Məhkəmə qərarları › İş №e-2(3-9)-1301/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-1301/2026

28.09.2026 · Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-1301/2026 28.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, “xxxx” MMC, cavabdeh2 MMC və “xxxx” MMC-yə qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, yayımlanmış məlumatların silinməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin hakimi və sədri X3 iddiaçı İddiaçı tərəfindən verilmiş etiraza Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, “xxxx” MMC, cavabdeh2 MMC və “xxxx” MMC-yə qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, yayımlanmış məlumatların silinməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Iddiaçı İddiaçı məhkəməyə elektron qaydada vəsatət göndərərək mülki işə Beyləqan Rayon Məhkəməsinin hakimi X3 tərəfindən baxılmasına etiraz etdiyini bildirmişdir. Iddiaçı İddiaçı hakimə etirazından görünür ki, o, hazırkı mülki işlə bağlı üç dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və onun hər üç ərizəsi müxtəlif əsaslarla hakim tərəfindən geri qaytarılmışdır. Onun fikrincə iddia ərizəsinə bütün sübutların ilkin müraciət zamanı əlavə edilməməsi iddianın mahiyyəti üzrə araşdırılmasına mane olmamalıdır. Sübutların məhkəmə araşdırmasının sonrakı mərhələlərində, qanunvericiliyin yol verdiyi hallarda təqdim edilməsi mümkündür. Bundan başqa, “digər” sözünün yazılması ilə bağlı iradı da əsaslı hesab etmir. Belə ki, əvvəlki 2(020)- ****/**** nömrəli mülki iş üzrə cavabdehin ona verdiyi intizam tənbehi əmrində əmrin əsası kimi “digər sübutlar” ifadəsindən istifadə edilmişdir. Həmin halda bu ifadənin işlədilməsinə etiraz edilməmiş və həmin əmr etibarsız hesab edilməmişdir. Eyni ifadənin onun iddia ərizəsində işlədilməsinə görə ərizənin geri qaytarılması onda fərqli yanaşma tətbiq edildiyi barədə əsaslı şübhə yaradır. Bundan əvvəlki işdə olduğu kimi, hazırkı iş üzrə də təqdim etdiyi ərizələrin məhkəmə tərəfindən vaxtında qəbul edilməsinə baxmayaraq, onların iş materiallarına tikilməsi və nəzərə alınması ilə bağlı problemlər yaranmışdır. Məhkəməyə ərizə təqdim edərək işin hazırlıq iclasından baxış mərhələsinə onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və iddia ərizəsində göstərdiyi bütün dəlilləri müdafiə etdiyini bildirmişdir. Lakin həmin ərizəsi indiyədək lazımi qaydada iş materiallarına əlavə edilməmiş, sistemdə “görüldü” statusunda qalmaqdadır. Bundan əlavə, iş üzrə hazırlıq iclası keçirilməsinə baxmayaraq, işin baxış mərhələsinə keçirilməsi təmin edilməmişdir. Qeyd edir ki, hakim Ramiz Nurullayev eyni zamanda Beyləqan Rayon Məhkəməsinin sədridir. Bu səbəbdən yuxarıda qeyd etdiyi ərizələrin məhkəmədə qəbul edilməsi, iş materiallarına əlavə olunması və məhkəmə prosesinin təşkilinə dair yaranmış vəziyyət onun üçün xüsusilə narahatlıq doğurur və işə həmin hakim tərəfindən obyektiv və qərəzsiz baxılacağına dair şübhələrini daha da artırır. Yuxarıda göstərilən halların məcmusu onda hakim Ramiz Nurullayevin onun işinə obyektiv, qərəzsiz və şəffaf şəkildə baxacağına dair əsaslı şübhə yaratmışdır. Onun etirazı hakimə qarşı şəxsi münasibət və ya hörmətsizlik məqsədi daşımır. Məqsədi işinə onun tərəfindən qərəzsizliyinə dair şübhə yaranmayacaq başqa hakim tərəfindən baxılmasının təmin edilməsidir. Ona görə də mülki işin Beyləqan Rayon Məhkəməsinin hakimi X5 tərəfindən baxılmasına etiraz edir. Odur ki, mülki işin hakim Ramiz Nurullayevin icraatından alınaraq başqa müstəqil və qərəzsiz hakimə verilməsini əgər bu mümkün olmadıqda Beyləqan Rayon Məhkkəməsinin digər hakimləri Səbihi Səfərov və Xatın Kamilzadə tərəfindən baxılmasını xahiş edir. Cavabdeh “xxxx” MMC-nin vəkalətli nümayəndəsi X2 məhkəmə iclasında iddiaçının hakimə verdiyi etirazın əsassız olmasını və təmin edilməməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlər cavabdeh4, cavabdeh2 MMC və “xxxx” MMCyə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəblər göstərmədən məhkəməyə gəlməmiş və ya nümayəndələrini göndərməmişlər. Məhkəmə digər cavabdehlərin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası etirazın dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Həmin qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.1-ci maddəsinə əsasən hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: - O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; - O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; - O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə. 19.2-ci maddəsinə əsasən aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər: - O, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; - O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşsa; - O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. - Bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir. 21.1-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. Işdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. 21.3. Məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. 22.5. Əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd olunan hüquq normalarına əsaslanaraq qeyd edir ki, Beyləqan Rayon Məhkəməsində mülki işin baxılmasına mane olan hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ərizəsində göstərdiyi hallar hakimə etiraz üçün əsas deyildir. Belə ki, iddiaçının iddia ərizəsinin əvvəllər hakim tərəfindən geri qaytarılması prosessual baxımdan hakimin işə baxılmasını istisna edən hal kimi qəbul edilə bilməz. Nəzərə almaq lazımdır ki, iddia ərizəsi MPM-in tələblərinə uyğun verilmədikdə hakim tərəfindən geri qaytarılır. Həmin qərardaddan da tərəfin şikayət vermək hüququ vardır. Bundan başqa iddia ərizəsinin geri qaytarılmasından sonra nöqsan aradan qaldırılaraq yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edilə bilər. Digər tərəfdən iddiaçı təqdim etdiyi ərizələrin elektron sistemdə qəbul edildiyini, lakin iş materiallarına gec əlavə edildiyini bildirsə də bu hal da hakimə etiraz üçün əsaslı deyildir. Kollegiya qeyd edir ki, ədaləti məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olan hakimin işə qərəzsiz və ədalətlə baxması prinsipləri geniş anlayış olmaqla, tərəflərin məhkəmə iclasında çəkişməsi təmin edilməklə işə baxılarkən verilmiş vəsatət və ya ərizələrə məhkəmə tərəfindən vaxtında, operativ və düzgün münasibət bildirilməsi, yekunda tərəflərin iradı ifadəsinin əks olunduğu məhkəmə aktının qanuniliyinə təminat verir. Bundan başqa iddiaçı onun barəsində çıxarılmış məhkəmə aktından narazı qaldığı halda apelyasiya şikayəti vermək yolu ilə yuxarı instansiya məhkəməsində həmin məhkəmə aktını mübahisələndirə, təmin olunmamış ərizə və vəsatətlərini apellyasiya icraatı zamanı yenidən mübahisələndirə bilər. Bu baxımdan məhkəmə kollegiyası qeyd edilən etirazın əsassız olduğundan təmin edilməməsi qənaətindədir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19-22, 263 və 264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, “xxxx” MMC, cavabdeh2 MMC və “xxxx” MMC-yə qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, yayımlanmış məlumatların silinməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin hakimi və sədri X3 iddiaçı İddiaçı tərəfindən verilmiş etiraz təmin edilməsin. Mülki iş baxılması üçün Beyləqan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar