Məhkəmə qərarları › İş №2(036)-1953/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1953/2024

20.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1953/2024 20.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, Cavandeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. İddiaçı İmişli rayonu, Qulubəyli kəndində yerləşən fərdi yaşayış evi üzrə **********00160 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Abonent saldosunun “sayğac oxunması” bölməsində iddiaçının sərf elektrik enerjisinin pul vahidi nisbətində dəyəri 2.701,46 manat, “aktlar” bölməsində 731,80 manat, “ödəmələr” bölməsində isitifadə etdiyi elektrik enerjisinə görə ödənişin 3.141,00 manat, “borc” bölməsində isə 292,26 manat olması əks olunmuşdur.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

2. İddiaçı "xxxx" ASC tərəfindən qanunsuz və 265.11 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yuxarıda qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Ailə üzvləri ilə birlikdə İmişli rayonu, Qulubəyli kəndində yerləşən evdə yaşayır. O, elektirik enerjisindən istifadə edir və hər ay sayğac göstəricisinə əsasən ödənişləri edir. xx.xx.2024-cü il tarixində Azərişıq ASC-nin işçisi aylıq ödəniş qəbzini ona təqdim edəndə görmüşdür ki, onun bir aylıq sərfıyatı 265.11 qəpik yazılıb. O, həmin zaman işıq idarəsinin işçisinə öz etirazını bildirərək ona demişdir ki, bu düzgün hesablama deyil, ya sayğac xarab olub ya sən sayğacın üzərini düzgün vurmamısan. O, isə cavabında ona bildirdi ki, mənlik heçnə yoxdur idarəyə müraciət et. Bundan sonra o, rəsmi olaraq xx.xx.2024-cü il tarixində ərizə ilə İmişli rayon İşıq idarəsinə müraciət etmişdir ki, onun aylıq sərfıyatı bu qədər ola bilməz bu məsələ aydınlaşdırılsın, oradan ona bildirdilər ki, narahat olma sizin ərizə 522 saylı nömrə ilə qeytiyata alındı və yaxın gündə gəlib məsələni aydınlaşdırcağıq. Lakin qeyd edir ki, onun müraciətindən xeyli müddət keçsədə işıq idarəsi heç bir tədbir görməmiş o, məcbur olub müəyyən yerlərə şikayət edəndən təxminən bir ay sonra gəlib sayğacı başqa köhnə sayğacla əvəz edib apardılar ki, guya laboratoriyada yoxlayıb sayğacda hər hansı nasazlıq olub-olmamasını aydınlaşdırcaqlar, lakin həmin vaxtdan xeyli vaxt keçsədə laboratoriya heç bir rəy vermir, həmçinin o, dəfələrlə gedib laboratoriyadan rəyi tələb etsə də onlar hər dəfə bir bəhanə gətirərək öz işlərinə məsuliyətiz yanaşırlar. Ona görədə ona məcbur olub pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etməli olmuşdur. Əlavə olaraq qeyd edir ki, o, işlətdiyi elektirik enerşisinə görə aylıq saldonu almış həmin saldoda həmin ay üçün işlətdiyi elektrik enerjsi 171 manat qeyd olunub, lakin həmin aya görə ona təqdim olunan aylıq sərfiyat barədə qəbzidə isə həmin məbləğ 265.11 manat qeyd olunub. Buradan da görünür ki, cavabdehin təqdim etdiyi sənədlər birbirinə ziddir. O, işıq idarəsində bu sənədlərin hər birində niyə fərqli borc yazılmasının səbəbini soruşmuş, oradan dedilər ki, bizdə bilmirik niye belədir. Hazırda işıq idarəsinin bu hərəkətləri bir istehlakçı kimi hüquqlarını pozur.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

1. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı "xxxx" ASC-nə qarşı ona hesablanmış 265,11 manat mələğində borcun silinməsi tələbi ilə İmişli rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, işlətdikləri enerjinin dəyərini vaxtında ödəyir. Onlara hesablanmış elektrik enerji borcu ilə razı deyildir. Bildiririk ki, iddia tələbi əsassız və qüvvədə olan qanunvericiliyin göstərişlərinə zidd olduğu üçün məhkəmə tərəfindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin işçisi aylıq ödəniş qəbzini təqdim edəndə bir aylıq sərfiyyatı 265,11 manat məbləğində yazıb. Həmin zaman "xxxx" ASC-nin işçisinə öz etirazını bildirərək demişdir ki, onun yaşayış evinə quraşdırılmış sayğac ya xarab olub, ya sayğacın üzəri düzgün oxunmamışdır Bu barədə onun tərəfindən cavabdeh müəssisəyə məlumat verilmiş, onlar da gəlib sayğacı dəyişmişlər. Belə ki, Cavabdeh ASC əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı, qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisndən istifadə Qaydaları”nın (bundan sonra, “EEİQ”) “X1 Qaydaları”na (bundan sonra “EQQQ”)ı tələblərinə uyğun olaraq iddiaçının obyektinə 17 yanvar 2017-ci ildə elektrik sayğacı ilə təmin olunmuş, iddiaçı ilə sərf etdiyi elektrik enerjisinin dəyərinin ödənilməsi sayğhcj göstəricisinə uyğun aparılmışdır. İddiaçı ödəniş və sərfiyyatı haqqında məlumatından görünür ki, yaranmış borc onun həmin dövrdə sərf etdiyi elektrik enerjisinin dəyəri sayğac göstəricisinə əsasən müəyyən olunmuşdur. Abunə haqqında məlumatdan görünür ki, iddiaçının sayğacının üstü xx.xx.2024-cü il tarixdə oxunmuş, bu zaman onun sayğacının üstü 32631 kvts olmuşdur, növbəti ayda yəni xx.xx.2024-cü il tarixdə oxunma zamanı sayğacın üst göstəricisi 34778 kvts olmuşdur ki, həmin aylıq göstərici 2147 kvts olmuşdur, (abunə haqqında məlumatı əlavə olunur). Lakin iddiaçı tərəf iddia ərizəsində irəli sürdüyü tələbi əsaslandıra bilməmişdir. Onun abunə haqqında ödəniş və sərfiyyatı məlumatından görünür ki, 265,11 manat məbləğində borc sərf etdiyi elektrik enerjisinə görə yaranmışdır. Bu bir daha onun qeyri-səmimi olduğunu göstərir. Həmçinin iddiaçının ərizəsi əsasında mübahisəli sayğac dəyişdirilmiş, çıxarılan, sayğaca rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Bu barədə 02 iyul 2024-cü il tarixli 794158 saylı sayğac sxemlərinin yoxlanması, quraşdırılması, və dəyişdirilməsi üzrə protokol tərtib edilmişdir, (protokol əlavə olunur). Qeyd olunduğu kimi iddiaçı bu barədə tam məlumatlı olmuş, lakin araşdırmada iştirak etməmişdir. Labaratoriya araşdırması zamanı tərtib olunmuş protokoldan görünür ki, sayğacda hər hansı qüsur aşkar olunmamış, yəni sayğac normal işçi vəziyyətində olmuşdur. Beləliklə, qeyd edilənlər İddiaçı iddia tələbinin əsassız olduğunu, buna görə də barəsində tərəfindən tərtib edilmiş müvafiq aktların və əsaslı olduğunu təsdiq etdiyindən həmin tələblərə etiraz edir və tələb məhkəmə tərəfindən təmin olunmamalıdır.

Məhkəmə iclasında verilən izahatlar:

2. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

3. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

4. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na əsasən

5. Bənd 7.1 Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır.

6. Bənd 7.3. Hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri “X1 qaydaları”na uyğun quraşdırılmalıdır.

7. Bənd 7.6 Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İşə baxan məhkəmənin mövqeyi:

8. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2024-cü il tarixə 265,11 manat məbləğində borc hesablanmışdır. İddiaçı bir aylıq sərfiyyatın çox olması və sayğacın düz işləməməsini əsas gətirərək cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən də sayğac dəyişdirilmişdir. Bundan sonra yenidən sərfiyyat əvvəlki səviyyədə olmuşdur.

10. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus abunə haqqında məlumatlardan görünür ki, 2023-cü ilin eyni dövrü yəni, iyul ayı üçün 35.72 (34,72+1) manat, 2024-cü ilin iyun ayı üçün 25,8 (24,48+1) manat hesablandığı halda, 2024-cü ilin iyul ayı üçün əhməiyyətli dərəcə çox yəni, 265,11 manat məbləğində borc sərfiyyay hesablanmışdır. Sayğac dəyişdirildikdn sonra sərfiyyat yenidən əvvəlki səviyyə qayıtmışdır. Bunda görə də məhkəmə hesab edir ki, 2024-cü ilin iyul ayı üçün sərfiyyat 2023-cü ilin eyni dövrü yəni, iyul ayı və 2024-cü ilin iyun ayı üçün olan sərfiyyata uyğun hesablanmalıdır. Hər iki dövr toplanaraq, ikiyə bölünərək, eyni dövr üçün ortalama sərfiyyat hesablanmalıdır. Yəni, 2024-cü ilin iyul ayı üçün sərfiyyat 30.6 manat ((35.72 + 25,8):2 =30.6) müəyyən edilməlidir.

11. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə Qaydalarının 7.6-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, 234,51 (265.11-30.6=234.51) manat məbləğində borc cavabdeh tərəfindən silinməlidir.

12. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddianın qismən təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini (iddia istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı olduğundan) nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, hesablanmış 30 manat (otuz manat) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

13. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı (abonent kodu: **********00160) hesablanmış 234,51 manat məbləğində borc silinsin. 30 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar