Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1944/2025 04.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: borcun silinməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" ASC-nin X4 Təchizatı və Satışı İdarəsi tərəfindən tərtib edilmiş elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında R301093 saylı 23 may 2023-cü il tarixli akt əsasında qanunsuz hesablanmış 605,41 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı "xxxx" ASC-nin X4 Təchizatı və Satışı İdarəsi tərəfindən tərtib edilmiş elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında 301093 saylı 23 may 2023-cü il tarixli akt əsasında qanunsuz hesablanmış 605,41 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının evi İmişli rayonunun Cəfərli kəndində yerləşir. Bu günlərdə işıq işçiləri iddiaçıya bildirmişlər ki, işığa xeyli borcu vardır. İddiaçı səbəbini soruşanda ona 23 may 2023-cü il tarixli 301093 nömrəli aktın surətini vermişlər. Aktda sayğacın keçən yükü qeyd etmədiyi qeyd edilmiş və buna görə iddiaçıya 605,41 manat ziyan hesablanmışdır. İddiaçı sayğaca heç bir müdaxilə etməmişdir. Sayğac özü işləməyibsə burada iddiaçının təqsiri yoxdur. Həmçinin nəzarətçi həmişə sayğacı yoxlamışdır və əgər sayğacda nasazlıq olsa idi nəzarətçi bunu görə bilərdi. Ona görə də, həmin akt qanunsuz yazılmışdır. Aktın sürəti bu günlərdə iddiaçıya verilmişdir. Sözü gedən akt qanunsuz tərtib edildiyinə görə onun doğurduğu nəticə yəni borc əsassız sayılmalıdır. İşıq idarəsi işçilərinin həmin hərəkətləri bir istehlakçı kimi iddiaçının hüquqlarını pozur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qismən etiraf edərək izahatında göstərmişdir ki, İddiaçı ərizəsi əsasında 23 may 2023-cü tarixdə onun istifadəsində olan hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı iddiaçının elektrik sayğacının quraşdırıldığı gündən keçən yükü qeyd etmədiyi məlum olmuşdur. İş materillarından görünür ki, iddiaçının evinin elektrik sayğacı xx.xx.2023-cü il tarixdə dəyişdirilmiş, həmin sayğacda quraşdırıldığı tarixdən qüsur yaranmış, iddiaçı isə xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Halbuki mövcud qaydalarda istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. İddiaçı mübahisələndirdiyi akta əsasən hesablanmış məbləğdən 210,37 manat məbləğdə ödənişi icra etmişdir. Sonda cavabdeh iddianın ödənilmiş məbləğə münasibətdə iddianın rədd edilməsini xahiş etmiş, qalan hissədə iddianın təmin edilməsinə etirazı olmadığını bildirmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
7. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı: 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X1 Agentliyi həyata keçirir. 6.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X1 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X1 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir. 7.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun vəsaiti hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin və X1 Agentliyinin iştirakı ilə araşdırma aparılır və aktla sənədləşdirilir. Enerjitəchizatı müəssisəsinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə dövlət elektroenergetika müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı tələb etmək hüququna malikdir. 7.6-ci bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 8.16-ci bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 9.4-cü bəndinə əsasən istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir.
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunu: 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçının yaşadığı İmişli rayonunun Cəfərli kəndində yerləşən evində elektrik enerjisindən istifadə qaydaları yoxlanılarkən sayğacın quraşdırıldığı gündən keçən yükü qeyd etmədiyi aşkar olunduğundan enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən R301093 saylı 23 may 2023-cü il tarixli akt tərtib olunmuş və iddiaçıya əlavə enerji ödənişi hesablanmışdır.
11. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən elektrik sayğacı zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Elektrik sayğacının zədələnməsi ilə bağlı araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır.
12. Enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydalarına riayət edilməməsi ilə bağlı akt tərtib edilmiş, lakin iddiaçının iştirakı aktda qeyd edilsə də aktın doğruluğunun imza ilə təsdiq edilməsi hissəsində iddiaçının aktı imza etməməsinin səbəbləri qeyd edilməmiş, həmçinin yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmamışdır.
13. Həmçinin qeyd edilməlidir ki, iddiaçı öz öhdəliyini yerinə yetirərək elektrik sayğacındakı nasazlıqlar barədə enerjitəchizatı müəssisəsinə məlumat vermişdir. Lakin sayğacda nasazlığın yaranmasında iddiaçının təqsiri müəyyən edilmədən, istehlakçının razılığı olmadan elektrik enerjisi sərfinin hesabatı aparılmış və hesablanmış zərər iddiaçıdan tələb edilmişdir.
14. Belə ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır.
15. Mülki qanunvericiliyin müddəalarından aydın olur ki, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün törədilmiş əməl hüquqa zidd olmalı, əməl təqsirli olaraq törədilməli, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulmalı, zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Lakin qanunvericiliyin qeyd edilən normalarının tələbləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və iddiaçının baş vermiş hüquq pozuntusunda təqsiri müəyyən edilmədən iddiaçıdan vurulmuş zərər tələb edilmişdir.
16. İş materiallarına əlavə olunmuş abunə haqqında çıxarışdan görünür ki, cavabdeh tərəfindən R301093 saylı 23 may 2023-cü il tarixli akta əsasən xx.xx.2023-cü il tarixə vurulmuş zərər 605,41 manat hesablanmışdır.
17. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçı tərəfindən R301093 saylı 23 may 2023-cü il tarixli akta əsasən hesablanmış zərərdən 210,37 manat məbləğdə ödəniş edildiyi üçün müvafiq aktla razılaşmasını əsas gətirərək iddianın həmin hissədə rədd edilməsini xahiş etmiş, qalan hissədə iddianın təmin edilməsinə etirazı olmadığını bildirmiş, iddiaçı cavabdehin mövqeyinə etiraz etməmiş və qeyd olunan məbləğdə ödəniş etdiyini təsdiq etmişdir.
18. Məhkəmə qeyd olunan halla bağlı hesab edir ki, cavabdeh tərəfindən hesablanmış zərərin və onun iddiaçıdan tələb edilməsinin əsassız olmasına baxmayaraq, iddiaçı tərəfindən iddia tələbində göstərilən borcdan 210,37 manat məbləğdə ödəniş edildiyindən və hazırda iddia tələbində qeyd olunan məbləğdə borc mövcud olmadığından iddia tələbi həmin hissədə əsaslı hesab edilə və təmin edilə bilməz.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
20. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh tərəf tərtib olunan aktda əks olunan pozuntunun mövcudluğunu və həmin pozuntuda iddiaçının təqsirini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı aktın tərtibində iştirak etməmiş və tərtib edilmiş aktda iddiaçının imzası yoxdur, eyni zamanda akt cavabdeh tərəfin əməkdaşlarının iştirakı ilə birtərəfli qaydada tərtib olunmuşdur. Həmçinin iddiaçının razılığı olmadan elektrik enerjisi sərfinin hesabatı aparılmış və vurulmuş zərərin ödənilməsi iddiaçıdan tələb edilmişdir.
21. İşin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
22. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsini məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
23. Beləliklə, qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən hesablanmış zərərdən iddiaçının 210,37 manat məbləğdə ödəniş etməsi nəzərə alınmalı, cavabdeh tərəfindən tərtib edilmiş elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında R301093 saylı 23 may 2023-cü il taixli akt üzrə hesablanmış borcdan qalıq qalmış 395,04 manat silinməlidir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
25. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir
VI. Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. "xxxx" Аçıq Səhmdаr Cəmiyyəti tərəfindən tərtib edilmiş elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında R301093 saylı 23 may 2023-cü il tarixli akt üzrə hesablanmış borcdan 395,04 manat silinsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev.