtina etmişdir. Cavabdehin belə hərəkətləri onu qohumları, işlədiyi kollektiv, rayonun əhalisi, habelə tanışları arasında nüfüzdan salır, işlədiyi birliyin ona olan etimadını azaldır ki, bu da ona əsəb-gərginlik keçirtdirir və səhhətində problemlər yaranır. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, iddia tələbini mənəvi zərərin ödənilməsi hissəsində qəbul etmir, iddiaçının barəsində yaydığı həqiqətə uyğun olmayan məlumatların təkzib olunması hissəsində iddianın təmin olunmasına etirazı yoxdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Аzərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 4 nömrəli Qərarının 3-cü bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Həmin Qərarın 6-cı bəndində görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan yazılı sübutlar və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Hesablama Palatasına şikayət ərizəsi ünvanlayaraq İddiaçı barəsində həqiqətə uyğun olmayan məlumatlar vermiş, həmin məlumatların həqiqətə uyğun olmasını təsdiq edən hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2-ci maddəsinə görə əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.3-cü maddəsinə görə kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. İşdə olan Cavabdeh tərəfindən yayılmış məlumatlardan görünür ki, həmin məlumatlar iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar deyil, lakin işgüzar nüfuzunu ləkələyən, ona xələl gətirən, o cümlədən xidmət və ictimai fəaliyyətlə əlaqədar barəsində cəmiyyət, kollektiv və ayrı-ayrı şəxslər arasında mənfi rəy yaradan məlumatlardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə görə şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 17 nömrəli Qərarının 1-ci bəndinə əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı haqqında həqiqətə uyğun olmayan və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayaraq onun mənəvi sarsıntı keçirməsinə, yəni onun şüurunda müəyyən mənfi psixi reaksiya formalaşmasına səbəb olmuş, bununla da iddiaçıya mənəvi ziyan vurmuşdur. İddiaçı cavabdehdən 10000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb etsə də vurulan mənəvi zərərə görə maddi təzminatın 10000 manat miqdarında hesablanmasının əsaslandırmasına və mənəvi iztirab çəkməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh Azərbaycan Respublikası Hesablama Palatasına ünvanlandığı həqiqətə uyğun olmayan məlumatlar İddiaçı işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməli və həmin məlumatlar Cavabdeh tərəfindən həmin orqana məktub ünvanlaması yolu ilə təkzib edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Hesablama Palatasına ünvanlandığı həqiqətə uyğun olmayan məlumatlar İddiaçı işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilsin. Həmin məlumatlar Cavabdeh tərəfindən həmin orqana məktub ünvanlaması yolu ilə təkzib edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-171/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-171/2023
22.02.2023 · Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver