Məhkəmə qərarları › İş №2(036)-1796/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1796/2025

18.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1796/2025 18.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: borcun silinməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən qanunsuz hesablanmış 1555,2 manat borcun silinməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış 1555,2 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Azəriqaz” X3 X5 İdarəsi İmişli sahəsindən ona 1555,20 manat borcu olduğu bildirilmişdir. Qaz idarəsinə gedib borcun səbəbini soruşduqda ona xx.xx.2023-cü il tarixli ******* nömrəli aktı, tələbnaməni, saldonu vermişlər. Həmin aktda sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının sınıq olduğu göstərilir. Tələbnamədə ziyanı 12960 kub metr yazmışlar. Buna görə cavabdeh tərəfin dediyinə görə 1555,20 manat ziyan hesablanmışdır. Həmin akt onun iştirakı olmadan yazılmışdır, aktın yazılmasından xəbəri olmamışdır. Onların hesablaması ilə razılaşmır. O, sayğaca heç bir müdaxilə etməmişdir. Akt barədə bu günlərdə bilmişdir. Qaz idarəsi işçilərinin həmin hərəkətləri bir istehlakçı kimi onun hüquqlarını pozur. Əlavə olaraq sözü gedən akt məhhum anası X1 adına yazılmışdır və anası xx.xx.2015-ci il tarixində vəfat etmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. - 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

9. “Qaz təchizatı haqqında” qanun: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. Həmin maddənin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (2022-ci il mayın 1-dən qüvvəyə minmişdir). Həmin maddənin 9-cu hissəsinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. (2022-ci il mayın 1-dən qüvvəyə minmişdir).

10. «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı: 3.1.5-ci bəndinə əsasən, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. 4.4 və 4.9-cu bəndlərinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

11. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanunu: 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

12. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçının yaşadığı İmişli şəhəri, Namiq Şirinov küçəsində yerləşən evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının sınıq olması aşkar olunduğundan cavabdehin əməkdaşları tərəfindən iddiaçının anası X1 adına xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib olunmuş və X1 abunə koduna 1555,2 manat borc hesablanmışdır.

13. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

14. İlk öncə qeyd olunmalıdır ki, bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində öz əksini tapmışdır. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlarından bəhs olunur.

15. Məhkəmə iddiaçının iddia qaldırmaq hüquqa malik olub-olmaması ilə bağlı qeyd edir ki, iddiaçı İmişli şəhəri, Namiq Şirinov küçəsində yerləşən evdə anası X2 ilə birlikdə yaşamışdır. X2 xx.xx.2015-ci il tarixdə vəfat etdikdən sonra iddiaçı həmin ünvanda tək yaşayır. X1 abunə koduna hesablanmış borc istehlakçı kimi iddiaçının hüquqlarını pozur. İddiaçının anası X1 abunə koduna hesablanmış borcun silinməsini tələb etməsi iddiaçının əsas insan və vətəndaş hüquqları və azadlıqlarından biri olan məhkəmə müdafiəsi hüququ ilə bağlıdır və iddiaçının həmin hüququndan istifadə etməsi məhdudlaşdırıla bilməz.

16. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə iddia qaldırmaq hüquqa malikdir.

17. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd olunan qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

19. Cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən müddəaları pozulmuşdur. Belə ki, qaz təchizatı müəssisəsinin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş, lakin istehlakçının nümayəndəsi X1 iştirakı aktda qeyd edilsə də aktın doğruluğunun imza ilə təsdiq edilməsi hissəsində nümayəndə aktı imza etməmiş, nümayəndənin aktı imza etməməsinin səbəbləri qeyd edilməmiş və aktın nüsxəsi iddiaçıya və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə təqdim edilməmişdir.

20. Məhkəmə qeyd edir ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. Faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür.

21. Belə ki, iddiaçı qaz sayğacına müdaxilə etmədiyini, xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın qanunsuz tərtib edildiyini və qeyd edilən aktla razılaşmadığını bildirmişdir. Qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Buna baxmayaraq cavabdeh tərəfindən həmin ehtimalın əksini sübut edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

22. Həmçinin qeyd olunmalıdır ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt iddiaçının deyil xx.xx.2015-ci il tarixdə ölmüş X1 adına tərtib edilmişdir.

23. İş materialına əlavə edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının sınıq olması, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədildiyi və sayğacın istismara yararsız olduğu qeyd edilmiş, dəymiş ziyanın bərpasına əsas kimi “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarının 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinə (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) istinad edilmişdir.

24. Qeyd edilən halla bağlı məhkəmə qeyd edir ki, “Qaz təchizatı haqqında” qanuna əsasən qaz qurğularının həmin Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə istehlakçılar məsuliyyət daşıyır, eyni zamanda qaz sayğacına müdaxilə və ya sayğacın zədələnməsində istehlakçının təqsiri müəyyən edilərsə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Dəymiş zərərin əvəzinin ödənilməsində istehlakçının təqsirli hərəkətlərinə (hərəkətsizliyinə) istinad olunmasına baxmayaraq cavabdeh tərəfindən iddiaçının təqsirini təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

25. Həmçinin iş materialında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 aprel 2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, istehlakçının istifadəsində olan qaz sayğacı mənzilin daxilində deyil, küçədə quraşdırılmışdır.

26. Qeyd olunanlara əsasən sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunması məhkəmədə sübuta yetirilmədi. Ona görə də, qaz sayğacının hesablama mexanizminin qoruyucu plastmas qapağının sınıq olması və sayğacın istismara yararsız olması faktı istehlakçının təqsiri kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

28. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, Cavabdeh daşıdığından, o cümlədən, qaz sayğacının hesablama mexanizminin qoruyucu plastmas qapağının sınıq olması və sayğacın istismara yararsız olmasında iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən 28 aprel 2023-cü il tarixli ******* nömrəli akta əsasən hesablanmış 1555,2 manat borc silinməli, iddia tələbi təmin edilməlidir.

29. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107, 119.1 və 220.5-ci maddələrinə əsasən dövlət rüsumundan və işə baxılması ilə bağlı digər məsrəflərdən ibarət olan məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

30. Qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1555,2 manat, mütənasib olaraq ödənilməli olan dövlət rüsumu isə 35,56 manat təşkil edir.

31. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən 35,56 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

VI. Nəticə:

32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh tərəfindən 28 aprel 2023-cü il tarixli ******* nömrəli akta əsasən X1 abunə koduna hesablanmış 1555,2 manat borc silinsin. Cavabdehndən 35,56 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar