Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2107/2024 14.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, Cavandeh Azerişıq ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. İddiaçı İmişli rayonu, Qaraqaşlı kəndində yerləşən fərdi yaşayış evi üzrə **********00464 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Abonent saldosunun “sayğac oxunması” bölməsində iddiaçının sərf elektrik enerjisinin pul vahidi nisbətində dəyəri 1,649,13 manat, “aktlar” bölməsində 712,34 manat, “ödəmələr” bölməsində isitifadə etdiyi elektrik enerjisinə görə ödənişin 1726 manat, “borc” bölməsində isə 635,47 manat olması əks olunmuşdur.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
2. İddiaçı 17 aprel 2024-cü il tarixli AKT R 330138 nömrəli aktın etibarsız hesab edilməsi və 635.47 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yuxarıda qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. İmişli rayonu, Qaraqaşlı kəndində yerləşən evdə yaşayır. "xxxx" ASC-nin əməkdaşları ona bildirmişlər ki, işığa borcun var. O da "xxxx" ASC-nin idarəsinə gedib maraqlandıqda idarənin əməkdaşları ona 17 aprel 2024-cü il tarixli AKT R 330138 nömrəli aktın surətlərini vermişlər. Həmin aktlarda “sayğacdan kənar xətdən istifdə olunur” yazılıb və ziyan hesablanıb. Ondan həmin aktlara görə cəmi 635.47 manat borc tələb edilir. Həmin aktlar qanunsuz yazılıb. Belə ki, orada onun akt yazılmasında iştirakı, hal şahidlərinin iştirakı təmin olunmayıb. O, akt yazılmasında iştirak etməmişdir.
4. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 17 aprel 2024-cü il tarixli AKT R 330138 nömrəli akta əsasən hesablanmış 635.47 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
1. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı "xxxx" ASC-nə qarşı barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 330138 aktın etibarsız hesab edilməsi və həmin akt əsasında ona hesablanmış cərimənin silinməsi tələbi ilə İmişli rayon məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı xx.xx.2024-cü il tarixli, 330138 aktı mübahisələndirərkən artıq qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddia tələbi əsassız və qüvvədə olan qanunvericiliyin göstərişlərinə zidd olduğu üçün məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, Cavabdeh ASC əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”na və “X1 Qaydaları’’na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirərkən xx.xx.2024-ci il tarixində İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı həmin ünvanda sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etməsi faktı aşkar olunmuşdur. Bu isə “EEİQ-nm 8.17-ci, həmçinin “EQQQ-nın ı-v bəndlərinin iddiaçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə iddiaçı barəsində xx.xx.2024-cü il tarixli, 330138 saylı akt tərtib edilmiş və hesabat aşağıdakı qaydada aparılmışdır. 1) 23 01.2018-ci il tarixli, 330138 saylı akt üzrə; 5 kvtx 24 saat x 0,7 x 60 gün = 5040 kvts = 627,2 manat. Cəmi 627,2 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan ki 5040 kvts dəyərində itirilmiş elektrik enerjisinin dəyərini bərpa olunmuşdur. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. Qeyd olunduğu kimi, qüvvədə olan EEİQ-nın tələbinə görə, enerji təchizatı müəssisəsi onun hesabatını apararkən heç bir haldan asılı olmayaraq sutkanın 24 saatını və on iki aydan çox olmayan müddəti əsas götürə bilər. Bunun üçün yol verilmiş həmin pozuntu faktının aşkarlanmasının özü belə kifayət edir. Ona görə də aşkar edilmiş fakt üzrə yenidən hesablaşma aparılması qaydası tam qanunamüvafiqdir. Çünki, qüvvədə olan “EEİQ”-nın 8.17-ci bəndindən görünür ki, məişət abonenti (o cümlədən iddiaçı) tərəfindən həmin bənddə nəzərdə tutulmuş pozuntu hallarına yol verildikdə onu şəbəkədən açmaq elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən 24 saatı nəzərə alınmaqla buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə onunla yenidən hesablaşmaq enerji təchizatı müəssisəsinin hüququdur. İddiaçının mülki hüquq pozuntusuna yol verməsi faktı xx.xx.2024-cü il tarixli 330138 saylı aktlar ilə rəsmiləşdirilmişdir. Bu halda yenidən hesablaşma aparmaq enerji təchizatı müəssisəsinin nəinki hüququdur, hətta borcudur. Lakin iddiaçı tərəf iddia ərizəsində irəli sürdüyü tələbi və aktların qanunsuz tərtib edildiyini əsaslandıra bilməmiş, iddia ərizəsində göstərmişdir ki, guya onun həmin pozuntulardan xəbəri olmamış, aktlar onun xəbəri olmadan tərtib olunmuşdur. Əslində həmir vaxt iddiaçı nümayəndələrimizə birlikdə olmuş, həmin pozuntununun aşkar olunub sənədləşdirilməsini vizual olaraq izləmişdir. Bu bir daha onun qeyri-səmimi olduğunu göstərir. Məlumdur ki, enerji daşıyıcıları strateji təyinatlı məhsullardır və ondan düzgün istifadə edilməsi maraqları ilə bilavasitə bağlıdır. Beləliklə, qeyd edilənlər İddiaçı iddia tələbinin əsassız olduğunu, buna görə də barəsində tərəfindən tərtib edilmiş müvafiq aktların və əsaslı olduğunu təsdiq etdiyindən həmin tələblərə etiraz edir və tələb məhkəmə tərəfindən təmin olunmamalıdır.
Məhkəmə iclasında verilən izahatlar:
2. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
3. Cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
4. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na əsasən
5. Bənd 7.1 Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır.
6. Bənd 7.3. Hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri “X1 qaydaları”na uyğun quraşdırılmalıdır.
7. Bənd 7.6 Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İşə baxan məhkəmənin mövqeyi:
8. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan elektrik sayğacı evdən kənarda quraşdırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, iddiaçının mənzilini elektrik enerjisi ilə təmin edilməsi üçün quraşdırılan elektrik sayğacı onun məsuliyyəti həddindən kənarda, yəni ümumi istifadədə olan küçədə, bununla da sayğacda aşkar edilmiş qüsura görə iddiaçı məsuliyyət daşımadığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə Qaydalarının 7.11-ci bəndinə əsasən Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur.
10. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə Qaydalarının 7.6-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, 627,2 manat məbləğində borc cavabdeh tərəfindən silinməlidir.
11. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddianın qismən təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini (iddia istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı olduğundan) nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, hesablanmış 30 manat (qırx doqquz manat, yetmiş beş qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.
12. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı (abonent kodu: **********00464) hesablanmış 627,2 ( altı yüz iyirmi yeddi manat iki qəpik) manat məbləğində borc silinsin. 30 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Orxan Mahmud