Məhkəmə qərarları › İş №2(064)-360/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-360/2024

27.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Uşaqla ünsiyyətdə olmaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-360/2024 27.06.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyətdə olma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 ilə hər həftənin cümə və şənbə günləri saat 14.00-dan axşam saat 20.00-dək ünsiyyət hüququnun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2007-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 doğulmuşdur. xx.xx.2008-ci il təvəllüdlü X3 məhkəmənin qətnaməsi ilə nənəsi X6 övladlığa verilmişdir və onunla yaşayır. Ailə münasibətlərinin normal olmaması səbəbilə Cavabdeh tələbilə aralarında bağlanmış nikah aktı Füzuli Rayon Məhkəməsinin 2(064)-694/2023 saylı qətnaməsi ilə ləğv edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X5 atanın himayəsinə, xx.xx.2015-ci il təvəllüdlü X4 isə ananın himayəsinə verilmişdir. İddiaçı azyaşlı övladı Hüseyn ilə ata kimi üns`yyətdə olmaq və görüşmək üçün cavabdehə dəfələrlə müraciət etsə də, ünsiyyət qura bilməmişdir. Buna görə də, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsinin tələbinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki,: - Tərəflər arasında xx.xx.2007-ci il tarixdə Füzuli rayonu, Horadiz qəsəbə İcra nüümayəndəliyində 04 nömrə ilə qeydə alınmış nikah aktı ləğv edilmiş, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 anası Cavabdeh, xx.xx.2012-ci il təvəllüdlü X5 isə atası İddiaçı himayəsinə verilmişdir (Füzuli Rayon Məhkəməsinin 2(064)-694/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin sürəti əsasında); - Tərəflər arasında bağlanmış nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir ( Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 461585 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin sürəti əsasında); - Uşaqla görüş tələbi üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında İddiaçı iştirak etsə də, Cavabdeh iştirak etməmişdir (Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışın surəti əsasında); - X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya xx.xx.2015-ci il təvəllüdlü X2 atası İddiaçı ilə ünsiyyətdə olmasına etiraz etmir (Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 5-43/2-446/2024 saylı, xx.xx.2024-cü il tarixli rəyin surəti əsasında). Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, tərəflər arasındakı ailə münasibətləri pozulduqdan sonra birgə nikahlarından doğulmuş X4 anası Cavabdeh, X5 isə atası İddiaçı yanında saxlanılmışdır. Tərəflər ayrıldıqdan sonra azyaşlı Hüseyn ilə görüşüb ünsiyyətdə olma ilə bağlı məsələlərdə razılıq əldə etməmişlər və iddiaçı ata haqlı olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 50.1-ci maddəsində qeyd olunur ki, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 50.3-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.3-cü maddəsinə əsasən valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. 61.1-ci maddəsinə əsasən, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq, uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları Bəyənnaməsi” nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Bu məqsədlərlə qanunlar qəbul edilərkən başlıca mülahizə uşağın mənafeyinin ən yaxşı şəkildə təmin edilməsi olmalıdır. “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. «Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli qərarının: 2.2-ci bəndində göstərilmişdir ki, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, səhhətini, məktəbəqədər və ya ümumi təhsil rejimini hansı valideynə daha çox bağlılığını, ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığını, nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətlərini onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Yuxarıda şərh olunmuş qanunvericiliyin tələbləri baxımından məhkəmə bu qənaətə gəlir ki, iddiaçı atanın azyaşlı Hüseyn ilə görüşüb ünsiyyətdə olmaq arzusu və tələbi tam əsaslı və qanunidir, bu istək azyaşlının mənafe və maraqlarına tam uyğundur. Çünki hazırkı işin faktiki hallarından aydın olur ki, iddiaçının bu hüquqlarının məhdudlaşdırılması üçün heç bir əsas yoxdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, uşağın təlim, tərbiyə və təhsil alma haqqı o zaman tam və dərin gerçəkləşir ki, uşaq təkcə ananın deyil, həm də atanın nəvazişi və qayğısı ilə əhatə olunsunlar. Bu həm azyaşlı uşağın, həm də qohumluq duyğuları və qarşılıqlı bağlılıqlar səbəbindən uşaqla ünsiyyətə ehtiyac duyan atanın da mənafelərinə uyğundur. Uşaqla görüşüb ünsiyyətdə olma vaxtı və yerinə gəldikdə isə məhkəmə hesab edir ki, burada hər şeydən əvvəl təbii ki, uşağın mənafeləri əsas götürülməlidir. Lakin bununla yanaşı, məhkəmə həm də iddiaçı atanın mənafeyini və valideynlik hisslərini nəzərə alaraq onu da qeyd etməyi zəruri hesab edir ki, azyaşlı Hüseyn tərbiyəsinə, sağlamlığına və onarın psixi və fiziki inkişafına xələl yetirəcək amillər istisna olmaqla, iddiaçı atanın onunla istənilən yerdə ünsiyyətdə olmasına cavabdeh ana və ya digər şəxslər tərəfindən hər hansı məhdudiyyət qoyula bilməz. Uşaqla ünsiyyət vaxtına gəldikdə isə məhkəmə ananın da istirahət günlərində övladları ilə istirahət vaxtını keçirməsi hüququnu nəzərə alaraq bu ünsiyyətin hər həftənin şənbə və bazar günləri saat 14:00-dan saat 20:00-dək baş tutmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233.1 və 357-362-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı azyaşlı xx.xx.2015-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə və bazar günləri saat 14:00-dan saat 20:00-dək ünsiyyət hüququ təmin olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar