Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2308/2020 21.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əlizadə Qənimət Tərlan oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Aranlı kəndində yaşayır və həyətyanı kənd təsərrüfatı ilə məşğul olur. Cavabdeh onun həm qardaşının oğlu, həm də qonşusudur. İmişli rayonu, Aranlı kəndində torpaq islahatı aparılan zamanİmişli Rayon Aqrar İslahat Komissiyasının 13 saylı, xx xxxxxx 1997-ci il tarixli qərarı ilə 0.16 ha.həyətyanı torpaq sahəsi onların, yəni ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Mübahisə predmeti olan həmin torpaq sahəsinə dair xx xxxxxx 2000-ci il tarixdə JN-372A Kod 90700118 saylı“Torpağın mülkiyyətə verilməsinə dair”Şəhadətnamə verlmişdir. Ailə üzvlərinin ümumi razılığı əsasında həmin torpaq sahəsinin istifadəsi ona həvalə edilmişdir. O, mübahisə predmeti olan həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edərək, 1991-ci il tarixdən etibarən bu günədək ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Cavabdeh təxminən 1 (bir) ildir ki, öz həyətyanı torpaq sahəsi ilə onun həyətyanı torpaq sahəsi arasında hasar inşa etmişdir. Daha sonra isə, Cavabdeh öz həyətyanı torpaq sahəsində onun evinə yaxın hissədə mal tövləsi inşa etmiş və həmin tövlədə onun həyətinə baxan hissədə pəncərə qoymuşdur. Cavabdeh həmin tövlədə iri və xırdabuynuzlu heyvan saxlayır. Həmin tövlədən onun həyətinə xoşagəlməz iy, qoxu gəlir. O və onun ailə üzvləri Cavabdeh tövləsindən gələn həmin xoşagəlməz qoxuya görə narahat olur. O, Cavabdeh həmin mal tövləsinin sökülməsini tələb etmiş, lakin müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Məhz bu səbəbdən də, o, Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh İmişli rayonu, Aranlı kəndində yerləşən həyətyanı torpaq sahəsində inşa etdiyi mal tövləsinin sökülməsi və onun normal yaşamasına mane olan qanunazidd hərəkətlərinə son qoyulması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, ailəsi birlikdə İmişli rayonu, Aranlı kəndində yaşayır və həyətyanı kənd təsərrüfatı ilə məşğul olur. İddiaçı onun həm əmisi, həm də qonşusudur. İmişli rayonu, Aranlı kəndində torpaq islahatı aparılan zamanİmişli Rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə həyətyanı torpaq sahəsi ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Ailə üzvlərinin ümumi razılığı əsasında həyətyanı torpaq sahəsinin istifadəsi ona həvalə edilmişdir. O, mübahisə predmeti olan həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edərək, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Eyni zamanda bildirir ki, İddiaçı dedikləri heç də həqiqətə uyğun deyildir. Belə ki, o, öz həyətyanı torpaq sahəsi ilə İddiaçı həyətyanı torpaq sahəsi arasında hasar inşa etmişdir. Daha sonra, həyətyanı torpaq sahəsində mal-qaranın saxlanması üçün tövlə inşa etmişdir. O, inşa etdiyi həmin tövlədə iri və xırdabuynuzlu heyvan saxlayır. Onu da qeyd edir ki, kənddə yaşayan hər kəs öz həyətində mal tövləsi inşa edərək, orada mal-qara saxlayır. Kənd yerində mal-qara saxlandığı zaman heyvanın iyinin, qoxusunun gəlməsi təbiidir. Lakin onun mal-qarasının saxlandığı tövlədən kəskin heyvan iyi, qoxusu gəlmir. Belə ki, o və onun ailə üzvləri mütəmadi olaraq, həmin tövləni təmizləyir və vaxtıvaxtında heyvanların təmizliyinə nəzarət edirlər. Hamıya məlumdur ki, mal-qaranın saxlandığı tövlədən heyvan qoxusunun qarşısını almaq qeyri-mümkündür. Hesab edir ki, İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbi şər və böhtan xarakterlidir. Eyni zamanda bildirir ki, İddiaçı məhz qərəzli olaraq, ona qarşı “qanunsuz tikilinin sökülməsi və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia irəli sürmüşdür. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “qanunsuz tikilinin sökülməsi və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş JN-372A Kod 90700118 saylı, xx xxxxxx 2000-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının 13 saylı, xx xxxxxx 1997ci il tarixli qərarıilə İmişli rayonu, Aranlı kəndində yerləşən 0.16 ha. həyətyanı torpaq sahəsi Ələkbərov Füzuli Söyüdmalı oğlunun, X1, X3, Ələkbərov Söyüdmalı Füzuli oğlunun və X4 mülkiyyətinə verilmiş və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon Şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” xx xxxxxx 2000-ci il tarixdə 367 № ilə Dövlət Torpaq Kadastrı kitabında uçota alınmışdır. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının 13 saylı, xx xxxxxx 1997-ci il tarixli qərarı ilə İmişli rayonu, Aranlı kəndində yerləşən 0.16 ha. həyətyanı torpaq sahəsi Ələkbərov Füzuli Söyüdmalı oğlunun, X1, X3, Ələkbərov Söyüdmalı Füzuli oğlunun və X4 mülkiyyətinə verilmiş və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon Şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” Dövlət Torpaq Kadastrı kitabında xx xxxxxx 2000-ci il tarixdə 367 № ilə uçota alınmışdır. Bundan başqa, İddiaçı ilə Cavabdeh bir-birinin qonşusu olması, Cavabdeh yaşadığı İmişli rayonu, Aranlı kəndində yerləşən həyətyanı torpaq sahəsində mal tövləsinin inşa etməsi və həmin mal tövləsindən heyvan qoxusunun gəlməsi faktları məhkəmə iclasında tərəflərin izahatı ilə də öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və qanunazidd hərəkətlərə son qoyulması” tələbini irəli sürməkdə subyektiv hüquqa malik olub-olmaması və 2. Cavabdeh həyətyanı torpaq sahəsində inşa etdiyi mal tövləsindəki qoxunun təsirinin İddiaçı Söyödmalı oğlunun özünün həyətyanı torpaq sahəsindən və ya digər daşınmaz əmlakından istifadə etməsinə mane yaradıb-yaratmaması və ya hüququnu əhəmiyyətli dərəcədə pozub-pozmaması kimi hallar mülki işin “mübahisəli faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “əmlak və əşya hüquqları”dır. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsindən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülkiyyət hüququn məhdudlaşdırılması” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.4-cü maddəsinə əsasən qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bundan başqa, məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığı üçün iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, daha doğrusu, Cavabdeh həyətyanı torpaq sahəsində inşa etdiyi mal tövləsindəki qoxunun təsirinin onun həyətyanı torpaq sahəsindən və ya digər daşınmaz əmlakından istifadə etməsinə mane yaratması və ya hüququnun əhəmiyyətli dərəcədə pozması faktını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Bununla yanaşı, məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbinə qarşı etirazın əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmişdir. Belə ki, Cavabdeh izahatında istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. X8 Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. X8 Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada “mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına” əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. İddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını tam şəkildə məhkəməyə bildirməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun iddiası elə həmin səbəbdən rədd edilməlidir. Bu halda hakim öz təşəbbüsü ilə iddianı əsaslandıran faktları araşdıra və sübutlar tələb edə bilməz. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisinin “qonşu təsirinə dözmək vəzifəsi” tənzimləndiyi, eləcə də, Cavabdeh həyətyanı torpaq sahəsində inşa etdiyi mal tövləsindəki qoxunun təsiri İddiaçı həyətyanı torpaq sahəsindən və ya digər daşınmaz əmlakından istifadə etməsinə mane yaratmadığı və ya hüququnu əhəmiyyətsiz dərəcədə pozduğu (...bu hallar məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır...), hətta təsirin əhəmiyyətli olduğu halda, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçinin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi üçün İddiaçı həmin qoxunun təsirini qadağan etmək məqsədi ilə Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2008-ci il tarixli qərarına qeyd edilmişdir ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ; 3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Bununla yanaşı məhkəmə qeyd edir ki, əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması və cavabdehin bu pozuntunun edib-etməməsi məsələləri araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Ümumiyyətlə, məhkəmə İddiaçı heç bir hüquqi əsas olmadan Cavabdeh həyətyanı torpaq sahəsində inşa etdiyi mal tövləsinin sökülməsi və qanunazidd hərəkətlərə son qoyulmasını tələbini hüququndan sui-istifadə kimi qiymətləndirir. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, 1. İddiaçı mal tövləsindəki qoxunun təsirini qadağan etmək məqsədi ilə Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik olmadığı; 2. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bilmədiyi, daha doğrusu, Cavabdeh həyətyanı torpaq sahəsində inşa etdiyi mal tövləsindəki qoxunun təsirinin onun həyətyanı torpaq sahəsindən və ya digər daşınmaz əmlakından istifadə etməsinə mane yaratması və ya hüququnun əhəmiyyətli dərəcədə pozması faktını sübut edə bilmədiyi, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi və bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı, eləcə də, cavabdeh tərəf etirazının əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki halını əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanan sübutlar təqdim etdiyi üçün İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X2 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-2308/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2308/2020
21.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver