Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1920/2021 06.10.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “uşaqla ünsiyyət tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 himayəsində olan uşağı 20 avqust 2016-cı il təvəllüdlü X3 hər həftənin şənbə və bazar günləri onun yanında qalaraq ünsiyyətdə olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh X6 qızı ilə 28 oktyabr 2015-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından 20 avqust 2016-cı il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Onların xasiyyətləri uyğun gəlmədiyindən İmişli Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli 2(036)-3924/2017 saylı qətnaməsi ilə nikahları pozulmuş, nikahın pozulmasından sonra birgə nikahlarından doğulmuş 20 avqust 2016-cı il təvəllüdlü X5 cavabdeh X6 qızının himayəsində saxlanılmışdır. Lakin cavabdeh onun uşağı ilə görüşməsinə imkan vermir. Artıq bir neçə müddətdir ki, o, uşağını görə bilmir. O, bir ata kimi övladını çox sevir, övladı ilə ünsiyyətdə olub onun qayğısına qalmaq, təlim-tərbiyəsi ilə məşğul olmaq, problemləri ilə yaxından tanış olmaq və ona hər cür köməklik göstərməklə ata qayğısını göstərmək istəyir. Ona görə də məhkəməyə müraciət etmişdir. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan AZ-İİİ 851309 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20 avqust 2016-cı il təvəllüdlü X5 tərəflərin birgə nikahından doğulmuşdur. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli 2(036)-3924/2017 saylı qətnaməsindən görünür ki, tərəflər arasında nikah pozulmuş və birgə nikahdan doğulmuş uşaq 20 avqust 2016-cı il təvəllüdlü X5 anası X1 yanında saxlanılmışdır. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 31 avqust 2021-ci il tarixli rəyindən görünür ki, İddiaçı yetkinlik yaşına çatmayan övladı 20 avqust 2016-cı il təvəllüdlü X5 ilə ünsiyyət hüququnun yaradılması uşağın mənafeyinə uyğundur. Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1959-cu il tarixli “Uşaq Hüquqları Bəyannaməsi” nin 5-ci prinsirinə əsasən, bəşəriyyətin malik olduğu yaxşı nə varsa, hamısı uşaqlara verməyə borclu olduğu nəzərə alınmalıdır. Fiziki, psixi və sosial cəhətədən naqis uşaq onun xüsusi vəziyyətinə görə zəruri olan xüsusi rejim, təhsil və qayğı ilə təmin ediməlidir. Həmin Bəyannamənin 6-cı prirnsipinə əsasən, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olmadıqda, vaideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir, azyaşlı uşaq müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən, valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Həmin Məcəllənin 61.1-ci maddəsinə görə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Həmin Məcəllənin 61.3-cü maddəsinə görə uşaqlardan ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli, 6/2011 nömrəli Qərarının 1-ci bəndinə görə Ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Məhkəmə qeyd edir ki, iddiaçıda uşağın tərbiyəsinə, sağlamlığına və onun psixi, fiziki və əxlaqi inkişafına zərər yetirə biləcək hər hansı bir mənfi cəhətin olması müəyyən olunmur, o uşağın tərbiyəsinə, sağlamlığına, onun psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımaq iqtidarındadır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli və ünsiyyət hüququnun həyata keçirilməsi məqsədilə iddiaçıya uşaqla görüş verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X4 tərəfindən İddiaçı 20 avqust 2016-cı il təvəllüdlü X5 ilə hər həftənin şənbə və bazar günləri uşağın atası yanında qalmaqla görüşüb ünsiyyətdə olmaq hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1920/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1920/2021
06.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Uşaqla ünsiyyətdə olmaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver